Azərbaycan Avropa Oyunlarının standartlarını yaratdı - TƏHLİL

Azərbaycan Avropa Oyunlarının standartlarını yaratdı - TƏHLİL

30 ay kifayət etdi ki, "köhnə qitə"ni heyrətləndirək

Olimpiya halqalarının birləşdirdiyi beynəlxalq idman yarışları təkcə, Olimpiya Oyunları ilə əhatə olunmur. Qitələrin özləri də Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında idman oyunları təşkil edərək, atletləri bir araya gətirməyə çalışırlar. Afrika, Asiya və Amerika qitədaxili idman oyunlarını keçirməklə Olimpiya Hərəkatına öz töhfələrini veriblər. Digər qitələrə nisbətən daha yaşlı olan Avropada isə bu oyunlar sonradan keçirilməyə başlayıb. 2012-ci ildə qitənin ali qurumu - Avropa Olimpiya Komitələri (AOK) qərara aldı ki, Avropa idmançıları üçün də ayrıca bir yarış keçirilsin. Beləliklə, tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi ideyası yarandı. Bu ideya layihə olaraq həyata keçiriləndə Bakı da Avropa Oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürmüşdü. Beynəlxalq qurumlar tərəfindən ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilməsi, idmanın və Olimpiya Hərəkatının sürətli inkişafının nəticəsi idi.

 

Avropa Oyunları haqqında danışılanda hər zaman Azərbaycan xatırlanır

Antik və müasir Olimpiya Oyunlarının vətəni Yunanıstan olduğu kimi, ilk Avropa Oyunlarının da vətəni məhz Odlar Yurdu Azərbaycan oldu. Belə ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələrinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 Milli Olimpiya Komitəsindən 48-nin iştirakı ilə keçirilən gizli səsvermədə 48 səsdən 38 səs toplayan Bakı Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu qazanıb.

Qərar qəbul edildikdən sonra ölkəmizdə dövlət səviyyəsində hazırlıqlara start verilib. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə Bakı-2015 Avropa Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinə rəhbərlik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilib. Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılan Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK-la birgə bu Oyunların təşkilini uğurla həyata keçirib.

2015-ci ildə iyunun 12-28-də Bakıda keçirilən I Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib və bir sıra mühüm məqamlarla yadda qalıb. AOK-un o vaxtkı prezidenti Patrik Hikki yarışların yüksək səviyyədə təşkilindən məmnun qaldığını belə ifadə edib: “Bir çox ev sahibi olan şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi”. Avropa Oyunları 2015-ci ilin ən möhtəşəm tədbirlərindən biri kimi tarixdə yer alıb. Bu Oyunlar həm də Azərbaycanın qitə ölkələri ilə iqtisadi-siyasi və idman sahəsində əməkdaşlığının güclənməsinə, turizmin inkişafına əlverişli zəmin yaradıb.

Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ilk dəfə paytaxtımızda təşkil olunan I Avropa Oyunlarının standartları müəyyənləşdirilib. Olimpiya Oyunları formatında keçirilən Bakı-2015-də dünyanın 50 Avropa ölkəsindən 6 minə qədər idmançı 17 gün ərzində gərgin mübarizə aparıb. Proqrama daxil edilən 20 idman növündən 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növü idi. 12 Olimpiya idman növündə keçirilən yarışlar Rio-2016 Olimpiadasına lisenziya xarakteri daşıyıb. Azərbaycan komandası I Avropa Oyunlarına uğurlu ev sahibliyi etməklə yanaşı, həm də gözəl nəticə əldə edib. İdmançılarımız yarışları ikinci yerdə başa vurmaqla, ümumilikdə, 56 medal (21 qızıl, 15 gümüş və 20 bürünc) medal qazanıblar. Komandamız bu nəticə ilə yalnız Rusiya yığmasından geri qalıb. Şimal qonşularımız ümumilikdə 164 (79 qızıl, 40 gümüş və 45 bürünc) medal qazanaraq, siyahıda birinci yerdə qərarlaşıb. Böyük Britaniya yığması isə 47 (18 qızıl, 10 gümüş və 19 bürünc) medalla 3-cü olub.

 

Bakıdan sonra oyunlara ev sahibliyi etmək daha böyük məsuliyyət tələb edirdi

II Avropa Oyunları isə 2019-cu il iyunun ayının 21-30-da Belarusun paytaxtı Minskdə keçirilib. İkinci Avropa Oyunlarının əvvəlcə Niderlandda keçirilməsi planlaşdırılıb. Hətta yarışların Amsterdam, Haaqa, Eyndhoven, Rotterdam və Utrext şəhərlərində təşkili barədə razılıq əldə olunub. Lakin Niderlandın ev sahibliyindən imtina etməsindən sonra Belarus (Minsk), Böyük Britaniya (Qlazqo), Polşa (Poznan) və Rusiya (Kazan və Soçi) mübarizəyə qoşulub. Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi ilə bağlı qərar AOK-un 2016-cı il oktyabrın 21-də Belarusda keçirilən 45-ci Baş Assambleyasında qəbul edilib. 50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Minsk-2019 Avropa Oyunlarının keçirilmə vaxtı AOK-un Skopye şəhərində keçirilən 38-ci seminarında təsdiqlənib. Belarusun baş naziri Andrey Kobyakov Minsk-2019-un Təşkilat Komitəsinin sədri seçilib və II Avropa Oyunlarında dünyanın 50 ölkəsindən 4000-dən artıq idmançı 200 dəst medal uğrunda yarışıb. Badminton, boks, cüdo, kayak və kanoe qayıqlarında avarçəkmə yarışları Avropa çempionatı səviyyəsində keçirilib. Oyunların proqramına 15 idman növü daxil edilib ki, onun 8-i Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verib. Bu da Bakı-2015 Avropa Oyunları ilə müqayisədə azdır. Belə ki, I Avropa Oyunlarının proqramında nümayiş etdirilən 20 idman növündən 12-si olimpiadaya təsnifat xarakteri daşıyıb.

II Avropa Oyunlarının açılış və bağlanış mərasimləri Minsk şəhərindəki “Dinamo” stadionunda keçirilib. II Avropa Oyunlarında 82 atletlə təmsil olunan Azərbaycan komandası yarışları 5 qızıl, 10 gümüş və 13 bürünc medalla başa vurub. Komandamız 28 medalla 50 ölkə arasında onuncu yeri tutub. Bakıda olduğu kimi, Minskdə də Rusiya komandası medal sayına görə birinci yerdə qərarlaşıb. Rusiyalılar yarışları 109 (44 qızıl, 23 gümüş, 42 bürünc) medalla başa vurublar. Ev sahibi olan Belarus millisi 69 (24 qızıl, 16 gümüş, 29 bürünc) medalla ikinci, Ukrayna isə 51 (16 qızıl, 17 gümüş, 18 bürünc) medalla üçüncü yerə sahib çıxıb.

 

Oyunların miqyası qərbə doğru genişləndi

I Avropa Oyunları zamanı Böyük Britaniyanın Mançester şəhəri 2023-cü ildə bu Oyunlara ev sahibliyi etmək arzusunda olduğunu dilə gətirmişdi. 2018-ci ilin may ayında Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ildəki Oyunlar üçün qitə MOK-larına namizədlik təklifi göndərib. 2019-cu ilin yanvarında Polşanın Katovitse şəhərinin meri Marçin Krupa şəhərin Oyunlara ev sahibliyi etmək arzusunda olduğunu bildirib.

Lakin həmin ilin may ayında Polşa Olimpiya Komitəsi 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi səbəbindən Katovitsenin namizədliyini geri götürüb. Polşalılar əvəzində Krakov şəhərini Oyunlar üçün namizəd şəhər kimi təklif ediblər. Bu təklif 2019-cu il may ayının 31-də AOK tərəfindən rəsmi olaraq qəbul edilib. Polşa Krakovla yanaşı, Malopolska əyalətini də Oyunlara namizəd kimi göstərib. Beləliklə, Minsk-2019-un bağlanış mərasimində 2023-cü ildə üçüncü Avropa Oyunlarının Polşanın Krakov və Malopolska əyalətində keçiriləcəyi elan edilib. 2023-cü il iyunun 21-dən iyulun 2-dək keçirilən oyunlar Polşanın 8 şəhərində təşkil olunub. Bakı-2015 və Minsk-2019-dan fərqli olaraq, bu oyunlarda 50 deyil, 48 ölkə iştirak edib. Belə ki, hər iki Avropa Oyunlarının qalibi olan Rusiya və Minsk-2019-a ev sahibliyi edən Belarus idmançıları siyasi səbəblərə görə Polşadakı yarışdan kənarda qalıb.

48 ölkədən 7 minə yaxın idmançının mübarizə apardığı III Avropa Oyunlarında atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışıblar. Oyunlarda idmanın 14 (atletika da daxil) növü üzrə 101 idmançı ilə təmsil olunan Azərbaycan komandası 11 (3 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanaraq, 24-cü yerdə qərarlaşıb.

Birinci yeri isə 100 (35 qızıl, 26 gümüş, 39 bürünc) medalla İtaliya komandası tutub. İspaniya 57 (21 qızıl, 17 gümüş, 19 bürünc) medalla ikinci, Ukrayna isə 41 (21 qızıl, 12 gümüş, 8 bürünc) medalla üçüncü olub.

 

Avropa idmançıları bu dəfə iki qitə ayrıcında toplaşacaqlar

Bakıdan başlayan estafetin növbə ilə digər şəhərlərə ötürülmə nizamı Krakovdan sonra sual altında idi. III Avropa Oyunları başa çatdıqdan sonra qitənin bir çox ölkələrinin adları çəkilsə də, onlardan heç biri həqiqəti əks etdirmirdi. AOK bu işdə irəli atılacaq ölkənin axtarışına çıxmışdı. Nəhayət ki, ev sahibi olacaq şəhərin adı son Oyunların keçirildiyi vaxtdan bir il sonra açıqlandı. Bu məsuliyyəti öz üzərinə Türkiyə götürdü. Qərara alınıb ki, IV Avropa Oyunları 2027-ci ildə qitənin ən böyük şəhərlərindən biri İstanbulda keçirilsin. Bu, Olimpiya bayrağı altında Türkiyədə keçiriləcək ən böyük tarixi idman tədbiri hesab olunacaq. Avropa ilə Asiyanın kəsişdiyi İstanbul buna qədər 5 dəfə müxtəlif illərdə Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə də, istəyinə nail ola bilməyib. Amma Türkiyə ölkə olaraq bir sıra mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Həmin tədbirlər İstanbulla yanaşı, ölkənin ayrı-ayrı şəhərlərində təşkil edilib. Belə ki, indiyədək İstanbulda UEFA Çempionlar Liqasının finalı (2004/2005, 2022/2023), Formula 1 üzrə Türkiyə Qran-pri yarışları, I Qaradəniz Oyunları (2007), Trabzon-2011 Avropa Gənclər XI Yay Olimpiya Festivalı və başqa yarışlar keçirilib. Qeyd edək ki, Trabzondakı tədbir miqyasına görə digər yarışlardan daha üstün hesab olunurdu. Belə ki, bu festivalda dünyanın 49 ölkəsindən 4 minə yaxın idmançı atletika, basketbol, velosiped idmanı, gimnastika, həndbol, cüdo, tennis, voleybol və üzgüçülük üzrə yarışlarda iştirak edib. Festivalda 35 yeniyetmə idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası 3 medala (1 qızıl, 2 gümüş) sahib çıxıb. Komandamız bu nəticə ilə 49 ölkə arasında 23-cü yeri tutub.

Bu təcrübələrin nəticəsində Türkiyə 11 il sonra daha mötəbər idman tədbirinə - V İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Əslində İslam ölkələrini bir araya toplayan idman tədbiri 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il sonra təşkil edilib. Avqustun 9-18-də keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. İslamiadada 281 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc olub.

Konya-2021-in təşkilatçılığını yüksək səviyyədə təşkil edən Türkiyəni qarşıdan IV Avropa Oyunlarına hazırlıq mərhələsi gözləyir. Amma Bakı 2015-də Azərbaycanın Oyunlarda tətbiq etdiyi standartlar İstanbuldan da yan keçməyəcək. Oyunları Bakıdakı kimi yüksək səviyyədə təşkil etməyə çalışacaqlar. Lakin dünyanın aparıcı idmançıları, mütəxsəssisləri, media nümayəndələri Bakı-2015-in analoqsuz olduğun vurğulayırlar.

Anar Əhmədov,

Azər Əlizadə