Jurnalistlərə mənzillərinin sənəd və açarları təqdim edildi

Jurnalistlərə mənzillərinin sənəd və açarları təqdim edildi

Dekabrın 24-də Səbayıl rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yeni yaşayış binasından mənzil alan media işçilərinə evlərin sənədlərinin və açarlarının təqdim olunması, eləcə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Azərbaycan dövlət himninin səsələndirilməsi ilə başlayan tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mediaya dövlət qayğısına toxunaraq bildirib ki, jurnalistlər üçün inşa olunmuş binanın açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə iyulun 22-də Milli Mətbuatın yaranmasının 138-ci ildönümündə baş tutub. "Bu gün də bizim üçün yadda qalan əlamətdar bir gündür. Cari ildə açılışını etdiyimiz binadakı mənzillərin sənədləri sahiblərinə təqdim edilir. Bu, bir daha Azərbaycan dövlətinin, Prezident cənab İlham Əliyevin media nümayəndələrinə böyük diqqət və qayğısının real təzahürüdür. Elə bu qayğıdan irəli gəlir ki, cari ilin iyulun 22-də Azərbaycan Prezidenti jurnalistlər üçün inşa olunmuş binanın açılışını etməklə yanaşı, həm də daha bir binanın təməlini qoydu. İnşası 2015-ci ildə başa çatacaq bu yeni binada daha 255 jurnalist mənzil sahibi olacaq.
Onu da qeyd edim ki, bu il Milli Mətbuat Günündə açılışı olmuş binanın ötən müddət ərzində müvafiq sənədləşmə məsələləri həll edilib. Bu binadakı mənzillərin sənəd və açarlarının sahiblərinə verilməsi ilə yanaşı, bu tədbirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə də diplomlar təqdim olunur”, - deyə icraçı direktor əlavə edib.
Bundan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlər üçün inşa edilmiş binadan ev alan media nümayəndələrinə mənzillərin açarlarını və sənədləri təqdim edib. Ev alan jurnalistlərin adından çıxış edən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə böyük qayğısından, media nümayəndələri üçün hər bir şəraitin yaradılmasına xüsusi həssaslıqla yanaşdığından söz açıb: "Bu mənada, mən media nümayəndələri adından ölkə başçısına minnətdarlığımı bildirirəm. Cənab Prezident İlham Əliyev tərəfindən KİV əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və onların mövcud ev probleminin aradan qaldırılması üçün imzaladığı yeni sərəncam isə, hesab edirəm ki, jurnalistlərin xüsusi sevincinə səbəb oldu”. O, KİVDF-nin fəaliyyətinə toxunaraq bildirib ki, bu qurumun yarandığı vaxtdan indiyə kimi fəaliyyəti, fondun uğurlu bir dövlət qurumu olduğunu sübuta yetirib: "KİVDF-nin nə qədər əhəmiyyətli bir qurum olduğunu onun yarandığı vaxtdan indiyə qədər ötən zaman sübuta yetirdi”.
Tədbir çərçivəsində, media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal rolu olan şəxslərə KİVDF tərəfindən xüsusi diplomlar təqdim olunub. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova xüsusi diplomlar verilib. Eləcə də, media nümayəndələrinin mədəni-kütləvi tədbirlərinin təşkilindəki fəal roluna görə, "Xəmsə” istirahət mərkəzinin direktoru Mürvət Həsənli diploma layiq görülüb.
Jurnalistlərin mükafatlandırılması mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin mühüm əhəmiyyət kəsb etməsindən danışıb: "2014-cü ili gözəl bir hadisə ilə qarşılayırıq. Media sahəsində xidmətləri olan jurnalistlərin evlərinin sənəd və açarlarını almasına şahidlik etdik. Geridə qoyduğumuz 2013-cü il isə Azərbaycan dövlətinin və jurnalistikanın inkişafı ilə yadda qaldı. Bu il Azərbaycan üçün uğurlu il oldu.
Azərbaycan dövləti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ciddi bir sosial siyasət yürüdür. Bu sosial siyasətin tərkib hissəsi, eyni zamanda, Azərbaycan cəmiyyətini yönəldən, cəmiyyətdə insanları informasiya ilə təmin edən, cəmiyyətin milli-mənəvi dəyərlərinin keşiyində duran media işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bu ilin ən mühüm hadisələrindən biri də ölkəmizdə keçirilən prezident seçkiləri olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalq qarşısında 10 illik prezidentlik dövrünün hesabatını verib və gələcək inkişafla bağlı irəli sürdüyü seçkiqabağı platforması və bu sahədəki digər fəaliyyətinə görə Azərbaycan xalqı tərəfindən yekdilliklə yenidən - üçüncü müddət üçün Azərbaycan Respublikasının Prezidenti seçilib. Bütün bunları qısa formada ümumiləşdirərək qeyd etmək olar ki, biz, sözün həqiqi mənasında, uğurlu bir ili yola salırıq və ciddi müvəffəqiyyətlər, uğurlar vəd edən yeni bir ili qarşılamağa hazırlaşırıq. 2014-cü ildə bizi mühüm hadisələr, inkişaf gözləyir”.
Tədbir 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə davam edib. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub: "Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb”.
Müsabiqənin şərtlərinə uğun olaraq qaliblərin hər birinə diplom və 1000 manat pul mükafatı verilib. Həvəsləndirici yerlərin sahibləri isə təşəkkürnamə ilə yanaşı, 300 manat məbləğində pulla mükafatlandırılıblar.
Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsi tanınmış müğənnilərin ifası ilə davam etdi.