Vətən ülvi sevgiyə layiq müqəddəs məkandır

Vətən ülvi sevgiyə layiq müqəddəs məkandır

Vətən - bir millətin əsrlər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin birləşdiyi məkandır. Bu məkan ana qucağı kimi isti, ata qoynu kimi etibarlıdır. Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Bu, xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Elimiz, obamız bu torpaqlardadır. Əcdadlarımız bu torpaqlarda uyuyur. Onlar bu torpaqlarda yaşayıb, onu qoruyub, onun uğrunda vuruşublar. Ata-babalarımız bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəliblər.
Vətəni sevmək böyük bir əxlaqi keyfiyyətdir. "Vətəni sevmək Allaha imandandır”, - deyilib. Bu ifadədə vətən sevgisinin əhəmiyyəti ön plana çəkilib. Qəlbində imanı olan hər bir kəsin xalqına və vətəninə də sevgisi şübhəsizdir. Həzrəti Peyğəmbərimiz (s.ə.s) hədislərin birində belə buyurub: "Sərhəd boyunca vətəni qoruyan gözləri cəhənnəm atəşi yandırmayacaqdır. Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır”
İnsan mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən biri, bəlkə də birincisi xalq və vətən sevgisidir. İnsanı ucaldan onun dəyərini artıran vətən sevgisidir.
Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. Vətən, yurd sevgisi təkcə insanlara məxsus deyil, bütün canlılarda bu hiss var. Heyvanlar, quşlar özlərinə yuva qurur, onu qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə xeyli yol qət edib geriyə - vətənlərinə dönürlər.

Atributlarımız bizim üçün müqəddəsdir

Xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaqla ölçülmür. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Xalq - müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir. Onlar vətən qarşısında eyni məsuliyyəti daşıyırlar.
Vətənin atributları cəmiyyətin hər bir üzvü üçün müqəddəs, əziz olmalıdır. Atributları göz bəbəyi kimi qorunmalıdır.
Bayrağımız - xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində yaşadığımız uca dəyərimizdir. Bayraq olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür. Azərbaycanın dilbər guşəsi Qarabağ uğrunda başlanan meydan hərəkatının ilk günlərindən üçrəngli bayrağımız Azadlıq meydanında özünə əbədi məskən saldı. Milyonlarla vətən övladı məhz bu bayrağın altında Azərbaycanın bütövlüyü uğrunda 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımız Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərar verdi. Konstitusiyamızda yazıldığı kimi, dövlət bayrağımız bərabər enli üç zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.
Üçrəngli bayrağımız qəhrəman babalarımızın qoyub getdiyi və bizə etibar etdiyi ən böyük, ən qiymətli yadigardır. Bayrağımızın erməni işğalı altında inləyən doğma Qarabağda, Xankəndində dalğalanacağı anı hamımız səbirsizliklə gözləyirik. Gündən-günə qüdrətini artıran ordumuz bu arzunu gec-tez reallaşdıracaq.
Vətən gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizdə qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Tarixən bizim heç kimin torpağında gözümüz olmayıb. Başqaları da dünyanın sülhsevər xalqının - Azərbaycan xalqının torpaqlarına göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir sipər kimi vətənimizin müdafiəsinə qalxacaq.
Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylasıdır. Himnimiz xalqımızın güc və qüdrət nərəsidir. Buna görə də himn oxunarkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Himnimizin hər bir misrası, hər bir kəlməsi qəhrəman ata - babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.


Biz bu gözəl yurdu bütün qəlbimizlə sevirik

Vətən bizim yaşadığımız kənddən, şəhərdən qəsəbədən başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlas çəmənlərdən,dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, çoşqun çaylardan, mavi göllərdən başlanır. Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
Əgər öz yaşadığın yerin,oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, artırmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən. Vətən kəlməsi mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz ana dedikdə vətəni,vətən dedikdə anamızı düşünürük. Çünki vətən bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi isə vətən müqəddəsliyi, vətən ucalığıdır.
Bizim vətənimiz Azərbaycandır. Biz bu gözəl yurdu bütün qəlbimizlə sevirik, bütün varlığımızla bu füsunkar diyara bağlıyıq. Vətənimiz gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Hər birimiz vətənimizin laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun çaylarını, füruzə qaşlı üzüyə bənzər çiçəkləri, saf sulu bulaqlarını canımızdan artıq sevirik. Yaşıl meşələr, mavi səma, ağ çalmalı dağlar, dərələrdən axan şəffaf çaylar yurdumun füsunkarlığını daha da artırır.
Azərbaycanın, Odlar diyarının gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazıb, bəstəkarlarımız musiqi bəstələyib, yazıçılarımız öz əsərlərində vətən gözəlliyini dolğun vəsf ediblər.


Sevgilərimizin əvvəli də, sonu da vətənlə bağlıdır

Vətən sevgisi əzəli və əbədi bir qəlb odudur. O, heç vaxt sönmür, şöləsini itirmir. Elə buna görədir ki, insan bu sevgiyə köklənəndə sanki dünyanın bütün gücü onun qoluna toplanır, göyün bütün işığı və nuru onun qəlbində cəmlənir. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Sonsuz əngəlliklərə, doğma torpağa dikilmiş məhəbbətli gözlər, hələ beşikdə çırpınan körpələrimizin qəlbi bu nəğməni zümzümə edir. Vətən nəğməsi igidlərimizin nərəsi kimi də oxunur. Hər birimizin qəlbində doğma yurda həsr olunmuş nəğmə var. Bu nəğmənin hər kəlməsi Vətəndir,hər notu,hər səsi Vətən sevgisi ilə yoğrulmuş əzəli və əbədi bir musiqidir. Azərbaycan gəncliyinin müqəddəs borcu Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sahib çıxmaq, onu qorumaqdır.Xüsusən indiki vaxtda. Ərazisinin 20 faizi düşmən əsarəti altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir. Gənc nəsl bütün qanı ilə, canı ilə onu qorumağa hazır olmalıdır. Gənclər müstəqil Azərbaycan ordusunda xidmət etməklə, iqtisadiyyat, mədəniyyət, tibb və başqa sahələrdə çalışmaqla vətən borcunu verməlidir. Şübhəsiz ki,bu məsuliyyət təkcə gənc nəslə aid deyil. Vətəni qorumaq, inkişaf etdirmək və çiçəkləndirmək hər birimizin şərəf işi, vətəndaşlıq borcudur.
Vətən sevgisi nədir, onu necə başa düşmək lazımdır? İlk baxışdan mücərrəd görünən bu anlayış, əslində, konkret əməllərdə təzahür edir. Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də Vətən üçün yaşamalı, öz əməli ilə Vətənin şöhrətini artırmalıdır. Bunun üçün ürəkdə təpər, istək, təəssübkeşliyin olması kifayətdir. Əsgər döyüş meydanlarında vuruşur,Vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə ölkənin iqtisadi qüdrəti artır. Alimin əməyi Vətən üçün Günəş işığı qədər dəyərlidir.
Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla,Vətənlə bağlıdır.Vətən borcu vətəndaşlıq borcu sayılır. Əsl vətəndaş odur ki, vətənini öz qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqaliyyəti uğrunda hər an canını verməyə hazirdır. İnsan həyata bir dəfə gəlir. Lakin Vətən uğrunda canından keçən qəhrəmanlar əbədi bir həyata qovuşur, yüz illər sonra da şərəflə yad edilir.
Azərbaycan Cavanşir, Babək, Koroğlu, Mehdi, Qafur, Həzi kimi igidlər yurdudur. Bu qəhrəmanlar Vətəmizin azadlığı, xoş həyatı naminə mübarizə aparıb, bu yolda öz canlarını da qurban veriblər. Vətənimizin torpaqlarının erməni işğalına məruz qalması, daşnakların gözəl yurdumuza hücumu qəhrəmanların siyahısını genişləndirdi. Qarabağda aparılan müharibə göstərdi ki, Azərbaycan oğulları əcdadlarımızın keçdiyi yolu təkrarlamağa qadirdirlər. Qarabağ savaşı yüzlərlə igidin adını xalqımızın qəhrəmanlıq səlnaməsinə əbədi həkk etdi. Əliyar Əliyev, Albert Aqaronov, Fəxrəddin Musayev, Koroğlu Rəhimov, Zakir Yusifov, Mübariz İbrahimov, Fərid Əhmədov və başqaları ata-babalarımızın bizə miras qoyduğu igidlik, cəsurluq, rəşadət kimi ənənələri yaşadan insanlardır. Azərbaycanın indiki gənc nəsli məhz bu insanlardan örnək götürməlidir. Vətən uğrunda canlarını fəda edənlərin əksəriyyəti Şəhidlər xiyabanında uyuyur. Həyatda nakam getmiş bu vətən övladlar doğma yurda sədaqət rəmzi, məhəbbət simvoludurlar. Onlar vətən uğrunda vuruşub, canlarını vətən uğrunda qurban veriblər. Bax, budur əsl vətəndaşlıq borcu,vətəndaşlıq amalı. Şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmayacaq.
Şəhidlərin uyuduğu vətən müqəddəsdir, əzizdir. Bizim bütün sevgilərimizin əvvəli də, sonu da vətənlə bağlıdır.
Vətən dəyişmir, satılmır, köhnəlmir. O, tale qismətidir. Bizə ulu yaradan tərəfindən bəxş olunub. Əbədi olan bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Onun göylərində əcdadlarımızın- bu vətəni bizlərə ərmağan edən babalarımızın ruhları dolaşır.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub. Müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılan Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətləri tarixi keçmişimizin unudulmaz səhifəsidir. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb.1918-ci ildə Azərbaycanda Demokratik Respublika quruldu.Lakin bu respublikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan - cəmi 23 aydan sonra süqut etdi. Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirib və müstəqillik üçün lazımı əsaslar yaradıb. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı-parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilib. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır. Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1992-ci il avqustun 15-də baş verib. Milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bütün bunlar Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafı üçün əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.
Bəzən olur ki, hansısa bir hadisə, hansısa bir şəxsiyyətin adı bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silinir. Lakin belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi? Böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu taleyüklü hadisəni böyük keçmişi olan xalqın qan yaddaşından silə bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq, arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək "erməniləşdirilən” yurd yerlərini azərbaycanlıların yaddaşından silmək mümkündürmü? Əlbəttə, bu, mümkün deyil. O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir.

Gənclərin fəaliyyəti onların vətənpərvərliyi, vətənə , dövlətimizə sədaqəti üzərində köklənib

Azərbaycan dövləti gənc nəslə xüsusi qayğı ilə yanaşır. Çünki, gənclik dövlətimizin gələcəyi, Azərbaycan ordusunun əsas qüvvəsidir. Şübhəsiz ki, yeniyetmələrə və gənclərə göstərilən qayğı hədər getmir. Bu qayğıdan bəhrələnən gənclər doğma vətənimizi bütün sahələrdə layiqincə təmsil edir. Harada fəaliyyət göstərməsindən asılı olmayaraq, gənclərimiz dövlətimizin tərəqqisi üçün əllərindən gələni əsirgəmirlər. Bu, idman sahəsində, təhsildə, mədəniyyətdə, iqtisadiyyatda özünü göstərir. Gənclərin fəaliyyəti onların vətənpərvərliyi, vətənə , dövlətimizə sədaqəti üzərində köklənib.
Gənclərin vətənpərvərlik və vətənə məhəbbət tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olması və doğma yurdu daha yaxından tanımasıdır. Belə ki, ölkəmizin təbiəti, təbii sərvətləri, tarixi, mədəniyyəti haqqında əldə etdikləri biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hissini daha da gücləndirir. Ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə diqqət mərkəzində olub. Ölkəmizin tarixi haqqında sistemli tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər uşaqlarla aparılan tərbiyəvi söhbətlər, istərsə də keçirilən tədbirlər şagirdlərə müəyyən biliklər verir. Ölkəmizin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq, azadlıq və müstəqillik uğrunda aparıldığı mübarizə haqqında edilən söhbətlər gənc nəslin vətənə bağlılığını daha da möhkəmləndirir. Vətənpərvərlik isə doğulduğun torpağa, yaşadığın ölkəyə sədaqətli vətəndaş olmaqla yanaşı, cəmiyyətin sağlamlığına çalışmaq, doğma ölkənin rifahı naminə bütün qüvvəni səfərbər etmək kimi başa düşülməlidir. Vətənpərvərlik uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Vətən sevgisi, vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq qüvvələri vahid məqsəd - vətənin azadlığı, xilası naminə səfərbər edir.

Milli qəhrəmanlarımızı tanımağa borcluyuq

Azərbaycan bu gün müstəqil dövlətdir. Onun güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan milləti və ən əsası, bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimiz heç də asan başa gəlməyib. Bunun üçün xalqımız minlərlə övladını qurban verib. Vətən uğrunda canlarını qurban verən şəhidlərin ruhu daim əziz tutulur, xatirəsi yad edilir. Gənc nəslin nümayəndələri olan idmançılarımız şəhidlərimizin xatirəsinə keçirilən turnirlərdə qələbə əzmi ilə yarışırlar. Bundan başqa, beynəlxalq turnirlərdə üçrəngli bayrağımızın yüksəklərdə dalğalandırılması, himnimizin səsləndirilməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərini yeni mərhələyə qaldırır. Onların haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış insanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyırlar. Bu isə onların formalaşmasına, vətənpərvər olmasına zəmin yaradır. Onu da deyək ki, ölkəmizdə qeyd olunan milli bayramlar, tarixi günlər də vətənpərvərlik tərbiyəsində əvəzsiz vasitədir. Milli bayramlar və tarixi günlər haqqında dərsliklərdə verilmiş mətnlərdə geniş söhbət açılır. Bu mətnlər şagirdlərin bayram və tarixi günlər haqqında məlumatlarını xeyli genişləndirməyə imkan verir.
Bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olan insan vətənpərvərdir. Bu, təkzibedilməz faktdir. Bəzi mütəxəssislər hesab edirlər ki, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Bu fikirlə razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, məhəbbətlə, düşmənə isə nifrətlə böyüyər. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Bizim xalqımız üçün ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri bütün dövrlərdə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlarla yanaşı, milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Təəssüf ki, Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlük həyatı, informasiya məkanında yer alan bəzi ideoloji fikirlər, fərqli dünyagörüşün və fərqli mədəniyyətlərin təbliği ailə dəyərlərinin aşınmasına, gənclərin, uşaqların psixologiyasına mənfi təsir göstərən amillərdir. Cəmiyyətimizdə, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə qurulmursa, bu, ciddi narahatlıq yaradır. Əgər sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu bilmirsə, torpaqlarımız uğrunda müharibədə iştirak edə bilməyəcək. Uşaqlar Qarabağ müharibəsində neçə Azərbaycan övladının şəhid olduğunu, onlardan neçəsinin Milli Qəhrəman adına layiq görüldüyünü mütləq bilməlidirlər. Sevindirici haldır ki, bu gün orta məktəblərin ibtidai siniflərindən başlayaraq, uşaqlara yuxarıda qeyd etdiyimiz məsələlər haqqında ətraflı məlumat verilir. Əgər təhsil ocaqlarında sorğu keçirilsə, yəqin ki, şagirdlər bu barədə biliyə sahib olduqlarını nümayiş etdirərlər. Müasir dövrümüzdə, ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda biz hamımız - uşaqlar, yeniyetmələr və gənclər vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri, o cümlədən milli qəhrəmanlarımızı tanımağa borcluyuq.

Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.