Avropa İttifaqı Şurası Formula 1 yarışlarında iştirak edən rusiyalı keçmiş pilot Nikita Mazepinə qarşı sanksiyaların uzadılmaması barədə qərar qəbul edib. Bu barədə Aİ-nin rəsmi internet səhifəsində yer alan sənəddə qeyd olunur.
Yerli medianın yaydığı xəbərə görə Mazepinin sanksiya siyahısından çıxarılması barədə qərar Macarıstanın müraciətindən sonra verilib. Bildirilir ki, rəsmi Budapeşt bir sıra şəxslərin Aİ tərəfindən hər altı aydan bir uzadılan sanksiyalar siyahısından çıxarılmasını tələb edib.
Xatırladaq ki, Nikita Formula 1-də 2022-ci il martın 5-də onunla müqaviləyə xitam verən «Haas»da çıxış edib. Qərar Ukraynadakı məlum vəziyyətlə əlaqədar qəbul edilib. Bundan əlavə, ABŞ komandası titul sponsoru olan Rusiyanın «Uralkali» şirkəti ilə müqaviləni pozub.