Könül Təhməzova: "OCEP layihəsi şagirdlərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərir"

Könül Təhməzova: "OCEP layihəsi şagirdlərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərir"

“Festivalda iştirak edən şagidlərin hər biri məktəbimizin idman sahəsində uğur qazanmış şagirdləridir”.
Bu sözləri Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova bu gün “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalından sonra “Olimpnews.az”-a müsahibəsində bildirib. 
Direktor qeyd edib ki, məktəb bir neçə ildir ki, OCEP layihəsində iştirak edir. 
“Bu gün “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı təşkil etdik. Ulu öndər hər zaman idmana xüsusi diqqət və qayğı göstərmiş, idmançıların və gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsini daim ön planda tutmuşdur. Bu gün də bu ənənə xüsusi olaraq davam edir.
Ümumiyyətlə, biz hər zaman məktəblərdə şagirdlərin uğurlarının daha da davamlı olması üçün mütəmadi olaraq belə tədbirlər təşkil edirik. Bu gün məktəbimizin təşəbbüsü ilə keçirilən OCEP layihəsi də belə tədbirlərdəndir. Məktəbimiz bir neçə ildir ki, bu layihədə iştirak edir. Biz bu layihə çərçivəsində Niderland Krallığını təmsil edirik. Niderland Krallığının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edirik. Milli Olimpiya Komitəsinin, eləcə də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblərdə keçirilən OCEP layihəsi şagirdlərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə, onların idman sahəsində olduğu kimi, elm və mədəniyyət sahəsində də bir-biri ilə əməkdaşlığına və münasibətlərin düzgün qurulmasına müsbət təsir göstərir”, - deyə Könül Təhməzova bildirib.