Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayətdir

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayətdir

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Heydər Əliyev

Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı uzun illər ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub. Kür-Araz düzənliyində yaşayan azərbaycanlılar 1988-ci ildə öz tarixi torpaqlarından qovulub. Ümumiyyətlə, 250 min azərbaycanlı qeyd edilən bu əraziləri tərk etmək məcburiyyətində qalıb. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlanan hadisələr, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan” ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bu tarixi bizə yaşadanlar, hər birimizin qəlbinə sağalmayan yara vurdular. Lakin torpaq itkisi, soyqırımlar bizi bir-birimizdən ayırmadı. Əksinə, xalqımız daha da birləşdi, həmrəy oldu. Tarix unudulmur və yaddan çıxmır.Gələcək nəsillər bu tarixi eşidir, bilir, kitablardan, dərsliklərdən oxuyur və düşmənə qarşı intiqam hissi ilə yaşayırlar. Bu isə öz növbəsində onlarda vətənpərvərlik hissini formalaşdırır, torpağa olan məhəbbəti gücləndirir.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatun, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Bəs ermənilərin Xocalı şəhərini hədəf məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi daşıyırdı. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədərki tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə dağılması erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə olduqları 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü (bunların arasında 63 azyaşlı uşaq, 106 nəfər qadın, 70 qoca var idi), 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Seyran Oqenyanın komandanlığı altında olan 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin 3-cü batalyon, 1 saylı batalyon qərargah rəisi Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib. ("Xocalının işğalına dair istintaq materialları”ndan). Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının cəsədi gətirilmiş, onlarla cəsədin təhqirə məruz qalması faktı aşkar olunmuşdur. Ağdamda 194 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülüb, bəzi adamların baş dərisi soyulub.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Əntiqə adlı Xocalı sakini erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılıb. Digər Xocalı sakini Səriyyə Talıbovanın gözləri önündə 4 məsheti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başları kəsilib, diri-diri gözləri çıxardılıb. Ermənilər sağ qalmış insanları təhqiredici hərəkətlərə məruz qoyublar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozduğunu, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini sübut edir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı jurnalist və publisistləri dəhşətə gətirib.
Bu tarix hər bir azərbaycanlının qan yaddaşına həkk olunub. Yüzlərlə əsgərimiz vətənin müdafiəsində şəhid olub, göstərdiyi qəhrəmanlığa görə Milli Qəhrəman zirvəsinə yüksəlib.Tariximiz, qəhrəmanlarımız heç vaxt unudulmur, gələcək nəsillərə nümunə göstərilir. Bu isə, vətənpərvər ruhda tərbiyə almasına zəmin yaradır, milli mənlik şüurunu formalaşdırır.
Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: "Qaçqın vəziyyətinə düşmüş biz xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir. Azərbaycan xalqı 1948-ci il 9 dekabrda qəbul olunmuş "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət vəzifələri tutanlar - Seyran Ohanyan, Serj Sarkisyan digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Onu da deyək ki, Xocalı soyqırımını tanıyan dövlətlər az deyil. Bu faciəyə bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə müvafiq hüquqi qiymət verilib, eyni zamanda, dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilib.
Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına siyasi və hüquqi qiymət verildi. Dahi siyasətçi 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında bu dəhşətli faciə ilə bağlı demişdir: "Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü sancıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaq. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir. Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə qanlı hərflərlə yazılıb. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar. Xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir”.
Ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərman imzalanıb və həmin fərmana əsasən hər il fevralın 26-da saat 17.00-da soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.
Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar bu gün də atılır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi işlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Xocalı soyqırımına bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə müvafiq hüquqi qiymət verilir, eyni zamanda, dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Bir məqama da diqqət yetirmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyləri nəticəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir. Həmçinin, 2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, "Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımın qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bu kontekstdə 2010-cu il yanvar ayının 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilib. İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və "İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatların Xocalı soyqırımını "İnsanlığa qarşı cinayət” kimi tanıdığı ilk sənəddir. Qeyd etmək lazımdır ki, İKT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin, demək olar ki, dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır. Qətnamənin digər bir bəndində "Xocalıya ədalət” kampaniyasına tam dəstək verilib. Uqandada keçirilən tədbirdə iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər. Məlumat üçün qeyd edək ki, bundan əlavə, BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə birgə İnsan Haqları Günündə yada salınıb.
Qeyd etdiyimiz kimi, son illər ərzində dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş cinayət aktı kimi dəyərləndirilməkdə və bu istiqamətdə xüsusi qətnamələr qəbul olunmaqdadır. Bununla yanaşı, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti qınayan ştatlarının sayı hər il artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ştatlarının ardınca Nyu-Meksiko və Arkanzas ştatları da Xocalı qırğınını tanıyıblar. Bununla yanaşı, 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bir müddət əvvəl isə Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olub.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Xocalı faciəsi ən dəhşətli soyqırımdır. Bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib, Xocalı faciəsi insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirilib. Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülüb. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılıb, faciə haqqında ətraflı məlumatlar orta məktəb dərsliklərinə daxil edilib. Sözsüz ki, gənc nəsillər xalqımızın başına gətirilən müsibətləri unutmayacaq. Gənclərimiz tariximizi öyrənməklə, düşmənlərimizin vəhşi əməllərindən xəbərdar olacaq, onlara nifrət bəsləyəcəklər. Sözsüz ki, hər bir gənc tarixini bilməli, vətənpərvər böyüməlidir. Tarixini bilən gənclər vətənpərvər böyüyəcək və yaxşı vətəndaş olacaqlar.
Erməni millətçiləri və onların havadarları Azərbaycan xalqına qarşı törətdikləri faciələri, o cümlədən Xocalı soyqırımı ört-basdır etməyə çalışırlar.
Onu da deyək ki, Xocalı soyqırımına xarici mətbuat da laqeyd qalmayıb. Bir sıra ölkələrin aparıcı KİV-i ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklər barədə məlumat dərc edib. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

"Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə insanın qətlə yetirildiyi barədə xəbər verirlər”.
"Krua l’Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il.

"Erməni əsgərləri Xocalıda minlərlə ailəni məhv ediblər”.
"Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il.

"Ermənilər Ağdama tərəf gedən dəstəni güllələyiblər. 1200-ə qədər insan öldürülüb”.
"Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il.

"Xocalıda qətlə yetirilən insanlar eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb”.
"Tayms” qəzeti (London), 4 mart 1992-ci il.

"Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi”.
"İzvestiya” qəzeti (Moskva), 4 mart 1992-ci il.

"General polkovnik bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalıb. Xocalıda qətliam törədənlər məhz onlardır”.
"Faynenşl Tayms” qəzeti (London), 14 mart 1992-ci il.

"Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında ürəkləri , dırnaqları çıxardılmış 3 nəfər görüblər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır”.
"Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il.

Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
"İzvestiya” qəzeti (Moskva), 13 mart 1992-ci il.

"Bu "muxtar regionda” erməni silahlı dəstələri müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. Erməni terror təşkilatı ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv ediblər”.
"Valer aktuel” jurnalı (Paris), 14 mart 1992-ci il.

"Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz” .
İngiltərənin "Fant men nyus” teleşirkətinin jurnalisti R. Patrik.

Jalə Rzabəyli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.