Los-Anceles-2028 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi yeni məlumat yayıb.
"Olimpnews.az" qurumun saytına istinadən xəbər verir ki, məlumatda Oyunların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi yerlər müəyyənləşib. İlk dəfə olaraq Olimpiya Oyunlarının açılış mərasimi eyni vaxtda iki arenada - "Memorial Coliseum" və "İnqlvud" stadionun keçiriləcək. Bununla da "Los Angeles Memorial Coliseum" üç dəfə Olimpiya Oyunlarına ev sahibliyi edən ilk stadion kimi tarixə düşəcək.
Qeyd edilir ki, açılış mərasiminin iki fərqli məkanda keçirilməsi Oyunların cədvəlindəki dəyişikliklə bağlıdır. Belə ki, həmin arenalarda birinci həftədə atletika, ikinci həftədə üzgüçülük yarışları keçiriləcək. Oyunlarının bağlanış mərasimi üçün "Memorial Coliseum" nəzərdə tutulub.
Təşkilat Komitəsinin məlumatına görə, Paralimpiya Oyunlarının açılış mərasimi İnqlvuddakı stadionda, bağlanış mərasimi isə Memorial Coliseum arenasında keçiriləcək.
Məlumat üçün bildirək ki, Los-Anceles-2028 Olimpiya Oyunlarının açılış mərasimi iyulun 14-də, bağlanış mərasimi isə iyulun 30-da olacaq. Paralimpiya Oyunları isə avqustun 23-də başlayacaq və sentyabrın 3-də başa çatacaq.
Los-Anceles-2028: Açılış mərasimində ilk tarixi hadisə baş verəcək
