Xocalı faciəsi xalqımızın mübarizə əzmini qıra bilmədi

Xocalı faciəsi xalqımızın mübarizə əzmini qıra bilmədi


II yazı
1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı günlərindən birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən dağıdıldı. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə misli görünməyən işgəncələrə məruz qaldı. Xocalı faciəsi XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən ən ağır cinayətlərdəndir. Bu faciə təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı siyasəti idi. Bu siyasət daima erməni diasporunun və lobbisinin səyi nəticəsində bütün dövrlərdə hərbi, iqtisadi, ideoloji vasitələrlə aparılıb. Zaman-zaman davam etdirilən bu məkrli siyasət azərbaycanlıların əzəli torpaqlarından qovulmasına, didərgin salınmasına, yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. Xocalı faciəsini törətməklə ermənilər xüsusi məqsədlər güdürdülər. Bu, bir tərəfdən, Qarabağın dağlıq hissəsində əhalisi azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli şəhəri ələ keçirmək idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarixi və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələri məhv edildi. Dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da erməni vəhşiliyinin qurbanı oldu. Bu qəbiristanlığın dağıdılması dünya mədəniyyətinə qarşı zorakılıq aktı sayıla bilər. Ermənilər Xocalıya hücum etməklə təkcə tarixi abidələrimizi məhv etmək məqsədi güdmürdülər. Onlar xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, xalqımızı tarixi torpaqlarımızın bir hissəsinin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Xocalı 1991-cı ilin oktyabrından mühasirədə idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmışdı. Yeganə nəqliyyat vasitəsi kimi vertolyotdan istifadə olunurdu. Lakin bu nəqliyyat vasitəsi də xocalıların köməyinə çatmadı. Şəhərə sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında Azərbaycanın mülki vertolyotunun vurulması, içindəki 40 nəfər həmyerlimizin həlak olmasından sonra Xocalı ilə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi. Şəhər sakinləri ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Lakin kifayət qədər hərbi sursat yox idi. Şəhər, əsasən, avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu.
Qeyd etdiyimiz kimi, fevralın ikinci yarısından başlayaraq Xocalını erməni silahlı dəstələri mühasirəyə alınmışdılar və o, hər gün toplardan, ağır texnikadan atəşə, erməni quldurlarının həmlələrinə məruz qalırdı. İgid oğullarımız qeyri-bərabər döyüşlərdə mərdliklə mübarizə aparırdılar. Bütün bunlara baxmayaraq, Xocalının özünü müdafiə qüvvələri erməni həmlələri qarşısında davam gətirə bilmədilər.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Toplardan, tanklardan, "Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra rus və erməni hərbi birləşmələri şəhəri daxil oldular. Erməni quldurları Xocalıya üç istiqamətdə hücum etdiyindən əhali Əsgəran istiqamətində qaçmağa məcbur idi. Təkcə bu yol açıq qalmışdı. Sən demə, bu, ermənilərin məkrli hiyləsi imiş. Əhalinin məhz bu yolla Xocalıdan çıxacağını bilən erməni silahlı dəstələri Naxçevanik kəndi yaxınlığında şəhər sakinlərinin qarşısını kəsərək onları gülləbarana tutmuşdular. Qarlı aşırımlarda və meşələrdə qaçmaqdan taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə xüsusi qəddarlıqla məhv edilmişdi. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Ermənilərin ağ geyimli xüsusi qrupları meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Yalınız fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Onların gördükləri mənzərə dəhşətli idi - düzənlik cəsədlərlə dolmuşdu. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlər hadisə yerində daha da dəhşətli vəziyyətin şahidi oldular. Burada öldürülən insanların skalpları götürülmüş, qulaqları və digər orqanları kəsilmiş, gözləri çıxarılmışdı. Meyidlərin əksəriyyətində çoxsaylı bıçaq və güllə yaraları var idi. Jurnalistlər insanların ağır texnika ilə əzilməsini, yandırılmasını da müşahidə etmişdilər.
Onu da deyək ki, fevralın 27-dən martın 1-dək xüsusi razılaşma əsasında üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər buna məhəl qoymadılar və atəşkəsin elan olunmasına bir gün qalanda - fevralın 26-da Xocalını viran qoydular. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının nümayəndə heyətinin vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Avropanı təmsil edən nümayəndələr Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edildi və yandırıldı. Təkcə onu deyə bilərik ki, Malıbəylidə 50 nəfər öldürüldü, kənd sakinlərinin bir qismi əsir götürüldü.

Xocalı faciəsi ilə bağlı xatirələrə sakit tərzdə qulaq asmaq mümkün deyil

Xatırladaq ki, bir günün içində yer üzündən silinən Xocalı şəhərinin 613 (63 uşaq, 106 qadın, 70 qoca) sakini düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Həmin qanlı fevral gecəsində Xocalı sakini Vaqif Məmmədovun 5 nəfərdən ibarət (özü, həyat yoldaşı, 3 oğlu), Samran Kərimovun 4 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 oğlu), Firdovsi Əliyevin 4 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 oğlu), Qarsalan Qənbərovun 3 nəfərdən ibarət (özü, həyat yoldaşı, oğlu), Səfər Qəmbərovun 4 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 oğlu), 70 yaşlı Mirsiyab Hüseynovun 2 nəfərdən ibarət (özü və 58 yaşlı həyat yoldaşı), 72 yaşlı Günəş Həsənovanın 2 nəfərdən ibarət (özü və 41 yaşlı qızı), Hüseyn Hüseynovun 6 nəfərdən ibarət (özü, həyat yoldaşı, 2 oğlu, 2 qızı) ailəsi məhv edilmişdi.
Qətliamdan canını qurtarmaq üçün min bir əzab əziyyətlə Ağdama gəlib çatan Xocalı sakinlərinin dedikləri hər bir insanı dəhşətə gətirir. Onların Xocalı faciəsi ilə bağlı xatirələrinə sakit tərzdə qulaq asmaq mümkün deyil. Qətlə yetirilmiş 4 yaşlı Lalənin nənəsi Həsrət göz yaşları içində belə deyib: "Hamımız birilkdə gedirdik. Atışma düşəndə bir-birimizi itirdik. Səhərə kimi yol getdik. Nəvələrimi aparmağa gəlinimizin bacısı Firuzə, qardaşı Əkbər kömək edirdilər. Səhərə yaxın idi. Sonuncu dəfə gəlinim Zərifə körpəsini əmizdirib mənə verdi. 23 günlük Xəyaləni kürəyimə sarıdım, Laləni isə anasına verdim. Elə bu vaxt ermənilər atəş açdılar. Erməni gülləsi Zərifənin sinəsini parça-parça elədi. Körpə Lalə anasının ətrafında dolanır, onu ayağa qaldırmağa çalışırdı. Bu körpə uşaq anasından ayrılmaq istəmirdi. Nə qədər çağırsaq da, Lalə yanımıza gəlmirdi. Kol-kosun üstünə ilişən pal-paltarı yığıb anasının üstünə tökürdü. Adamlar Laləni güllənin altından götürə bilmirdilər. Qızcığaz sonuncu paltarı anasının üstünə atmaq istəyəndə onu vurdular. Bircə dəfə "Uy!” deyib başını anasının al-qana boyanmış sinəsinin üstunə qoydu”. Qeyd edək ki, 4 yaşlı Lələ, anası Zərifə, atası Tahir Ağdam qəbiristanlığında üç yanaşı qəbirdə dəfn olunub.
Hadisələr zamanı yaralanmış 7 yaşlı Yavər Əliyev acı xatirələrini belə bölüşmüşdü: "Bizim evin işıqları söndü. Mən yata bilmirdim. Atışma başlayanda biz qonşunun zirzəmisinə qaçdıq. Bir azdan sonra isə meşəyə tərəf qaçmağa başladıq. Bizi yolda ermənilər tutdular. Fin evlərinin yanında. Onlar avtomatla atəş açdılar. Hamı uzandı, anam məni də çəkib yerə uzatdı. Ermənilər dedilər ki, kim sağdı, qalxsın ayağa. Ayağa qalxanları cərgəyə düzdülər, yaralı adamları bir tərəfə, yarası olmayanları isə başqa yerə apardılar. Sonra məni güllə ilə vurdular, yaralandım. Bizi Xankəndinə apardılar. Xanım xalanın qızı Natəvanı avtomatla güllələdilər. Natəvanın iki yaşı var idi. Məlahəti, Mələyi də öldürdülər”. Danışdıqca kövrələn Yavərin anası - iki dəfə evi dağılmış, ata və anasını, qohumlarını itirmiş Nəsibə Əliyeva oğlunun dediklərinə əlavə eləyir: "1988-ci ildə Ermənistandan qovulub Azərbaycana gəldik. Burada da ermənilər bizə rahatlıq vermədilər. Fevralın 25-də gecə gördük hər yerdən od tökülür. Yığıldıq zirzəmilərə. Səhərə yaxın zirzəmilərdən çıxdıq. Qırxa yaxın qonşu yolun qırağındakı fabrikin zirzəmisinə dolmuşduq. Erməni tanklarının mərmisi oranı dağıdandan sonra biz meşəyə tərəf qaçmağa başladıq. Yolun kənarında gördük iki ayağı kəsilmiş bir oğlan al qının içində çabalayır. Bu, Xocalı sakini Vüqar Nəcəfov idi. Onu evlərin birinə qoyub yenə qaçdıq. Vüqarı özümüzlə aparmağa gücümüz çatmadı. Körpünün yanında bir tikili var idi. Orada 50 nəfərə yaxın əsgər gördük. Onlar bizi Azərbaycan dilində çağırdılar. Sevinərək onlara tərəf qaçdıq. Amma gördük ki, bunlar rus və ermənilər imiş. Biz geri qayıtdıq, ancaq onlar arxadan bizi atəşə tutdular. Biz yerə sərildik. Ermənilər bizi ayağa qaldırdılar. Bu vaxt bildik ki, qırx nəfərdən on dördümüz sağ qalıb. Ayağa qalxan kimi qızıl dişlərimizi, üzük və sırğalarımızı onlara verməyimizi tələb etdilər. Öldürülənlərin üstündəki qiymətli əşyaları ermənilər özləri çıxardırdılar. Cəmil Hümbətov adlı bir qoca kişi onların qabağında diz çöküb yalvardı ki, 8 ay bundan əvvəl toyunu elədiyi yeganə oğluna dəyməsinlər, əvəzində isə onun özünü öldürsünlər. Lakin onun Muğan adlı gənc oğlunu dərhal atasının gözünün qabağındaca qətlə yetirdilər.
Cəmil kişinin qızı Simuzəri, arvadı Firuzəni və gəlini Südabəni də işgəncələr verdikdən sonra güllələdilər. Cəmil Hümbətovun özünü isə girov götürdülər. Səhər bizi Xankəndinə gətirdilər. Atam Rəhim Talıbov orada yoxa çıxdı. Bizim yanımızda Əhməd adlı Axıska türkünün başını üzdülər, qulaqlarını kəsib özləri ilə götürdülər. Onun kəsilmiş başına top kimi hərə bir təpik vururdu. Yeddi yaşlı oğlum Yavər iki yerdən avtomat yarası almışdı. Mənim gözümün qabağında ermənilər böyük bacımın gəlinini və iki nəvəsini öldürdülər. İki yaşlı Natəvanı güllələdilər ki, ağlamasın, onun anasını bundan əvvəl öldürmüşdülər”.
1992-ci ildə on doqquz yaşı olan Xumar Səlimova isə o dəhşətli hadiəsələri belə xatırlayır: "Fevralın 25-də Xocalı şəhəri güclü atəşə tutuldu. Erməni-rus birləşmələri hər tərəfdən zirehli maşınlarla şəhərə doluşdular. Atışma elə qəfil başlanmışdı və elə şiddətli idi ki, özümüzü itirdik, bilmirdik hara qaçaq, neyləyək. Qardaşlarım dedilər ki, şəhərə ermənilər giriblər, getmək lazımdır. Kətik dağına üz tutub qaçmağa başladıq. Dağa çatana qədər bəlkə də, yüzlərlə adam güllə yarası alaraq yollarda qaldı. Dağa çatanda yanımızda partlayan mərmi qardaşım arvadını öldürdü. Mən isə çiynimdən və üzümdən yaralandım. Taqətdən düşmüş, yol yoldaşlarımın çoxunu itirmişdim. Göydən dolu kimi yağan güllələr qaçmağa imkan vermirdi. Arxı keçib xəndəklə süründük. Səhər açılırdı. Birdən ermənilər xəndəyi mühasirəyə aldılar, yanımızdakıları bir-bir güllələməyə başladılar. Taleh Quliyevi ağzından vurdular, sonra həyat yoldaşı Rəhilə Quliyevanın gözləri qarşısındaca onun başını əzdilər. Rəhilə qışqıranda onu da güllələdilər. Talehin bir yaşlı oğlu Samir atasının öldüyünü başa düşmədiyindən, ondan əl çəkmirdi. Tüfəngin qundağı ilə onun başına vurdular. Elə zərblə vurdular ki, uşağın beyni dağıldı. Meyidlərin arasında uzanmışdım. Xeyli vaxt ərzində özümü ölülüyə vurdum. Atışma səsi dayananda yavaş-yavaş sürünməyə başladım. Azərbaycan dilində danışıq eşidəndə gücümü toplayıb "Ay ana!” deyə qışqırdım. Bir də Ağdam xəstəxanasında özümə gəldim”.


Qəddarlığın etirafı

Xocalıda törədilən vəhşiliyin, qətliamın səbəbkarları öz əməllərinə haqq qazandırmağa çalışırlar. Onlar insanlığa qarşı törədilən bu vəhşilikdən qürurla danışırlar. Erməni şövinizmin liderlərindən biri, özünü yazıçı kimi tanıtdıran, əslində isə, ən qatı cinayətlərin iştirakçısı olan Zori Balayanın dedikləri ermənilərin kimliyini bütün çılpaqlığı ilə ortaya qoyur. Balayanın "Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalı ilə bağlı yazdıqlarını oxuyanda tükürpədici faktlarla rastlaşırsan. Balayan yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir Azərbaycanlı uşağını pəncərəyə mismarlamışdılar. Uşaq çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, həmin uşaq 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş Azərbaycanlı uşağın cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni şeyi daha 3 uşağın üzərində təkrarladıq. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək”. Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. Erməni jurnalist "Xaç uğrunda” kitabında Xocalı soyqırımından bəhs edib: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxma. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə yüzlərlə meyidin üstündən keçdim. Martın 2-də "Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) azərbaycanlıların cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
Bax, bu özlərini bütün dünyaya "yazıq”, "köməksiz” tanıtdıran ermənilərin etiraflarıdır. Təəssüf ki, bu vəhşilər, qaniçənlər hələ də azadlıqda sərbəst gəzirlər. Ancaq inanırıq ki, insanları min bir əzabla qətlə yetirməkdən zövq alan balayanlar, xerdiyanlar ədalət qarşısında cavab verəcəklər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımlarını pisləyir, yolverilməz olduğunu bildirir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Ədalət öz yerini tapmalıdır

Xocalı faciəsi xalqımızın əzmini, mübarizliyini qıra bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Təəssüf ki, bu faciə barədə məlumatlar dünya ictimaiyyətinə çox gec çatdırıldı. Xocalı ilə bağlı həqiqətlər təkcə dünya ictimaiyyətindən deyil, eyni zamanda, xalqımızdan da uzun müddət gizli saxlanıldı. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini aldı, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görüldü. Hazırda Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, qaçqın və məcbur köçkünlərin doğma torpaqlarına qaytarılması uğrunda ardıcıl səylər göstərir. Xocalı faciəsindən keçən illərin təcrübəsi göstərdi ki, xalqımız, ölkə ictimaiyyəti ayıq-sayıq olmalıdır. Ermənistanın və erməni millətçilərinin uzun illər ərzində həyata keçirdikləri etnik təmizləmə, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının bəşəriyyət üçün təhlükəli olması açılıb göstərilməlidir. Bizim görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daha səmərəli və ardıcıl aparılmalıdır. Xarici ölkələrdə getdikcə öz mövqelərini gücləndirən soydaşlarımız da bu işdə yaxından iştirak etməli, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri Xocalı soyqırımı kimi hadisələrə yaşadıqları dövlətlərdə lazımi qiymət verilməsinə çalışmalıdırlar. Müstəqil, güclü və demokratik Azərbaycan dövlətinin artan nüfuzu, regionda lider dövlətə çevrilməsi Xocalı şəhidlərinin, eləcə də, torpaqlarımız uğrunda həlak olan digər şəhidlərimizin ruhuna təsəlli ola bilər.

Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.