Almaniyanın Reyn-Rur regionunda təşkil olunan 32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib.
Duysburqdakı "Şauinsland-Rayzen-Arena"da keçirilən tədbir atəşfəşanlıqla başlayıb. Ardınca iştirakçı ölkələri təmsil edən seçilmiş idmançıların doğma dillərində səsləndirdikləri idman şüarlarının yer aldığı videoçarx nümayiş etdirilib.
Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst çıxış edərək idmançılara uğurlar arzulayıb.
Daha sonra iştirakçı ölkələrin paradı olub. Azərbaycan nümayəndə heyəti paraddan altıncı keçib. Komandamızın bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar.
Paraddan sonra dünyaya sülh mesajları verilib. Stadionun üzərində sülh rəmzi olan ağ göyərçin maketi dövrə vurub, havaya ürək formalı bəyaz şarlar buraxılıb.
Ardınca FİSU prezidenti Leonz Eder yarışın önəmindən bəhs edib, idmanın bütün insanları birləşdirən ən önəmli amillərdən biri olduğunu vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib. Açılış mərasiminə atəşfəşanlıqla yekun vurulub.
Qeyd edək ki, Berlin, Boxum, Essen, Duysburq, Mülhaym və Hagen şəhərlərinin ev sahibliyi etdiyi Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.