DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib

Ötən gecə 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Olimpnews.az xəbər verir ki, D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. D qrupunda yer alan Azərbaycan millisi Bakıda Ukrayna komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan və Ukrayna komandaları qrupda ilk xalını qazanıb. Fransa yığması İslandiya 2:1 hesabı ilə qalib gəlib. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Fransa yığması birinci, 3 xalı olan  İslandiya seçməsi isə ikincidir. F qrupunda isə Ermənistan komandası İrlandiyanı 2:1 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə Portuqaliya millisi çətin Macarıstan səfərindən 3:2 hesablı qələbə ilə ayrılıb. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Portuqaliya seçməsi F qrupunda birinci, Ermənistan isə 3 xalla ikincidir. Macarıstan və İrlandiya komandaları isə müvafiq olaraq, hərəyə bir xal toplayaraq üçüncü, dördüncü yerləri bölüşürlər. H qrupunda Kipr millisi Rumıniya ilə 2:2 hesablı bərabərliyə qalıb. Bosniya və Herseqovina millisi isə doğma meydanda Avstriyaya 1:2 hesabı ilə məğlub olub. Bosniya və Herseqovina, Avstriya 12 xalla birinci, ikinci yerləri bölüşürlər. Rumıniya 7 xalla üçüncü, Kipr isə 4 xalla dördüncüdür. Keçirdiyi bütün oyunlarda məğlub olan San Marino millisi isə sonuncudur. 
Gecənin ən böyükhesablı qələbəsi Norveçdə qeydə alınıb. I qrupunda yer alan Norveç komandası Moldovaya 11:1 hesabı ilə qalib gələrək xallarının sayını 15-ə çatdırıb və liderliyini möhkəmləndirib.  İtaliya və İsrail milliləri isə 9 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Estoniya üç xalla dördüncü, Aktivində xalı olmayan Moldova isə sonuncudur. 
K qrupunda isə İngiltərə millisi Serbiya səfərindən 5:0 hesablı qələbə ilə qayıdıb. Albaniya və Latviya komandalarının oyununda isə meydan sahibləri minimal hesablı qələbəyə sevinib -1:0. Bu nəticə ilə İngiltərə komandası 15 xalla birinci, Albaniya 8 xalla ikinci, Serbiya isə 7 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan Latviyanın aktivində 4 xal var. Bütün görüşləri məğlubiyyətlə başa vuran Andorra isə sonuncudur.