Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal 

Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal 

Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq yüz ilə yaxındır ki, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq arenada mübarizə meydanı hesab olunur. Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) 1924-cü ildə təsis olunması bu istiqamətdə yeni mərhələ açıb. 1955-ci ildə isə təşkilat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən karlar üçün idman sahəsini tənzimləyən müstəqil qurum kimi tanınıb. Elə həmin ildən etibarən “Beynəlxalq Səssiz Oyunlar” adlanan Deflimpiya Oyunları dünya idman gündəmində özünə sabit yer tutub.
Bu günə qədər eşitmə məhdudiyyətli idmançıların iştirakı ilə 24 Yay, 18 Qış Deflimpiya Oyunları keçirilib. Sayca 25-ci yarışlara isə ilk dəfə Yaponiyanın paytaxtı Tokio şəhəri ev sahibliyi edib. Noyabrın 15-dən 26-dək davam edən XXV Yay Deflimpiya Oyunlarında 79 ölkə, region və qaçqın qruplarını təmsil edən təxminən 3 min idmançı mübarizə aparıb. Azərbaycan isə ilk dəfə iştirak etdiyi bu yarışlarda 6 idman növü üzrə (taekvondo, karate, üzgüçülük, şahmat, cüdo və atıcılıq) 20 idmançı ilə təmsil olunub. 
Bu, həm nəticə, həm də simvolik baxımdan ölkəmiz üçün əlamətdar olub. İlk dəfə olaraq Deflimpiya Oyunlarında 3-ü taekvondo, 1-i karate və 1-i üzgüçülük üzrə olmaqla ümumilikdə 5 qadın idmançımız çıxış edib.
Tokionun ev sahibliyi etdiyi möhtəşəm açılış mərasimi ənənəvi “Awa Odori” rəqsinin nümayişi ilə başlayıb. Tədbirdə Yaponiya vəliəhdi Akişino, Baş nazir Sanae Takaişi və digər rəsmi şəxslərin iştirakı Oyunlara verilən önəmi bir daha göstərib. Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Oyunları rəsmi açıq elan etdikdən sonra 21 idman növü üzrə yarışlara start verilib. Bu, Yaponiyanın tarixdə ilk dəfə həm yay, həm də qış Deflimpiya Oyunlarına ev sahibliyi etməsi ilə də yadda qalıb.
Tokioda keçirilən Deflimpiya Oyunları Azərbaycan komandası üçün bir gümüş medalla əlamətdar olub. İlk dəfə iştirak etdiyimiz belə bir yarışda yeganə medalı komandamıza cüdo yarışlarında Coşqun Əliyev (60 kq) qazandırıb. O, ardıcıl qələbələrlə finala yüksələrək ölkəmizin Deflimpiya tarixində gümüş medala sahib olub. 1/8 finalda Cənubi Koreya təmsilçisi Çoi Junho, 1/4 finalda xorvatiyalı Yosipi Tonzetiç, yarımfinalda isə niderlandlı Vesteroff Albert Gerhardua Hendrik üzərində qələbə qazanan idmançımız finalda braziliyalı Pedro Dantasla qarşılaşıb. Həlledici görüşdə rəqibinə məğlub olan Coşqun Əliyev gümüş medala sahib olub. Mükafatı idmançımıza Beynəlxalq karlar idman komitəsinin vitse-prezidenti Yutaka Osugi təqdim edib.
Bu nailiyyət həm də 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin qısa müddətdə formalaşdırdığı idman proqramının ilk böyük uğuru hesab olunur. 
12 gün davam edən XXV Yay Deflimpiya Oyunlarının bağlanış mərasimi də açılış qədər təntənəli olub. Azərbaycan bayrağını bu dəfə deflimpiyaçılar Milanə Xəlilova və Sahib Sahibli daşıyıblar. Mərasimdə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib. 
Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, Yaponiya Karlar Federasiyasının rəhbəri Daigo İşibaşi və Tokionun qubernatoru Yuriko Koike çıxışlarında bütün idmançıların əzmkarlığını yüksək qiymətləndirərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar.
Daha sonra Deflimpiya bayrağı endirilib və Oyunlar rəsmi olaraq başa çatıb. 
Tokioda təşkil olunan XXV Yay Deflimpiya Oyunları Azərbaycan idmanı üçün həm tarixi başlanğıc, həm də ölkəmizdə Deflimpiya Hərəkatının inkişafı baxımından mühüm mərhələ kimi yadda qalıb. İlk dəfə iştirakına baxmayaraq, komandamızın nümayiş etdirdiyi iradə, peşəkarlıq və mübarizə ruhu Deflimpiya Hərəkatında ölkəmizin yeni simasının formalaşdığını göstərib. Coşqun Əliyevin qazandırdığı gümüş medal isə bu yolun ilk böyük əldə olunmuş uğur zirvəsi kimi xüsusi önəm daşıyır.
Bu nəticə Azərbaycan Deflimpiya Komitəsinin qarşıdakı illər üçün məqsədlərin real və perspektivli olduğunu sübut edir. Yarışlarda iştirak edən hər bir idmançı, məşqçi və federasiya nümayəndəsi ölkəmizin idman nüfuzunun yüksək səviyyədə təmsil olunmasına öz töhfəsini verib.
Tokio Deflimpiya Oyunları geridə qaldı, lakin burada qazanılan təcrübə, əldə edilən nəticələr və formalaşan komanda ruhu Azərbaycan Deflimpiya Hərəkatının növbəti mərhələdə daha güclü çıxışlar üçün möhkəm təməl yaratdıb. 

Azər Əlizadə

Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal  Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal