Məktəblilərin hərbi paradı şagirdlərdə hərb sənətinə maraq oyadır

Məktəblilərin hərbi paradı şagirdlərdə hərb sənətinə maraq oyadır

Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəb ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın adət ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məktəblərdə lazımi işlər aparılır. Uşaqlarla Vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan "Cəsurlar” və " Şahinlər” hərbi idman oyunlarının keçirilməsi alqışalayiqdir. Uşaqların əsgər forması geyinərək, yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində sinifdənxaric və məktəbdənkənar işlərin forma və üsulları müxtəlif və rəngarəng olmalıdır. Yəni Azərbaycan ordusunun yaradılması günü kimi bayram tədbirlərinə hazırlıq görülməli və təntənəli surətdə qeyd edilməli, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyalar təşkil olunmalı, Qarabağ müharibəsinin veteranları və Azərbaycan ordusunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməlidir. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, fotosərgilər, fotoalbomlar təşkil etmək və sairə ən təsirli formalardır. Yeri gəlmişkən qeyd edək ki, vətənpərvərlik hisslərini aşılamaq bilavasitə ailədən başlayır. Sonra uşaqlar məktəbə gedəndə bütün məsuliyyət müəllimlərin üzərinə düşür. Müəllimlər də öz məsuliyyətlərini başa düşməli, şagirdləri Vətəni qorumağa, onu sevməyə və hər qarışı uğrunda mübarizə aparmağa hər zaman hazır olmağa ruhlandırmalıdırlar. Bu, müəllimlərin üzərinə düşən əsas vəzifələrdən biridir. Qeyd etmək istərdik ki, Azərbaycan milli idman oyunları da şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi işində müəllim-şagird münasibətlərinə mühüm təsir edir. Müəllimin, xüsusən də hərbi hazırlıq və idman müəlliminin hərbi-vətənpərvərlik tərbiyəsinə daha yaxşı bələd olması, milli idman oyunlarının keçirilməsi zamanı uşaqlara səmimi münasibət göstərməsi vacibdir. Danılmaz faktdır ki, böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir. Şanlı keçmişə malik olan xalqımızın tarixində hər zaman şücaəti, qəhrəmanlığı ilə tanınan oğullar yer alıblar. Vətən torpaqlarının qorunması uğrunda canlarını qurban verən belə oğulların adları tariximizin qəhrəmanlıq səhifələrinin bəzəyidir. Ən qədim zamanlardan bəhs edən ədəbiyyat nümunələrimizdə, xalq dastanlarımızda kişilik, cəsurluq rəmzi kimi göstərilən igidlərimizi bu gün də qürurla anırlar. Cavanşir, Babək, Koroğlu, Tomris kimi cəsur insanlar uzun əsrlərdir ki, xalqımızın yaddaşında yaşayır, unudulmurlar. Vətənin azadlığı uğrunda 20 il ərəb istilaçılarına qarşı mübarizə aparan Babəkin dediyi "40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır” sözləri vətənpərvərliyin, mübarizliyin simvoludur. Müstəqil Azərbaycan dövlətinin formalaşmasında fədakarlıq göstərərək canlarından keçən qəhrəmanlarımız məhz Babək kimi qeyrətli babaların nəvələridir. Tarixin Azərbaycan xalqına yaşatdığı ağır illərdə vətənin cəsur oğulları ciyin-ciyinə döyüşüb, torpaqlarımızın hər qarışı uğrunda canlarından keçməyə hazır olublar. Məhz vətən təhlükədə olanda çiyin-çiyinə dayanmaq, səfərdə arxa-arxaya söykənmək ən vacib məsələdir. Yurdumuzun say-seçmə oğulları məhz həmin anlarda birləşib, düşmənə qarşı birgə mübarizə aparıblar. Qarabağda baş verən müharibə bir daha göstərdi ki, bu xalq vətənin başı üzərində qara buludlar toplaşanda birləşməyi, yumruğu bir yerə vurmağı bacarır. Erməni daşnaklarının Qarabağa hücumu, qədim Azərbaycan torpaqlarına qarşı apardığı işğalçılıq siyasəti birliyimizi, vətən sevgimizi sınağa çəkdi. Doğma torpaqlarımızın azadlığı uğrunda aparılan qanlı döyüşlərdə minlərlə oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldı, öz adlarını qanları ilə tarixə yazdılar. Xalqımızın ədalətli müharibəsində bütün bölgələrdən, o cümlədən Sumqayıtdan minlərlə vətənpərvər insan iştirak edib. Bu şəhərdə doğulub boya-başa çatan oğullarımız arasında Milli Qəhrəmanlar, "Azərbaycan Bayrağı” Ordeninə layiq görülən igidlərimiz var. Sumqayıtlılar belə oğullarımızla qürur duyurlar.
Bütün bunlarla yanaşı, unutmaq olmaz ki, bu gün torpaqlarımızın bir hissəsi düşmən tapdağı altındadır. Bir milyondan çox soydaşımız öz yurd-yuvasından qovulub. Bu baxımdan, gənc nəslin hərbi-vətənpərvərlik, vətənə, dövlətə sədaqət, torpaqlarımızın bütövlüyünün müdafiəsinə hazır olmaq ruhunda tərbiyə edilməsi başlıca vəzifədir. 1995-ci ildən keçirilən "Şahinlər” və "Cəsurlar” hərbi-idman oyunları sumqayıtlı gənclərin vətən sevgisinin artırılmasında əvəzsiz rol oynayır. Hər il burada məktəblilərin iştirakı ilə hərbi paradın keçirilməsi ənənə şəkilini alıb. Məktəblilərin tədris ocaqlarında aldıqları hərbi biliklər bu paradda nümayiş etdirilir. Onu da deyək ki, hərbi paradlar Sumqayıt Şəhər Gənclər və İdman Baş idarəsinin fəaliyyət proqramı əsasında təşkil edilir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər şəhərdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçilir. "Şahinlər” hərbi-idman və "Cəsurlar” hərbi-idman və turizim oyunları, "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır. Sumqayıtlı gənclərin N saylı hərbi hissələrlə əməkdaşlığı da ildən-ilə gücləndirilir. Bütün bunlar isə, şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Növbəti hərbi parad may ayının 6-da keçirildi. Məktəblilərin hərbi paradı gənc nəslin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərən tədbirlərdən biri idi.
Ulu öndər Heydər Əliyevin 91 illiyi ərəfəsində təşkil edilən bu paradda 3 mindən çox məktəbli iştirak etdi. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər zirehli texnika maketləri nümayiş olundu. Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olan "Difai” təşkilatını tərənnüm edən atlı süvarisi də bacarığını göstərdi. Paradı on minlərlə sakin izlədi. Məktəblilərin paradı ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət edərək sumqayıtlılara bir daha bayram təntənəsinin sevincini yaşamağa imkan verdi.
Tədbir başa çatdıqdan sonra təşkilatçıların, müəllimlərin, valideynlərin və iştirakçı şagirdlərin təəssüratlarını öyrəndik.

"Mən bu tədbirləri böyük maraqla, həvəslə izləyirəm”
Əjdər Əsədov (İstefada olan hərbçi):
- Gənclərin vətənpərvərlik tərbiyəsi, onların vətənə sədaqət ruhunda yetişdirilməsi günümüzün ən vacib, aktual məsələsidir. Bu baxımdan, respublikamızın paytaxtında, eləcə də bölgələrdə fəaliyyət göstərən məktəblərdə bu sahəyə geniş yer verilir. Sumqayıt şəhəri də gənclərlə iş sahəsində fəallıq göstərir. Əhalisinin əsas hissəsini gənclərin təşkil etdiyi Sumqayıtda aidiyyatı qurumlar, orta ixtisas məktəbləri keçirilən tədbirlərdə müntəzəm iştirak edirlər. Gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı müxtəlif səpkili yarışlar, viktorinalar, Qarabağ veteranları ilə görüşlərin təşkil edilməsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə bərabər, şəhərdə fəaliyyət göstərən digər qurumların da üzərinə böyük məsuliyyət düşür. Görülən bu işlər sumqayıtlı gənclərin orduya hazırlığında əhəmiyyətli rol oynayır. Artıq 4-cü ildir ki, şəhərimizdə məktəblilərin iştirakı ilə hərbi parad keçirilir. Mən bu tədbirləri böyük maraqla, həvəslə izləyirəm. Şagirdlərin iştirakı ilə keçirilən hərbi parad hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması üçündür. Bugünkü hərbi keçidi Sumqayıtın minlərlə sakini seyr etdi. Hesab edirəm ki, belə tədbirlər gənclərin orduya hazırlığında, onların mənlik şüurunun formalaşmasında əvəzsiz rol oynayır. Tədbirdə iştirak edən hər bir şagird özünün məsuliyyətini başa düşür, üzvü olduğu komandanın birincilər cərgəsində yer almasına can atır. Bir sözlə, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsində, onlarda xalqa, torpağa bağlılığın formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

"Məktəblərdə aparılan işlər gənclərin hərbi biliklərə yiyələnməsinə daha çox yönəldilməlidir”
Elçin Cəlilov (müəllim):
- Məktəbli gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ən vacib məsələdir. Məktəblərdə bu işə xüsusi diqqət göstərliməlidir. Orduya hazırlaşan gənclər arasında vətənpərvərlik mövzusunda geniş söhbətlər aparmaq, onları vətənin müdafiəçiləri kimi formalaşdırmaq hər bir təhsil müəssisəsinin qarşısında duran vacib məsələyə çevrilməlidir. Məktəblərdə aparılan işlər gənclərin hərbi biliklərə yiyələnməsinə daha çox yönəldilməlidir. Dərs dediyim orta məktəbdə bu məsələyə xüsusi diqqət göstərilir. Burada Milli Qəhrəmanlarımızın foto-stendini yaratmışıq. Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərimizlə söhbətlər aparır, diskussiyalar təşkil edirik. Şagirdlərimiz "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Bu baxımdan şagirdlərimizin hərbi-idman oyunlarında iştirakı məktəb rəhbərliyi tərəfindən lazımı səviyyədə təşkil olunur. Sumqayıt məktəblərinin paradında bizim məktəbin də şagirdləri müntəzəm iştirak edirlər. Hesab edirəm ki, məhz bu cür tədbirlər gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüuru formalaşır.

"Gənc nəslin vətənpərvər ruhda formalaşmasına geniş fikir verilir”
Hacı Umudov (şəhid atası):
- Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu belə bir vaxtda bu cür tədbirlərin keçirilməsi vacibdir. Gənclərimizin orduya hazırlığı baxımından bunlar xüsusi əhəmiyyət daşıyır. Çox sevinirəm ki, gənc nəslin vətənpərvər ruhda formalaşmasına geniş fikir verilir. Bu gün hərbi paradda iştirak edən məktəblilərin əsl əsgər kimi addımlaması, silahdan istifadə etmək bacarığına malik olması qürurvericidir. Hiss edirsən ki, bu gənclər vətənimizin müdafiəsinə hazırdırlar. Bu isə ən önəmli bir işdir. Məktəblilərin vətən sevgisi, torpaqlarımızın hər qarışı uğrunda mübarizəyə hazır olması qəlbimizi ruhlandırır. Vətənimizin bütövlüyünün qorunması işğalçıların tapdağı altında qalan torpaqlarımızın azad edilməsi gənc nəslin vətənpərvər ruhda yetişməsini önə çəkir. Çox yaxşı haldır ki, bu məsələyə məktəblərdə diqqətlə yanaşılır. Gənclərimiz Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanları, vətən üçün canını fəda edənləri unutmamalıdırlar. Sevinirəm ki, yeniyetmələr və gənclər Qarabağı unutmur, xalqımızın üzləşdiyi faciələrin tarixini dərindən öyrənirlər. Bütün bunlar isə, vətənimizin sabahı olan gənclərimizin milli mənlik şüurunun inkişaf etdiyini sübut edir.

"Hərbi paradlar şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində əvəzsiz rol oynayır”
Firəngiz Quliyeva (müəllimə):
- Məncə, hərbi-idman oyunlarının, o cümlədən hərbi paradların keçirilməsi ənənəvi olmalıdır. Çünki bu cür tədbirlər uşaqlarımızın vətənpərvər ruhunda böyüməsinə şərait yaradır, onlarda vətənə sevgi və dövlətə sadiqlik hissi formalaşdırır. Belə tədbirlərdə qazanılan təcrübə gənc nəslimizin həm ordu sıralarında xidmətində, həm də gələcəkdə bir vətəndaş kimi yetişməsində böyük rol oynayır. Orta məktəblərdə diskussiyaların keçirilməsi, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşlərin təşkili, Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətlər uşaqlarda vətənpərvərlik hisslərini artırır. Əsas odur ki, bu hisslər onların daxilindən gəlsin. Sumqayıt məktəblilərinin hərbi paradını hər il izləyirəm. Hesab edirəm ki, hərbi paradlar şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində əvəzsiz rol oynayır. Qeyd edim ki, hərb sənətinə olan sevgi uşaqlara məktəb dövründən aşılanmalıdır. Həmçinin uşaqların fiziki hazırlığına da diqqət yönəldilməlidir. Çünki hərbi-idman oyunlarında dözümü olan şagird bütün mərhələlərdə uğurlu çıxışı ilə yadda qalır. Bundan başqa, orta məktəb müəllimlərinin üzərinə də ağır yük düşür. Çünki fənnindən asılı olmayaraq, hər bir müəllim dərsin müəyyən hissəsini vətənpərvərlik mövzularına həsr etməlidir. Yaddan çıxarmaq olmaz ki, bizim 20 faiz torpağımız işğal altındadır. Onları geri qaytarmalıyıq. Vətənimizin torpaqları uğrunda canlarını fəda edən oğullarımız barədə tez-tez söhbətlər aparılmalıdır ki, gənc nəsil həmin qəhrəmanlardan örnək götürsün. Gənclər öz vətənlərini sevməli və dərslərinə ciddi yanaşmalıdırlar. Mən bir müəllimə kimi, deyə bilərəm ki, bugünkü tədbirdə iştirak edən şagirdlər gələcəkdə bir vətəndaş kimi formalaşacaq, vətənin keşiyində sədaqətlə dayanacaqlar.

"Balaca "əsgərlər” vətənimizin sabahkı keşikçiləridir”
Nigar Əliyeva (evdar qadın):
- Parad çox xoşuma gəldi. Belə tədbirlərin müntəzəm təşkil olunması, məncə, gənc nəslin vətənpərvər ruhda yetişməsinə çox böyük köməklik göstərir. Paradda iştirak edən məktəbliləri hərbi geyimdə gördüyüm zaman, düzü, kövrəldim. Eyni zamanda, bu uşaqlarla qürur duydum. Düşünürəm ki, bu balaca "əsgərlər” vətənimizin sabahkı keşikçiləridir. Onların parad zamanı əsil əsgərlər kimi addımlaması bir daha göstərir ki, bu gün hələ parta arxasında oturan bu uşaqların orduya hazırlığı yüksəkdir. Mənim IX sinifdə oxuyan oğlum da hərbi paradın iştirakçısı idi. İnanın ki, parada çağırıldığı üçün sevincimin həddi-hüdudu yox idi. Məktəbdən başqa evdə də hər gün məşq edirdi. Bunları deməkdə məqsədim odur ki, uşaqlar belə tədbirlərə həvəslə qoşulurlar. Bu paradı minlərlə Sumqayıt sakini izlədi. Buradan belə bir nəticə çıxarmaq olar ki, insanlar gələcəyimiz olan gənc nəslin orduya hazırlığı ilə maraqlanırlar. Paradda iştirak edən məktəblilərin hər birinə can sağlığı arzulayıram. Arzu edirəm ki, onlar doğma vətənə sadiq insanlar kimi formalaşsınlar.

"Azərbaycan dövlətinin güclü ordusu var”
Elxan Məmmədov (ehtiyatda olan hərbçi):
- Keçmiş hərbçi kimi deyə bilərəm ki, uşaqların - gələcəyin əsgərlərinin sıra yerişi çox xoşuma gəldi. Hiss olunurdu ki, onlar bu tədbirə yaxşı hazırlaşıblar və özlərində məsuliyyət hiss edirlər. Şagirdlərin keçidini yüksək hazırlığın məhsulu hesab etmək olar. Sevinirəm ki, Azərbaycan ordusunda yer alacaq bu gənclər hərb sənətinin incəliklərinə orduda olan qayda-qanuna indidən yiyələnirlər. Danılmaz fakdır ki, bu gün Azərbaycan dövlətinin güclü ordusu var və bu ordu zəbt olunmuş torpaqlarımızı azad etmək iqtidarındadır. Hamımız inanırıq ki, qüdrətli ordumuz torpaqlarımızın bütövlüyünü bərpa edəcək. Paradda nizami addımlarla irəliləyən məktəblilər də gələcəkdə orduda xidmət edəcəklər. Onların hazırlığı qənaətbəxşdir. Məncə, yeniyetmə və gənclərin vətən sevgisi, torpaqlarımızın müdafiəsi üçün hazır olmaları məhz belə tədbirlərdən qaynaqlanır. Uşaqların milli mənlik şüuru inkişaf edir, onlarda hərb sənətinə maraq artır. Məni ən çox sevindirən məktəblilərin cəlb edildiyi "Şahinlər” və "Cəsurlar” hərbi-idman oyunlarıdır. Bu oyunlarda məktəblilər silahla davranış qaydalarını öyrənir, müxtəlif çətinlikləri dəf etmək üzrə təlimlər keçirlər. "Cəsurlar” və "Şahinlər” yarış xarakterli olduğu üçün iştirakçılar daha əzmkar mübarizə aparırlar, birinci olmağa çalışırlar. Bütün bunlar isə gənclərimizin milli mənlik şüurunun formalaşmasına müsbət təsir göstərir.

"Müəllimlərimiz bizə tövsiyələrini verir, vətən sevgisini aşılayırlar”
Xəqani Abdullayev (tədbir iştirakçısı, XI sinif şagirdi):
- Hərbi paradda iştirak etdiyim üçün çox sevinirəm. Məktəbimizin komandası bu tədbirə çox yaxşı hazırlaşmışdı. Düzdür, hərbi parad yarış xarakterli deyil, burada komandalara xal verilmir. Buna baxmayaraq, öz bacarığımızı göstərməyə çalışdıq. Onu da deyim ki, təhsil aldığım məktəbdə vətənpərvərlik mövzusuna xüsusi diqqətlə yanaşılır. Müəllimlərimiz bizə tövsiyələrini verir, vətən sevgisini aşılayırlar. Vətənpərvərliklə bağlı inşa müsabiqələri keçirilir, diskussiyalar aparılır. Biz bilirik ki, vətənimizin torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır. Şübhəsiz, Azərbaycanın qüdrətli ordusu işğalçıları yurdumuzdan qovmaq gücünə malikdir. Biz gənclər də bu orduda xidmətə hazırlaşırıq. Güclü bir ordunun əsgəri olmaq insanda qürur hissləri yaradır, eyni zamanda onun məsuliyyətini gücləndirir. Hərbi paradda da eyni hissləri keçirdik. Valideynlərimiz, müəllimlərimiz və şəhər sakinləri paradı izləyirdilər. Onların etimadını doğrultmaq üçün əlimizdən gələni etməyə çalışırdıq.

"Hərbi parad orduya hazırlıq xarakteri daşıyır”
Heydər Əhmədov (tədbir iştirakçısı, X sinif şagirdi):
- Məktəblilərin hərb sənətinə olan marağını artırmaq, onlara vətənpərvərlik hisslərini aşılamaq günümüzün vacib məsələlərindən biridir. Bu məqsədlə respublikamızın ayrı-ayrı təhsil ocaqlarında hərbi idman oyunları keçirilir. Məktəblilər öz bilik və bacarıqlarını belə yarışlarda nümayiş etdirirlər. Bizim məktəbin şagirdləri də "Şahinlər” və "Cəsurlar” hərbi idman oyunlarında həvəslə yarışırlar. Yuxarı sinif şagirdləri artıq silahın sökülüb-yığılmasını, əleyhqazdan istifadə qaydalarını, ümumiyyətlə orduda lazım olan bəzi işləri yerinə yetirə bilirlər. Məktəblilərin iştirakı ilə keçirilən hərbi parad orduya hazırlıq xarakteri daşıyır. Bütün məktəblər kimi, bizim məktəb də bu tədbirə yüksək səviyyədə hazırlaşmışdı. Komanda yoldaşlarım sıra yerişində bacarıqlarını göstərdilər. Məncə, məktəb rəhbərliyinin bizə olan etimadını doğrulda bildik.
Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.