İbrahim Talıbov: “Qələbəmi üzərimdə böyük əziyyəti olan Emin müəllimə həsr edirəm”  - ÇEMPİONLUQ TƏƏSSÜRATLARI

İbrahim Talıbov: “Qələbəmi üzərimdə böyük əziyyəti olan Emin müəllimə həsr edirəm”  - ÇEMPİONLUQ TƏƏSSÜRATLARI

Olimpiya oyunları

Bugün, 00:44

“Dakar-2026-ya çox ciddi hazırlaşmışdım. Çox sevinirəm ki, çəkdiyim zəhmətin bəhrəsini gördüm və Azərbaycan bayrağını yüksəklərə qaldırdım”. 
Bu sözləri Olimpnews.az-a müsahibəsində Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının cüdo yarışlarında -55 kq çəki dərəcəsində qızıl medal qazanan İbrahim Talıbov deyib.
Yarış ərzində üç görüş keçirdiyini deyən cüdoçumuz və ən çətin görüşünün final qarşılaşması olduğunu bildirib. 
“İlk qarşılaşmada Mərkəzi Afrika Respublikasının təmsilçisini ipponla məğlub etdim. İkinci görüşdə Əfqanıstan idmançısına qarşı da eyni nəticəyə nail olub. Rəqibimi saxlama fəndi ilə məğlub edərək finala yüksəldim. Həlledici qarşılaşma isə çətin keçdi. Xorvatiyalı rəqibin yuko xalı ilə hesabda önə keçməsinə baxmayaraq, mübarizəni öz xeyrimə dəyişərək çempion olmağı bacardım. Dakarda çempion olmaq məni çox sevindirir. Mən eyni zamanda komandamıza ilk Dakar Olimpiadasının ilk qızıl medalını qazandırdım. Bu yarışın mahiyyəti mənim üçün çox böyükdür. Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Çox sevincliyəm ki, ölkəmə medalla qayıdacağam. İnanıram ki, bu olimpiada gələcək karyerama müsbət təsir edəcək”, - deyə İbrahim Talıbov qeyd edib.  
Yeniyetmə cüdoçumuz yarışlara hazırlıq prosesindən də danışıb: “Əvvəlcə Qazaxıstanda təlim-məşq toplanışında iştirak etdik. Sonra isə Bakıda hazırlıqlarımızı davam etdirdik. Bizə yarışlara yüksək səviyyədə hazırlaşmağımıza hər cür şərait yaratdığına görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yarışdan əvvəl bütün rəqiblərimizi təhlil etmişdik. Hər biri ilə mübarizə planı qurmuşduq. İlk dəfə qarşılaşdığım rəqiblərə və yarış həyəcanına baxmayaraq, özümə çempion oldum. Dakarda çox gözəl Olimpiya ab-havası var. Burada bizə dəstək olan Milli Olimpiya Komitəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”. 
Yeniyetmə Olimpiya çempionumuz müsahibə zamanı qələbəsini məşqçisi Emin İskəndərova həsr etdiyini bildirib: “Oyunlardan əvvəl Dakar-2026-da iştirak etmək üçün dörd namizəd var idi. Buna baxmayaraq, komandamızın baş məşqçisi Emin İskəndərov məhz mənə güvəndi və bu yarışda iştirak etmək üçün məni seçdi. Mən də ona çempion olacağıma söz verdim. Sözümün üstündə durdum. Qələbəmi üzərimdə böyük əziyyəti olan Emin müəllimə həsr edirəm”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR