FİFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilən iclasında maraqlı qərarlar qəbul edilib. Ali futbol qurumunun üzvləri 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatını müzakirə ediblər. Yay mövsümündə havanın hərarəti ilə əlaqədar Qətərdə çempionatın təşkilinin olduqca çətin, hətta mümkünsüz olacağı nəzərə alınaraq dünyanın ən böyük futbol turnirinin qış aylarında keçirilməsi qərara alınıb.
FİFA-dan verilən yazılı açıqlamada qeyd edilib ki, dünya çempionatı 21 noyabr - 18 dekabr tarixləri arasında keçiriləcək və 28 gün davam edəcək. Final oyunu dekabrın 18-də, Qətərin müstəqillik günündə oynanılacaq.