Qran-pri yarışında 6 idmançımız mübarizə aparacaq

Qran-pri yarışında 6 idmançımız mübarizə aparacaq

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) para-atletika millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Dubai 2021 World Para Athletics” Qran-prisində iştirak edəcək.
MPK-dan verilən məlumata görə, fevralın 6-da start götürəcək yarış öncəsi qurumun prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib.
Görüşə MPK-nın baş katibi Kamal Məmmədov da qatılıb.
Rəhimov pandemiya səbəbindən uzun müddət yarışlardan kənarda qalan idmançılara uğurlar arzulayıb. O qeyd edib ki, yarış lisenziya xarakterli olduğundan Qran-pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.
Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduqlarını bildirib.
Para-atletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək.
Qeyd edək ki, 3 para-atlet artıq Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.