Milli Gimnastika Arenası daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Milli Gimnastika Arenası daha bir mötəbər yarışa ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) 2021-ci ildə təşkil edəcəyi ən irimiqyaslı yarış aerobika gimnastikası üzrə dünya çempionatı olacaq.
Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarış mayın 27-29-da keçiriləcək. Azərbaycanda son dövrlərdə inkişaf etdirilən bu növ üzrə Avropa çempionatı isə ilk dəfə olaraq 2019-cu ildə təşkil edilmişdi. Aerobika gimnastikası üzrə Avropa çempionatına uğurla ev sahibliyi etmiş Milli Gimnastika Arenası artıq bu dəfə dünya çempionatı zamanı gimnastikanın ən dinamik növünün nümayəndələri üçün öz qapılarını açmağa hazırlaşır.
İlkin qeydiyyat siyahısına əsasən, yarışda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.
Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.