Onların bir medalı ölkəsinin tarixində yeni salnamə yaratdı

Onların bir medalı ölkəsinin tarixində yeni salnamə yaratdı



Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının arzusudur. Amma, necə deyərlər, arzudan arzu yaranır. Əgər bir idmançı olimpiadaya vəsiqə əldə edibsə, deməli hədəf mükafatdır. Mükafatın ən dəyərlisi isə təbii ki, qızıl medaldır. Lakin qeyd olunduğu kimi dünyanın ən böyük idman yarışında gümüş və bürünc qazanmaq da uğur sayılır.
Rio-2016 Yay Olimpiya Oyunlarında medal qazanan ölkələrin və idmançıların siyahısına nəzər salanda, bir sıra maraqlı nəticələrlə rastlaşdıq. 207 ölkə arasında elə yığma komandalar oldu ki, cəmi 1 medal əldə etdi. Bu medal həmin idmançıların və yığma komandanın əsas göstəricisi oldu.
Həmin idmançıları oxucularımıza təqdim edirik.


 

Bakıdan başlayan bürünc
debütün Rio-dakı qızıl davamı...


Avropanın ən gənc və ən kiçik ölkələrindən biri olan Kosovo üçün Rio-2016 yadda-qalan olacaq. Bu o demək deyil ki, kosovalı idmançılar ilk dəfə idi Olimpiya Oyunlarına yollanmışdılar. Buna qədər onlar Yuqoslaviya (1920-1988), Serbiya və Çernoqoriya (1996-2006) və Serbiya yığmalarının tərkibində Oyunlarda iştirak etmişdilər. 4 ildir ki, müstəqillik əldə edən Kosovo üçün Rio Olimpiadası bir “ilk” oldu. Əslində Kosovonun kütləvi idman yarışlarında iştirakı 2015-ci ilə təsaduf edir. Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında Kosovo da iştirak etdi. Azərbaycan paytaxtında keçirilən Oyunlarında bu ölkə debüt etdi. Avropanın gənc ölkəsi Bakı-2015-də 18 idmançı ilə təmsil olundu. Avropa Oyunlarında onlar cəmi bir medal qazana bildi. Kosovonun heyətində cüdoçu Nora Qyakova (57 kq) bürünc medala yiyələndi. O, ölkəsinə Avropa Oyularında ilk medalı qazandıran idmançı kimi tarixə düşdü. Avropa Oyunları Kosovo üçün bir tramplin oldu, desək, yanılmarıq. 1 il sonra Cənubi Amerikada təşkil olunan Olimpiadada kosovalı atlet yeni nailiyyəti ilə diqqət çəkdi. Adıçəkilən ölkə yenə də cüdo idman növündə fərqləndi. Yenə də qadın idmançı ölkəsinin bayrağını dalğalandırdı. 8 növdə 8 idmançı (3 kişi və 5 qadın) ilə mübarizə aparan Kosovonun heyətində Maylinda Kelmendi (52 kq) bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Kosovo bayrağını dalğalandırdı. Xanım idmançı Olimpiya Oyunları tarixində yeni bir səhifə açdı.


“Divlər”ə meydan oxuyan cırtdan”
 


Kosovodan fərqli olaraq Fici istər siyasi sferada, istərsə də idmanda böyük ənənələri olan ölkələrdən sayılır. Okeaniyada yerləşən, ərazisinə görə dünyada 151-ci yeri tutan ada ölkəsi Olimpiya Oyunlarında dəfələrlə iştirak edib. Melbrun (1956) Olimpiadasından Rio-ya qədər 14 dəfə yarışlarda iştirak edən Fici idmançıları yalnız Cənubi Amerikada istəyinə çatdı. London-2012-də cəmi bir idman növündə (ağırlıqqaldırma) yeganə idmançı ilə təmsil olunan okeaniyalılar arzularını 4 il sonra Braziliyada reallaşdıra bildilər. Özü də komanda şəklində... Belə ki, dünyanın ən güclü reqbi yığmaları ilə mübarizədə Fici millisi qızıl medallara yiyələndi. ABŞ (19:24), Yeni Zelandiya (7:12) və Böyük Britaniya (7:43) kimi güclü yığmaları məğlubiyyətə uğradan Fici idman salnaməsində yeni bir səhifə açdı. Halbuki Fici millisinin məğlub etdiyi komandalar, ABŞ nəzərə almasaq, indiyə qədər Olimpiya Oyunlarında qızıl medallara yiyələnib. ABŞ bu siyahıda lider olaraq qalır. Çünki “yankilər” reqbi idman növündə iki dəfə medal qazanan yeganə ölkədir.



Felpsin qızıl medalını əlindən alan sinqapurlu


Jozev Ayzek Skulinq. Bu ad çoxları üçün yad və tanış olmayan olub. Amma Rio-2016-da onun “közərən ulduzu” birdən-birə parıldadı. Sinqapurlu üzgüçü eyni zamanda ölkəsinin tarixində silinməz iz qoydu. Dünya çempionatının (2015) bürünc, Asiya Oyunlarının qalibi olan Ayzek Skulinq idmanda yeni simalardan birinə çevrildi. Onun tərcümeyi-halı ilə tanış olarkən, hər şey aydın olur.
O, 1995-ci ildə anadan olub. Atası ingilis, anası çinli olan Ayzek ikinci sinifdən sonra təhsilini ABŞ-da davam etdirib. Floridada Bolis internat-məktəbinin məzunu olduqdan sonra, Ostində yerləşən Texas Universitetinə qəbul olub. Okeanın o tayında təhsil almasına baxmayaraq, Ayzek ölkəsi ilə əlaqəni kəsməyib. O, Sinqapur bayrağı altında bir sıra mötəbər yarışlarda iştirak edib. Bu uğurları nəzərə alan Sinqapur hökuməti onu hərbi xidmətdən azad edib.
Əsas məsələ odur ki, o, ABŞ-da üzgüçülüyü tam mənimsəyib. Heç vaxt heç kim, ağlına belə gətirə bilməzdi ki, ABŞ-da təlim keçən sinqapurlu idmançı ABŞ-ın fəxri, Olimpiya Oyunlarının əfsanəsi Maykl Felpsi qabaqlaya, Onun qızıl medal əldə etməsinə mane ola bilər. Jozev Ayzek Skulinq Maykl Felpslə mübarizədə qalib gələn yeganə idmançılardan biridir. 100 m batterflyay növündə Olimpiya çempionu adını qazanan sinqapurlu atlet bütün dünyada tanındı. Sinqapurun yeganə Olimpiya çempionu bu barədə bunları deyib: “Mən qısa zaman ərzində böyük nailiyyət qazanmışam. Felps kimi, dahidən qızıl medal qoparmaq, sizcə nə deməkdir? Düz 8 il bundan qabaq onunla görüşmüşdüm. O, Olimpiya çempionu olanda mən məktəb yarışlarında çıxış edirdim. İstək və arzu insanı hər bir uğura çatdırır. Pekin Olimpiadasından sonra mən də Olimpiya çempionu olmaq istəyirdim. İstəyimi kürəyimi tatuaj etdirmişdim. Valideynlərimdən icazə alıb, kürəyimə bu sözləri yazdırdım: “Yaxınlaş və qazan”. Mən nəinki, çempiona yaxınlaşdım, onu ötərək medal qazandım. Bu qədər!”


 

 

 

Anar Əhmədov