Nazim Babayev: "Ardıcıl zədələr və uzun müddət yarışlarda çıxış edə bilməməyim uğursuzluğa təsir etdi”

Nazim Babayev: "Ardıcıl zədələr və uzun müddət yarışlarda çıxış edə bilməməyim uğursuzluğa təsir etdi”

"Bunu qəbul etmək çox çətindir. Ən çox üzüldüyüm isə mənə dəstək olanların, bütün Azərbaycan xalqının etimadını doğrulda bilməməyimdir".
Bu sözləri azərbaycanlı atleti Nazim Babayev özünün şəxsi instaqram səhifəsində yazıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarında üç təkanla tullanma növündə finala yüksələ bilməyən idmançı ilk növbədə ona dəstək olan insanlara təşəkkür edib: "Hər kəsə, ailəmə, dostlarıma, məşqçimə və bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Bütün yazılan mesajları, xoş sözləri gorürəm və sizə dəstəyinizə görə hədsiz dərəcədə minnətdaram. 4 ay müddətində ardıcıl zədələr, uzun müddət yarışlarda çıxış edə bilməməyim və s. uğursuzluğa təsir etdi. Amma içimdəki hiss məni heç bir halda təslim olmağa qoymaz! Heç bir halda yolumdan dönmərəm. Bu, hələ son deyil. Mən heç yana getmirəm. Bir az istirahətdən sonra yeni mövsümə hazırlıq başlayacaq. Qarşıdakı 3 il müddətində var gücümlə çalışacağam və biz sizinlə Parisdəki Olimpya Oyunlarında görüşəcəyik.  Mümkündür”.
Atlet sonda Azərbaycanı Tokio olimpiadasında təmsil etdiyi üçün həqiqətən qürur duyduğunu bildirib.
Qeyd edək ki, Nazim Babayev Tokio-2020-də 32 idmançı arasında 15-ci yeri tutub.