Olimpiya Oyunlarında qadağalarla üz-üzə qalan ölkələr

Olimpiya Oyunlarında qadağalarla üz-üzə qalan ölkələr

İdman aləmində bütün zamanların ən baxımlı, maraqlı və həyəcanla gözlənilən yarışı Olimpiya Oyunlarıdır. Dörd ildən bir təşkil olunan bu Oyunlara idmançılar xüsusi əzmlə hazırlaşırlar. Təbii ki, hər bir idmançının medal kolleksiyasında da Olimpiya Oyunlarının medalı əvəzolunmazdır. Amma bəzən idmançının illərdir çəkdiyi əziyyət, yorğun və yuxusuz məşq günləri bir anda hədər olur. Əlbəttə, bu həm idmançının səhvi, həm də təmsil etdiyi ölkənin siyasi baxımdan atdığı addımlarla əlaqədardır. Tarixdə isə müxtəlif ölkələrin idmandankənar səbəblərlə əlaqədar Olimpiya Oyunlarından kənarda qalması halı kifayət qədərdir. "Olimpiya dünyası” qəzetinin budəfəki sayında müxtəlif ölkələrin qeyri-idman səbəbi ilə əlaqədar Olimpiya və Paralimpiya Oyunlarında mübarizədən kənarda qalmasını əks etdirən hadisələr barədə məlumat verəcəyik.



Antverpen-1920

Müxtəlif ölkələrin Olimpiya Oyunlarında iştirakına qadağaların qoyulması bir əsr bundan əvvəl başlayıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1920-ci ildə Antverpendə təşkil olunan olimpiadada almaniyalı idmançıların və birinci Dünya Müharibəsində Almaniya ilə müttəfiq olan ölkələrin Oyunlarda iştirakını qadağan etmişdi. Bunlar Avstriya, Macarıstan, Bolqarıstan və Türkiyə oldu. Bundan əlavə, SSRİ milli komandasının üzvləri də Antverpen-1920-də iştirakdan imtina etmişdilər. Belə ki, Sovet hakimiyyəti tərəfindən Olimpiya Oyunlarında iştirak üçün 8 atletin namizədliyi irəli sürülsə də, Beynəlxalq Olimpiya Komitəsi buna rədd cavabı vermişdi.





London-1948

1948-ci ildə Londonda keçirilən XIV Yay Olimpiya Oyunları müharibədən sonra çətin bir vaxtda təşkil olunmuşdu. Maraqlıdır ki, ölkədə Oyunlar üçün yeni idman qurğusu belə inşa olmamışdı. Almaniya və Yaponiya isə BOK-un tərkibindən çıxarılmış və Olimpiya Oyunlarında iştirak etməmişdi. Amma SSRİ yığma komandası isə Olimpiya Oyunlarında mübarizə aparmaq üçün xüsusi dəvət almışdı. Lakin buna baxmayaraq, Sovet hakimiyyəti Oyunlardan imtina edərək, 1952-ci ildə Helsinkidə iştirak edəcəyini bəyan etmişdi.





Melburn-1956

Çin Xalq Respublikası 1956-cı ildə Avstriyada keçirilən Olimpiadada iştirakdan imtina etmişdi. Buna səbəb Oyunlara Tayvan millisinin dəvət olunması idi. Belə ki, Çin Xalq Respublikası Tayvanı öz ayrılmaz hissəsi hesab edirdi. Nəticədə isə Çin Xalq Respublikası 1960, 1964, 1968 və 1972-ci illərdə keçirilən və Tayvanın yer aldığı Oyunlarda iştirakdan imtina etmişdi.
1956-cı ildə Melburnda keçirilən Oyunlara Çin Xalq Respublikası ilə yanaşı, daha yeddi ölkə boykota qoşulmuşdu. Misir, İraq və Livan komandaları Suveyş böhranı zamanı Sinay yarımadasının İngiltərə və İsrail tərəfindən işğalına etiraz olaraq, Oyunlarda iştirakdan imtina etdi (1956-1957). İsveçrə, İspaniya, Niderland və Lixtenşteyn isə 1956-cı ildə Macarıstanda baş verən antikommunist üsyanının sovet qoşunları tərəfindən dəf olmasına etiraz olaraq olimpiadada işitrak etmədi.




Tokio-1964

1964-cü ildə İndoneziya və Şimali Koreya Yaponiyada təşkil olunan Olimpiya Oyunlarından imtina etdi. Buna səbəb həmin ölkələrin BOK tərəfindən Yeni İnkişaf Etməkdə Olan Qüvvələrin Oyunlarında (GANEFO) iştirak etməsinə qarşı tətbiq etdiyi qadağa oldu. GANEFO 1963-cü ildə Cakartada İndoneziyanın birinci prezidenti Sukarnonun təşəbbüsü ilə antiimperialist ölkələr üçün yaradılmışdı.

Oyunlarda həmçinin Cənubi Afrika Respublikasının idmançıları da iştirak etməmişdilər. Belə ki, iki il əvvəl "aparteid” (CAR rejimi tərəfindən köklü afrikalılara və avropalı olmayan əhaliyə münasibətdə həyata keçirilən irqi fərq, ayrı-seçkilik, əsarət və zülm siyasəti) siyasətinə görə BOK Cənubi Afrika Respublikasının idmançılarının Oyunlarda iştirak etməsini qadağan etmişdi. Bundan əvvəl isə Cənubi Afrika Respublikasının daxili işlər naziri Yohannes de Klerk qaradərili idmançıların milli komandadan xaric edilməsində maraqlı idi.


Monreal-1976

1976-cı ildə Kanadada keçirilən Olimpiya Oyunlarından 20-dən çox Afrika ölkəsi imtina etmişdi. Onlar bununla Yeni Zelandiya millisinə öz etirazlarını bildirirdilər. Buna səbəb isə reqbi üzrə ölkə millisinin aparteid mövcud olan Cənubi Afrika Respublikasında tura çıxması və bir neçə yerli komanda ilə oyun keçirməsi idi. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə reqbinin qeyri-Olimpiya idman növü olduğunu bildirərək, Yeni Zelandiya yığmasını Oyunlardan kənarlaşdırmadı. İraq və Qayana Afrika ölkələrinə öz dəstəyini nümayiş etdirərək, 1976-cı ildə keçirilən Olimpiya Oyunlarında iştirak etməkdən imtina etdi.



Moskva-1980

1980-ci ildə Rusiyanın paytaxtı Moskvada təşkil olunan Oyunları ABŞ da daxil olmaqla 65 ölkə boykot etmişdi. Boykotun əsas səbəbi sovet ordusunun Əfqanıstana daxil olması idi. Maraqlıdır ki, dörd il sonra isə SSRİ yığma komandasının idmançılarına Oyunlar zamanı zərər gəlmə ehtimalı bəhanəsi ilə Los-Ancelesdə keçirilən Olimpiya Oyunlarını boykot etmişdi.
Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Puerto-Rika, San-Marino, Fransa və İsveçrə komandaları Olimpiya Oyunlarında iştirak etsələr də, Olimpiya bayrağı altında mübarizə apardılar. Həmçinin İspaniya, Yeni Zelandiya və Portuqaliya Moskvaya gəlsə də, ölkə bayrağı altında deyil, Milli Olimpiya komitələrinin bayrağı altında çıxış etdilər.



Seul-1988

1988-ci ildə Şimali Koreya Cənubi Koreyada təşkil olunan olimpiadada iştirakdan imtina etmişdi. Belə ki, Şimali Koreya Oyunların Təşkilat Komitəsinə müraciət edərək, yarışların bir hissəsini öz şəhərlərində keçirməsini tələb etdi. Lakin Təşkilat Komitəsinin bu tələbi rədd etməsi, Şimali Koreyanın Olimpiya Oyunlarında iştirakdan imtina etməsinə səbəb oldu. Kuba və Efiopiya da Şimali Koreyaya dəstək nümayiş etdirərək, Seul Olimpiya Oyunlarında mübarizəyə qoşulmamışdı.




Barselona-1992

SSRİ-nin dağılmasından sonra 12 keçmiş müttəfiq respublika (Litva, Latviya və Estoniya istisna olmaqla) Barselonada keçirilən oyunlarda Olimpiya bayrağı altında vahid yığma komanda kimi çıxış etdi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yuqoslaviya müttəfiq Respublikasına qarşı beynəlxalq sanksiyaları ilə əlaqədar olaraq bu ölkənin, həmçinin Makedoniya Respublikasının nümayəndələri (ümumilikdə 13 idman növündə 58 idmançı) Olimpiya bayrağı altında Barselonada keçirilən Oyunlarda iştirak etmişdilər.
Onları keçmiş SSRİ respublikalarının Birləşmiş komandasından fərqlənməsi üçün müstəqil Olimpiya iştirakçıları kimi təqdim etmişdilər.


Sidney-2000

2000-ci ildə Şərqi Timor İndoneziyadan müstəqillik əldə etmək prosesində idi və Milli Olimpiya Komitəsinə malik deyildi. Buna baxmayaraq, dörd idmançıya Avstraliya Olimpiadasında Olimpiya bayrağı altında çıxış etmək üçün icazə verilmişdi. Onlar ağırlıqqaldıran Martinyu de Arauju, boksçu Viktor Ramos, marafonçular Kaliştu da Koşta və Aqida Amaral idi.



London-2012

2010-cu ilin oktyabr ayında reforma nəticəsində Niderlandın Antil adalarının mövcudluğu sona çatdı. Onların əvəzinə özüidarəolunan dövlətlər Kurasao və Sent-Marten, eləcə də Bonair, Sent-Estatius və Saba icmaları yarandı. Bildirək ki, bunların hamısı Niderlandın tərkibində idi.
Niderland Antil Adaları Olimpiya Komitəsi 2011-ci ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən xaric edilmişdi. Beləliklə, Londonda keçirilən oyunlara vəsiqə qazanan idmançılara Olimpiya bayrağı altında, Niderland və ya Aruba təmsilçiləri qismində çıxış etmək hüququ verildi. Nəticədə, keçmiş Niderland Antil Adaları Olimpiya bayrağı altında üç atletdən ibarət komanda ilə çıxış etmişdi.

Neytral bayraq altında həmçinin Cənubi Sudan ərazisində dünyaya gəlmiş marafonçu Quor Marial da mübarizə aparmışdı. Buna səbəb isə bu dövlətin Oyunlar keçirilən zaman Milli Olimpiya Komitəsinin olmaması idi.


Soçi-2014

2012-ci ilin dekabrında Hindistanda dövlət başçısının seçkilərə müdaxiləsi bu ölkənin Milli Olimpiya Komitəsinin narazılığına səbəb olmuşdu. Bu səbəbdən ölkənin Milli Olimpiya Komitəsi seçkinin nəticələrini etibarsız sayaraq, bu qurumu diskvalifikasiya etdi. Beləcə, Hindistan idmançıları Soçidə keçirilən olimpiadaya neytral bayraq altında yollanmışdılar. Lakin idmançılar neytral bayraq altında cəmi bir neçə gün mübarizə apardılar.




Rio de-Janeyro-2016

Braziliyadakı Oyunlarda Olimpiya bayrağı altında qaçqınların komandası mübarizə aparırdı. Onun tərkibinə Cənubi Sudan, Suriya, Konqo Demokratik Respublikası və Efiopiyadan 9 idmançı daxil idi. Həmçinin Olimpiya bayrağı altında stend atıcılığı, üzgüçülük və qılıncoynatma yarışları üzrə Küveytdən doqquz idmançı mübarizə aparmışdı. 2015-ci ilin oktyabrında isə BOK ölkə hakimiyyətinin Küveyt Olimpiya Komitəsinin fəaliyyətinə müdaxilə etdiyi üçün bu qurumu tanımadı.




Pekin-2022

Rusiya və Ukrayna arasında baş verən siyasi gərginlik bu iki ölkə arasında müharibənin başlamasına səbəb oldu. Beləcə, Pekin-2022 Qış Olimpiya Oyunlarından sonra Rusiya qoşunları Ukraynanın şəhərlərini bombalayaraq, dağıntılar törətdi. Hələ də davam edən bu müharibə nəticəsində xeyli günahsız dinc sakin həlak olur. Bu isə idman dünyasının da hiddətinə səbəb olub. Nəticədə Rusiya dövləti bir sıra idman yarışlarından kənarlaşdırılıb. Bundan başqa Rusiyada keçirilməsi nəzərdə tutulan idman yarışları da Şimal qonşularımızın əlindən alınıb. Rusiya və Belarus idmançıları üçün ən böyük zərbə isə bu ölkələrin idmançılarının mart ayında Pekində keçirilən Qış Paralimpiya Oyunlarından kənarlaşdırılması olub.






Hazırladı:
Türkay Niftəliyeva