Biz nə üçün idman etmirik?

Biz nə üçün idman etmirik?

                   Vaxt azlığı yoxsa bəhanə?

 

İdmanın nə qədər vacib və gərəkli bir məşğuliyyət olduğunu eşitmişik. Bunu idmançılardan yaxşı bilən yəqin ki, ola bilməz. Nə qədər qəribə səslənsə də, gündəlik qayğılar səbəbindən son dövrlərdə bəzilərimiz idmanla məşğul ola bilmirik. Aramızda hətta hərdən bəzi səbəbləri qabardaraq, sağlamlığında heç bir maneə olmadan bunun üçün bir bəhanə ilə çıxış edənlər də var. Bəlkə də idman etmək istəyənlər var, lakin bunun düzgün yollarını hələ də bilmirlər. "Olimpiya dünyası" qəzeti olaraq dünyanın ən yaxşı idman mütəxəssislərinin araşdırmalarından və tərtib etdikləri məşq proqramından bəzi vacib məqamları oxucularımıza təqdim edirik.

 

    İdmanı da məsuliyyətlə qəbul etmək çətin məsələdir?

 

Hər şey idmana olan həvəsdən və onu dərk etməkdən başlayır. Fiziki gərginlik insan üçün hava, su kimi vacib və ayrılmaz hissələrdən biridir. Biz gün ərzində fəaliyyət dairəmizdən asılı olaraq müxtəlif fiziki hərəkətlərin icrası ilə məşğul oluruq. Necə deyərlər, həyat tərzimiz bu xüsusiyyətlərin üzərində formalaşıb. Amma elə məqamlar var ki, onu heç nəyi bəhanə etmədən icra edirik. Məsələn, iş fəaliyyətimiz. Bu, oturaq da ola bilər, hərəkətli də. İş fəaliyyətimiz bizim üçün həm maddi, həm də mənəvi bir tələbatdır. İstər yağış, istər qar, istərsə də isti hava şəraitindən asılı olmayaraq biz həftədə ən azı 5 gün işdə olmalıyıq. Əgər iş fəaliyyətində bu cür məsuliyyətli görünməyə çalışırıqsa, idmanı da bu cür qəbul etmək çətin məsələdir?

Əgər biz işləməsək, sosial vəziyyətimiz və maddi imkanlarımız gündəlik tələblərimizi qarşılaya bilməz.

Bəs niyə idman edib, bədənimizi sağlam etmirik? Bunun özü də hər şeydən vacib deyilmi?

 

 

   Beyindəki fikirlər, ürəyinizlə ortaq məxrəcə gəlsin

 

Hesablamalara görə insan normal vəziyyətdə həftə ərzində 160 dəqiqə idmanla və yaxud fiziki hərəkətlərlə məşğul olmalıdır. Bu ürəyimizin düzgün fəaliyyəti üçün yetərli bir vaxt müddətidir. Zallarda məşq etmək elə də vacib deyil. Yüngül və yaxud idman geyimində həyətə çıxıb, yaşadığımız məhəllə və yaxud digər ərazidə qaçışla məşğul olmaq, elə sürətli yerimək də bəs edir. Əvvəl yerişlə idman etməyi nəzərdə tutsaq, sonra addımlarımızı sürətləndirib, qaçmağa başlayacağıq. Qaçdıqdan sonra bədənimizi hərəkət etdirib, qollarımızı da işə salacağıq. Sonradan ətrafda turnikə rast gəlsək, yanından ötüb keçməyəcəyik. Hər şey tədricən öz yoluna düşəcək.

Gərgin iş günündən sonra evə gəlib, axşam həyətə düşməyən az adam tapılar. Ailə məsələləri ilə məşğul olduqdan sonra təmiz havaya çıxıb, 20 dəqiqə təklikdə gəzmək, hətta qaçmaq bilirsiniz nə qədər xeyirlidir? Təklikdə ona görə ki, özünüzlə təklikdə qalıb, iddianız sizə, siz isə iddianıza hesab verəsiniz. Beyindəki fikirlər, ürəyinizlə ortaq məxrəcə gəlsin.

Müasir dünyamızın, gündəlik həyat tərzimizin əsas hissəsini sosial şəbəkələrdə keçiririk. Başımız o qədər qarışır ki, bir də baxıb görürük ki, ən azı iki saatımızı hərəkətsiz və lazım oldu, olmadı informasiyalara sərf edirik, beyinimizi yükləyirik. Bu müddət ərzində idmanla məşğul olsaq, qazancımız daha üstün olar. Ən əsası bədənimizdən minnətdarlıq alarıq. Bir növ sağlamlığımız üçün idmana vaxt ayırmağa çalışaq. Səmərəsini mütləq görəcəyik.

 

Qan dövranı isə bizim əhvalımızı tənzimləyir

 

Əgər sağlam deyiliksə və yaxud sağlamlığımız üçün tələb olunan fiziki hərəkətləri həyata keçirməkdə tənbəllik və bəhanə axtarırıqsa, orqanizmimizin fəaliyyəti digər fəaliyyətlərin qarşısını kəsəcək. Güc tələb edən fiziki hərəkətlərin sayəsində sümüklərimiz bərkiyir, əzələ möhkəmlənir, öz fəaliyyətini normal davam etdirir. Qan dövranı isə əhvalımızı tənzimləyir. Belə olduğu halda insan orqanizmi həm xaricdən, həm də daxildən etibarlı görünür. Fiziki hərəkətlər həm də bir sıra xəstəlik və yoluxmaları özünə yaxın buraxmır.

 

  Bədənimiz bizdən “küsmür"

 

İdmanı təxirə salmaq olmaz. "Sabah edərəm", "vaxtım imkan vermir", "həvəs yoxdur" və bu kimi sadə bəhanələrin sonrakı fəsadları həyatımız bahasına gələ bilər.

İdman etdikdən sonra iştahanın artması da özünü büruzə verir. Bir növ fiziki hərəkətləri yerinə yetirdikdən sonra qidaların dadını və ətrini daha yaxşı bilmək olur. Yadda saxlamaq lazımdır ki, fiziki hərəkətlərdən sonra bədənimiz bizdən "küsmür", sözün əsl mənasında "sevinir".

 

  Özünü güvənli və gümrah hiss edirsən

 

Günün səhər və axşam saatlarında edilən idman hərəkətləri insan beynində yeni planlaşdırma aparır. Yeni idmanla məşğul olanlar bunun bəhrəsini qısa vaxtda görməyə başlayırlar. Məsələn səhər edilən idman gün boyu əhvalımıza müsbət təsir edir. Özünü güvənli və gümrah hiss edirsən. Belə olduğu halda kollektivdəki xoş ünsiyyət görülən işinizi səmərəli olmağına bilavasitə dəstək olur.

 

Anar Əhmədov