Dərmanlar oyun prinsiplərinə və idmandakı nailiyyətlərə qarşıdır

Dərmanlar oyun prinsiplərinə və idmandakı nailiyyətlərə qarşıdır

Bütün sahələrdə olduğu kimi, idmanda da uğura nail olmaq üçün insanlar daim bir-biri ilə bəhsə girmiş, yarışmışlar. İdman mübarizəsi bəşər cəmiyyətinin formalaşması ilə eyni tarixə təsadüf edir. İdmançılar öz fiziki qabiliyyət və göstəricilərini, eyni zamanda, bədən quruluşlarını yüksək səviyyədə formalaşdırmaq üçün bir sıra vasitələrdən istifadə ediblər. Tarixə nəzər salsaq görərik ki, qədim Yunanıstanda güləşçilər əzələlərinin böyüməsi üçün çoxlu ət yeyiblər. Digərləri isə müxtəlif qidalardan xüsusi üsullarla yararlanmışlar. Lakin zaman keçdikcə təbii qidalar bəzi dərmanlarla əvəz olunmağa başladı. Vəziyyət elə həddə çatdı ki, adi dərmanlardan həddən ziyadə istifadə edən idmançılar süni şəkildə uğur qazanmağa nail oldular. Məhz buna görə də, günbəgün inkişaf edən təbabətdə yeni ixtira edilən dərmanların bir hissəsi idmançılar üçün qadağan edilməyə başlanıldı. Zaman keçdikcə bu qadağalar daha kəskin xarakter aldı. İdmançıların fiziki gücünü artırmaq üçün istifadə etdiyi preparatların əksəriyyəti, ümumiyyətlə istifadədən yığışdırıldı.
İdmanda qadağan olunmuş dərman preparatlarına ümumi bir ad verildi: dopinq. Dopinqdən yararlanaraq şöhrət qazanan idmançıların əksəriyyəti öz gələcək karyeralarının üzərindən "qara xətt" çəkdilər. Onlar nüfuzdan düşüb, cəmiyyətdən kənarda qalmağa məcbur oldular. 
Qəzetimizin əvvəlki saylarında dopinqlə bağlı bir sıra maraqlı yazıları oxucularımıza təqdim etməklə, bu qorxulu vasitədən onların xəbərdar olmasına çalışmışıq. Budəfəki yazıda da dopinqlə bağlı bəzi məlumatları verməyə çalışacağıq. Dünyanın müxtəlif yerlərində təşkil edilən idman yarışlarında atletlərin dopinqdən istifadəsi barədə tez-tez xəbərlər yayılır. Turnirlərdə mübarizə aparan atletlərin əksəriyyəti qadağan olunmuş dərmanlardan istifadədə günahlandırılırlar. Bu yazıda qadağan edilmiş preparatlar haqqında məlumat əldə edəcəksiniz. 
 

Ən yüngül cəzanın müddəti iki ildir
 

İdmançıların və ümumiyyətlə, gəncliyin sağlamlığını təhdid edən dopinq tətbiqlərinin idmanın ruhuna və tibbin etik anlayışına zidd olduğunu nəzərdən qaçırmamaq lazımdır. Dopinqə qarşı bütün cəmiyyət mübarizə aparmalıdır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) və bir sıra əlaqədar qurumların tətbiq etdiyi qaydalara riayət etməklə dopinqə qarşı mübarizəni daha da kəskinləşdirmək olar. 
BOK və WADA (Beynəlxalq Antidopinq Agentliyi) kimi qurumlar bütün digər idman təşkilatlarını, hökumətləri, idmançıları və onların ətrafında toplaşanları dopinqə qarşı mübarizədə fəal iştirak etməyə çağırır. 1999-cu ildə İsveçrənin Lozanna şəhərində keçirilən "İdmanda Dopinq" ümumdünya konfransında hökumətlər, Beynəlxalq Olimpiada Komitəsi, beynəlxalq idman federasiyaları, milli olimpiya komitələrinin nümayəndələri və atletlər iştirak etmişlər. Bu konfrans dopinqə qarşı mübarizədə böyük rol oynamışdır. Tədbirdə bu problemə qarşı bəzi fikirlər söylənilmişdir. Təhsil, dopinqə qarşı mübarizə, idmançıların hüquqları, Olimpiya andı, məşqçi, hakim və digər məsul vəzifəli məmurların idmanda dürüstlüyə hörmətlə yanaşması  konfransın əsas mövzularından olmuşdur. Qeyd edilmişdir ki, dopinqə qarşı mübarizə  kampaniyalarının artırılması gənclər, idmançılar və onların yaxın ətrafının bu bəladan uzaq olmasına şərait yarada bilər. 
Dopinqlə mübarizədə bütün işlər tam bir şəffaflıq içərisində qurulmalı, idmançıların qanuni haqqlarının qorunması üçün lazım olan məxfilik qorunmalıdır. Dopinqlə mübarizə kampaniyalarının keçirilməsində KİV-lərində böyük rolu var. Dopinqlə mübarizədə bu mübarizənin təməli olaraq qəbul edilən "Dopinqlə Mübarizədə Olimpiya Hərəkatı Qanunları " əsas götürülür.
Təbii olmayan, idmançının sağlamlığına zərər gətirən maddə və üsullar, atletin gücünü artıra biləcək qadağan olunmuş preparatlar Hərəkat Qanunları əsasında tərtib olunan siyahıda yer alıb. İdmançılar, məşqçilər, idman sahəsində çalışan rəhbər şəxslər, Olimpiya Hərəkatı çərçivəsində keçirilən idman yarışlarının təşkilatçıları, həmin yarışlara nəzarət edən tibb işçiləri və digərləri Olimpiya Hərəkatı Qanunlarına ciddi əməl etməlidirlər. Dopinq qaydalarına uyğun olmayan vəziyyətlərdə tətbiq olunan cəzalar, yarışda və yarışdan kənarda da diqqətdən kənarda qalmır. İdmançıların, milli olimpiya komitələrinin və beynəlxalq idman federasiyalarının böyük bir qisminin istəyinə uyğun olaraq, dopinq maddələrindən və qadağan olunmuş vasitələrdən ilk dəfə istifadə edən idmançılar üçün tətbiq olunan ən yüngül cəzanın müddəti ikiillik diskvalifikasiyadır. Bu zaman ərzində atlet heç bir yarışda iştirak edə bilməz. Yarışlarda iştirakdan məhrum olan idmançıların cəzasında fərqli qərarlar verilə, əlavə cəzalar və ya fərqli ölçü meyarları ortaya qoyula bilər. Dopinqlə mübarizədə Olimpiya Hərəkatının qanunlarına riayət etməyən idmançılar, məşqçi və digərləri üçün daha böyük cəzalar tətbiq olunması da mümkündür.
Lakin bütün hallarda idmançıların hüquqlarının qorunması, onların xəbəralma, hüquqi kömək istəmə, dəlil və şahid göstərmə haqqının ümumi prinsipləri təmin edilir. 

Dopinq nədir?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qadağan edilmiş maddə və ya bu kimi vasitələrin idmançı tərəfindən şüurlu və ya şüursuz olaraq istifadə etdiyi dərmanlar dopinq adlanır. Atletin bu maddələrdən və ya üsullardan istifadəsinə şərait yaratmaq, idmançını bu yöndə istiqamətləndirmək,  onlara kömək etmək idman əxlaqına zidd olmaqla yanaşı, həm də cinayət sayılır.
Dopinqin qadağan edilməsinin əsas səbəbi onun idmanın təməl prinsiplərinə zidd olmasıdır. 
Dopinq, eyni zamanda, idmançıları öz performanslarını artırmaq üçün qadağan edilmiş maddə və üsullardan istifadə etməklə əldə edəcəkləri süni üstünlüklərdən, onların yaratdığı xoşagəlməz fəsadların baş verməsindən qorumaq üçün qadağan edilmişdir.
Dopinq təkcə əxlaq və sağlamlıq problemi deyil, eyni zamanda qanuni sanksiyalarla üz-üzə qalan bir problemdir. 
Dopinq yoxlanışları ədalətli mübarizə aparan idmançıların haqqlarını qorumaqla yanaşı, dərmansız həvəskar və peşəkar idmanın təbliğində də müstəsna rol oynayır. Yoxlamalar zamanı idmançıların bu sınaqdan üzüağ çıxması çox müsbət hal sayılır. Dopinq analizləri yarışlardan əvvəl, sonra və yaxud istənilən vaxt göturülə bilər. Atletlər bu yoxlamalardan əvvəl xəbərdar edilirlər. Hətta əksər vaxtlarda idmançılar ani bir zaman ərzində, qəflətən yoxlanılmağa çağırılırlar. Bu barədə bir qədər ətraflı məlumat vermək istərdik. Dopinqdən istifadə etməsi şübhə doğuran idmançı yarışdan sonra yoxlanılmaq üçün ona göndərilən dəvəti qəbul etməlidir. Əgər atlet bundan imtina edərsə, onun dopinqdən istifadə etdiyi fikri meydana çıxa bilər. Bir sözlə, idmançı dopinq analizi vermək üçün edilən təklifə 36 saat ərzində "hə" deməlidir. Dopinq yoxlanılması üçün xüsusi yerlərdə idmançı, ilk olaraq, sidik analizlərini verməlidir.

Bu əməliyyat bir neçə pillədən ibarətdir:

1. Qeyd
İdmançının yoxlanılması üçün əlaqədar müəssisələrdə fəaliyyət göstərən vəzifəli şəxs onunla yaxından sorğu apara bilər. Bu sorğuya idmançının tərcümeyi-halı, nailiyyətləri, son 10 gün ərzində istifadə etdiyi dərmanlar, xüsusi qida və bitki mənşəli məhsullar qeyd edilir. Atletin bu suallara doğru cavab verməsi müsbət hal kimi qarşılanır. Düzgün cavablar diskvalifikasiya həddinə çatan idmançının köməyinə çata bilər.
2. Analizlərin toplanılması 
Sidik analizi verməyə hazır olan idmançı dopinq nümunəsi üçün xususi qabları seçməlidir.
3. Analizin verilməsi 
İdmançı ən azı 100 ml olmaq şərtilə sidik verməlidir. Atlet həmin vaxt əynindəki bütün paltarları soyunmalıdır.
4. Analizlərin saxlanıldığı xüsusi qablar 
İdmançıdan alınan sidik nümunəsini saxlamaq üçün 2 ədəd saxlama qabı ("A" və "B") seçilir.
5. Götürülən nümunələrin bölünməsi
Sidik nümunəsi seçilən "A" və "B" şüşələrinə idmançı tərəfindən paylaşdırıldıqdan sonra şüşələrin ağızları məsul şəxs tərəfindən bağlanılır və möhürlənir. Hər qabda ən azı 50 ml nümunə olmalıdır.
6. Qeyd olunan nəticələr 
Məsul şəxs qablarda olan sidik nümunəsinin turşuluq dərəcəsi və sıxlığına ciddi nəzarət etməlidir. Nəticələr mütləq qeyd olunmalıdır.
7. Kod nömrəsi 
Məsul şəxs götürülən nümunələrə aid kod nömrələrini 2 ayrı etiket üzərinə yazmalı və aid olan qabların üzərinə yapışdırmalıdır. Kod nömrələri qeyd kitabçasında da öz əksini tapmalıdır.
8. Sidik nümunələrinin qablaşdırılması
Sidik nümunələrinin daşındığı "A" və "B" şüşələrinin ağızları xüsusi olaraq bağlanılmalı, şüşələr aid olduqları qabların içərisinə ayrı-ayrı yerləşdirilməlidir. Xüsusi bir kilidlə bağlandıqdan sonra kilid nömrələri də kitabçalarda qeyd olunmalıdır.
9. İmzaatma
Bütün əməliyyatlar tamamlandıqdan sonra dopinq nümunəsi alınma əməliyyatlarının qəbul olunmuş qaydalara uyğun olaraq həyata keçirildiyini təsdiq etmək üçün dopinq forması imzalanmalıdır. 
10. Formanın surəti
İmzalanan dopinq formasının bir surəti mütləq idmançıya verilməlidir. İdmançı həmin surəti özündə saxlamalıdır.
Əməliyyatlar başa çatdıqdan sonra yoxlama aparılan yeri sərbəst tərk etmək mümkündür. 
Bu əməliyyatda məsul şəxsin də xüsusi vəzifə vardır. Belə ki, idmançı sidik nümunəsi verərkən məsul şəxs diqqətli olmalı, idmançını müşahidə etməlidir. Sidik nümunəsinin idmançının özü tərəfindən və doğru üsulla verildiyindən əmin olmalıdır. Məsul şəxs ayrıca verilən sidik nümunəsinin içinə başqa bir maye və ya maddənin qarışdırılmamasına da diqqət yetirməlidir. İdmançıdan götürülən nümunənin iki hissəyə bölünməsi də əsas sayılır.
Qeyd etdiyimiz kimi, sidik nümunəsi "A" və "B" hərfləri ilə işarələnmiş iki ayrı şüşəyə qoyulur. Laboratoriyada götürülən analizlərdə "A" nümunəsində bir və bir neçə qadağan olunmuş maddə tapılarsa, idmançının "B" şüşəsindəki nümunə analizi vasitəsi ilə "A" dakı nəticənin doğru olub-olmadığı dəqiqləşdirilir.
Yoxlamaya gələn idmançı özü ilə kiçik və orijinal qablarda su, kola, pivə kimi müxtəlif içkilər gətirməlidir. Bu, idmançının sidik analizi (100 ml) verməsi üçün lazımdır.   
Toplanan sidik nümunələri, təhlükəsiz bir şəraitdə BOK tərəfindən sənədləşdirilmiş laboratoriyaya göndərilir. Laboratoriyada əvvəl "A" nümunəsi analiz edilir. "B" nümunəsi isə etibarlı bir şəkildə saxlanır. Ehtiyac olarsa, ondan da istifadə olunur. 
"A" nümunəsində olan analizin nəticələri müsbət olarsa, bu barədə əlaqədar federasiya tərəfindən idmançıya xəbər verilir. Sözsüz ki, yerli federasiya və idman qurumlarının da bu işdən xəbəri olmalıdır. "B" nümunəsi isə "A"dakı nəticəni təsdiqləmək məqsədilə analiz edilir. İdmançı "B" nümunəsinin analizində də iştirak edə bilər. Əgər idmançı hər hansı bir səbəb üzündən "B" nümunəsinin analizində iştirak edə bilməsə, həmin vaxt onu aid olduğu federasiyanın nümayəndəsi əvəz edə bilər. "B" nümunəsinin nəticələri "A" nümunəsini təsdiqləyirsə, bu vəziyyət idmançıya bildirilir və idmançı əlaqədar təşkilatlar tərəfindən qanun çərçivəsində cəzalandırılır. Əgər  "B" nümunəsinin analizi "A" nümunəsi ilə üst-üstə düşmürsə, həmin test mənfi sayılır. Testin nəticələri ictimaiyyətə təqdim oluna bilər. Əlaqədar idman qurumlarına dopinq analizinin nəticələrini açıqlamaq səlahiyyəti verilib. Lakin idmançının götürülən analizlərin nəticələri barədə ictimaiyyətə açıqlama verilməsinə etiraz etmək haqqı var.   
Qeyd edək ki, hər bir atlet "A" nümunəsinin açıqlanan nəticəsi ilə barışmaya bilər. Bu halda idmançıdan ikinci dəfə analiz götürülür. İkinci analiz idmançının və özü ilə gətirdiyi əlaqədar şəxsin yanında "B" nümunəsi üzərində yoxlanıldıqdan sonra qəti qərar verilir.

Qadağan olunmuş, icazəsi məhdud olan maddələr və üsullar

Bu hissədə BOK-un Tibb Komissiyası tərəfindən qadağan olunmuş, icazəsi məhdud olan maddələr və üsullar haqqında qısaca məlumat veriləcək. İldə 2 dəfə toplanan BOK-un Tibb Komissiyası bu siyahıları nəzərdən keçirməklə lazımı dəyişikliklər edir. Bu gün üçün etibarlı olan siyahı aşağıda göstərilib. İdmançılar daha geniş məlumat əldə etmək üçün məşqçilərinə, həkimlərinə və ya Doping İdarə Mərkəzinə müraciət edə bilərlər.

Qadağan olunmuş maddələr 
BOK tərəfindən elan edilən qadağan olunmuş maddələr 5 əsas qrup altında birləşdirilir:
1. Xəbərdaredicilər (Amfetamin, efedrin və başqaları)
2. Narkotik analjeziklər (Morfin və b)
3. Anaboliklər (Testosteron və b)
4. Diuretiklər (Furosemid və b)
5. Peptid hormonlar və onların oxşarları (Eritropoietin, böyümə hormonu və b)

Qadağan olunmuş dopinq üsulları

BOK tərəfindən qadağan edilmiş üsullar isə 2 əsas qrup altında birləşdirilir:
1. Qan dopinqi;
2. Sidiyin farmakoloji, kimyəvi və fiziki olaraq icra olunması.
Ayrıca müxtəlif formada istifadəsi məhdudlaşdırılmış dərman sinifləri
BOK tərəfindən bildirilən və idmançılar tərəfindən istifadəsinə məhdudiyyətlər tətbiq edilmiş maddələr 5 əsas qrupda cəmlənir:
1. Spirt
2. Marixuana
3. Yerli anesteziklər
4. Kortikosteroidlər
5. Beta-blokerlər

"Götürülən sidik nümunəsi BOK tərəfindən elan edilən  qadağan olunmuş bütün maddələr və üsullar baxımından tədqiq edilə bilərmi?" sualının cavabı belədir: Bəli. Yarışlarda götürülən sidik nümunələri və BOK tərəfindən elan edilən bütün qadağan olunmuş maddələr araşdırılır. Yarışlardan sonra götürülən nümunələrdə bütün qruplar əvəzinə, aşağıdakı qrupların analizləri aparılır: 
- Anaboliklər
- Bəzi peptid hormonlar və bənzərləri
- Diuretikler və böyrək funksiyasını artıran maddələr (məsələn, probenesid)

İstifadəsi qadağan olan dopinq maddələri 

Xəbərdaredicilər
Fəaliyyəti artıran və yorğunluq hissini azaldan maddələrə xəbərdaredici maddələr deyilir.
Xəbərdaredicilər əsəbiliyə, ürək döyüntüsünün sürətlənməsinə, qan təzyiqinin yüksəlməsinə, su itkisi və qan dövranının pozulmasına səbəb ola bilir.
Xəbərdaredicidən istifadə etdikdə gözlərin böyüməsi, tərləmənin artması, əsəbilik, əllərin titrəməsi, çəki itkisi, sürətli ürək döyüntüsü və yüksək qan təzyiqi müşahidə edilir.
Kafein qadağan olunmuş maddədir? 
Kafein xəbərdaredici təsir göstərdiyinə görə, BOK tərəfindən onun istifadəsinə qadağa qoyulub. Bəzi idmançılar kafeindən istifadə edərək nəticələrini artırmağa çalışırlar. Ancaq kafeinin bu təsiri müəyyən bir miqdardan sonra üzə çıxır. Müxtəlif dozalarda qəbul olunmuş kafein idmançının orqanizmində maddələr mübadiləsini, bədən istiliyini, qan təzyiqini və qandakı şəkərin səviyyəsini yüksəldir. Yüksək dozalarda ürəkbulanma, yuxusuzluq, titrəmə, baş ağrısı və əsəbilik halı baş verir. 
Analizlər nəticəsində kafenin miqdarı sidikdə 12 mikroqram/ml. olarsa həmin test müsbət sayılır. Qeyd edək ki, tərkibində kafein olan qəhvə, çay və ya kola kimi içkilərdə bu miqdar olmur. 
Yüngül, ya da orta dərəcəli ağrıların müalicəsində istifadə edilə biləcək, müxtəlif dopinq sinfinə daxil olmayan ağrıkəsicilər də var. Hər bir idmançı həkimlə məsləhətləşərək bu dərmanları qəbul edə bilər.

Anaboliklər

Anaboliklər bədəndəki təbii bir steroid olan testosteron hormonuna bənzər təsirlərə malik olan sintetik maddələrdədir. Xatırladaq ki, təbii testosteron orqanizmdə "anabolik" (əzələ quruluşçusu) və "androgenik" (kişiyə xas hal və davranış) təsiri təmin edir.
Anaboliklər xərçəng xəstələrinin və ya testosteron çatışmazlığı olan xəstələrin müalicəsi üçün yalnız tibbi məqsədlərlə istifadə edilməkdədir.
Anaboliklər normal hormon funksiyasına təsir edir. Anabolik steroidlər qaraciyər xəstəliyi riskini artırır, qan təzyiqini yüksəldir, yüksək sıxlıqlı lipidlərin səviyyəsini çoxaldır. Bu təsirlərin yanında psixoloji təsirlər də yer alır.
Anaboliklərdən qadınların istifadəsi nəticəsində:
- Kişiyə xas xüsusiyyətlər meydana gəlir,
- Aqressivlik artır, depressiya baş verir,
- Anormal menstrual sikluslar üzə çıxır,
- Sifətdə və bədəndə kəskin tüklənmə olur,
- Səsin qalınlaşması baş verir.
Anaboliklərdən istifadə edən uşaqlara onun təsirləri:
- Bədən və üzdə ləkələr yaranması,
- Sümüklərdəki qığırdaq toxumasının erkən sərtləşməsilə boy artımının dayanması.
Təəssüf ki, BOK-un qadağan etdiyi dərmanların əksəryyətinə "qara bazarda" rast gəlmək olar. Hətta bəzi mənbələrdə qeyd edilir ki, həmin dərmanların bir hissəsi  toksik maddələrlə qarışdırılaraq satılır.
Anabolik steroidlərdən istifadə edənlərin görünüşlərində və davranışlarında diqqətə çarpan dəyişikliklər yaranır. Bu dəyişikliklər aşağıdakılardır:
- Çəkinin sürətlə artması,
- Qabarıq sifət quruluşunun yaranması,
- Sarılıq (gözlərin saralması),
- Kişilərdə anormal sinə inkişafı,
- Qadınlarda kişiyə xas xarakterlərin artması 
- Davranışlarda kobudluq və əsəbilik,

Testosteron 

Bəzi idmançılar güc artırmaq, daha yaxşı görünüşə malik olmaq üçün testosterondan istifadə edirlər. Buna görə də, hər hansı bir idmançının testosteron və ya onun kimi tərkibə malik məhsullarından istifadəsi müəyyən bir çərçivə daxilində ola bilər. 
Diuretiklər 
Diuretiklər böyrəyə təsir edən və bədəndə yüksək miqdarda suyun artmasına səbəb olan bir dərman qrupudur.
Diuretiklərdən istifadə edən idmançılar onun zərərli nəticələri ilə də rastlaşa bilərlər. Ən əsası isə idmançıya çəkisalmada bu dərmandan istifadə qadağan edilmişdir.
Diuretiklərdən istifadə əzələ zəifləməsinə, qan təzyiqinin düşməsinə və ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Peptid hormonlar və onun bənzərləri 
Peptid hormonlar və bənzərləri böyümə, cinsi davranışlar, ağrıya qarşı həssaslıq və davranış kimi müxtəlif xüsusiyyətlərə birbaşa təsir edir. Bu dərman da, digərləri kimi, kimyəvi üsulla hazırlanır. Onlar bədəndə olan oxşar hormonlara təsir etmək qüvvəsindədir. 
Qan dopinqi
Qan dopinqi qan və qan məhsullarının, qanın oksigen daşıma tutumunu yoxlamaq məqsədilə damardan qan verilməsi üsuluna deyilir. 
Qan dopinqi, eyni zamanda, sağlamlığa təhlükə yaradan problemləri üzə çıxarır. Yoxlanılmamış qandan istifadə edildikdə sarılıq, qan dövranının pozulması, qanın laxtalanması, metabolik şok və QİÇS kimi infeksion xəstəliklər yarana bilər. 
Sarılıq və QİÇS kimi infeksion xəstəliklərə tutulma riski, eyni iynədən çox adam istifadə edən zaman daha da artır.
Lokal keyləşdircilər
Lokal keyləşdircilərdən istifadə üçün bəzi məhdudlaşdırmalar var. Bu dərmanlardan yalnız aşağıdakı şərtlər yerinə yetirildiyi zaman istifadə edilə bilər:
- Kokain xaricində prokain, ksilokain, karbokain və bənzər maddələrdən istifadə edildiyində,
- Tətbiq olunan dərmanların içərisində epinefrin kimi vazokonstruktorlar olmadığında,
- Tibbi olaraq istifadəsi yazılı sənədlə sübut edildiyi vəziyyətlərdə.

Kortikosteroidlər

Tibbdə kortikosteroidlər başlıca olaraq ağrıları aradan qaldırmaq üçün istifadə edilməkdədir. Kortikosteroidlərin tənəffüs yolu ilə tətbiq olunması qadağan edilmişdir. Kortikosteroidlərin ağıza, əzələ və ya damara vurulmasına icazə verilmir. İcazəli dərmanların adları isə Doping İdarə Mərkəzindən əldə edilə bilər. 

Beta-blokerlər

Beta-blokerlər ürək xəstəliklərində istifadə edilən, qan təzyiqini aşağı 
salan, ürək döyüntusünü azaldan dərmanlardır. Bu dərmanlar, eyni zamanda, miqren müalicəsində və əl titrəmələrinin qarşısının alınmasında istifadə edilir.
Atıcılıq və kamandan oxatma kimi idman növlərində qolun yellənməməsi və barmaqların titrəməməsi çox əhəmiyyətlidir. Beta-blokerlər bu problemlərin ortadan qaldırılmasını təmin edir. Bu isə hüquqi tərəfdən yarış  qaydalarına ziddir.

Vitaminlər və minerallar da qadağandır? 

İdmanda vitaminlər və minerallardan istifadə etmək qadağan deyil. Ancaq onlardan həddindən artıq istifadə edən idmançılar bəzi problemlərlə üzləşə bilərlər. Pəhriz saxlayan idmançıya nə qədər vitamin və mineral verilirsə-verilsin, bu, təhlükə yaratmır. Bütün hallarda idmançı öz sağlamlığının qayğısına qalmalıdır.

Bitki mənşəli məhsullar

Bəzi bitki mənşəli məhsullar qadağan olunmuş  maddələri ehtiva edir. Qadağan olunmuş maddələri ehtiva edən bu bitkilər (bəzi çay bitkiləri) idmançı üçün qadağandır. Ümumiyyətlə, Uzaq Şərq mənşəli çaylar istifadə edilməzdən əvvəl yoxlanılmalı, mütəxəssislərin fikri öyrənilməlidir.

Amin turşuları və zülallar

Amin turşuları qadağan deyil. Bəzi idmançılar amin turşusu məhsullarının əzələlərin inkişafında böyük rol oynadığını düşünə bilərlər. Lakin bu heç də öz təsdiqini tapmayıb. Əzələ zülallarının sintezi, yüksək zülal pəhrizində əsas götürülür. Yüksək zülallı pəhriz və ya amin turşusu preparatları ilə alınan zülal enerji kimi istifadə edilməklə yanaşı, yağ kimi də toplanılır.
Yuxarıda sadalanan dərmanlardan istifadə edən idmançılar öz nəticələrini süni yolla yüksəltməyə nail ola bilirlər. Təbii ki, qadağan edilmiş preparatlardan yararlanaraq şöhrət qazanan idmançının zirvəyə yüksəlməsi mümkün deyil. Dopinq idmançının bəzən müəyyən bir müddətə, bəzən isə ömürlük idmandan getməsinə səbəb olur. Məhz buna görə də hər bir atlet onu şöhrət zirvəsinə aparacaq yolları vicdanla, alnıaçıq və alın tərilə qət etməlidir. Belə idmançı karyerasını başa çatdırdıqdan sonra da yaddaşlarda yaşayır. 

Anar Əhmədov