Xorvatiyalı qapıçı mundiallardakı rekordu təkrarladı

Xorvatiyalı qapıçı mundiallardakı rekordu təkrarladı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir. Ötən gün Xorvatiya millisi Yaponiya yığmasını məğlub edərək adını 1/4 finala yazdırıb. "Damalılar”ın növbəti mərhələyə yüksəlməsində isə qapıçı Dominik Livakoviçin böyük payı olub. Belə ki, pley-off oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Seriyada 3:1 hesabı ilə üstün olan Xorvatiya seçməsi mərhələ adlayan tərəf olub. Penalti seriyasında 3 qurtarışla yadda qalan D.Livakoviç dünya çempionatlarının tarixinə düşüb. Belə ki, o, portuqaliyalı Rikardo və həmyerlisi Daniel Subaşiçin rekordunu təkrarlayıb. Rikardo 2006-cı ildə təşkil olunan dünya çempionatında İngiltərə seçməsi ilə oyunda 3 qurtarış edib. D.Subaşiç isə 2018-ci il mundialında bu uğura nail olub.

Xorvatiya millisi dörddəbir finalda Braziliya ilə qarşılaşacaq.