Voleybolçularımız qitə çempionatına hazırlaşırlar

Voleybolçularımız qitə çempionatına hazırlaşırlar

Voleybolçu qadınlardan ibarət milli komandamız Avropa çempionatına hazırlıqları davam etdirir. Təlim-məşq toplanışını hazırda Bakıda keçən yığmamızın baş məşqçisi Ataman Güneyligil hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Hazırlıqlara ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik. Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin müxtəlif taktikalar üzrə də işləyəcəyik.

Komandanın əksər oyunçuları hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar.

Bildiyiniz kimi təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçiririk. Növbəti etapda Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunları da nəzərdə tutulur".