Ölkə çempionatının birinci mərhələsi yekunlaşdı

Ölkə çempionatının birinci mərhələsi yekunlaşdı

On beş yaşadək və həmin yaşdan yuxarı çimərlik voleybolçular arasında Azərbaycan çempionatında birinci mərhələyə yekun vurulub.

Bakı Su İdmanı Sarayında təşkil olunan və dörd gün davam edən yarışda 18 qadın, 28 kişi cütü mübarizə aparıb.

Olimpiya sistemi üzrə keçirilən çempionatın sonuncu günü daha gərgin oyunlarla yadda qalıb. Qızların final oyununda "Azərreyl" (Fidan Əhmədxanova/Larisa Smeltsova) və "Murov AZ TERMİNAL" (Əminə Ramazanova/Sənubər Ələskərova) komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda "Azərreyl" rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi adına yiyələnib. Oğlanların yarışında isə həlledici görüş "Neftçi" (Vadim Kutikov/Tural Həsənli) və "Azərreyl" (Elmin Alışanov/Asif Əliyev) arasında olub. Matç 2:0 hesabı ilə ikincilərin xeyrinə yekunlaşıb.

Qızların yarışında "Murov AZ TERMİNAL-2" (Nəzrin Əhmədli/Fatimə Hüseynova), oğlanlarda isə "Neftçi-2" (Ülvi Rəcəbli/Heydər Məmmədli) üçüncü yeri tutub.

Qarşılaşmalardan sonra qaliblərin mükafatlandırılma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov iştirak ediblər. Azərbaycan çempionatının birinci mərhələsinin qaliblərinə medal, diplom və pul mükafatı verilib.

Qeyd edək ki, qarşıdakı günlərdə birinciliyin növbəti mərhələləri də keçiriləcək.