XXIII Qış Olimpiya Oyunları: idmanın və Olimpiya hərəkatının növbəti mərhələsi, yaxud tarix olduğu kimi

XXIII Qış Olimpiya Oyunları: idmanın və Olimpiya hərəkatının növbəti mərhələsi, yaxud tarix olduğu kimi
Qədim tarixə malik Olimpiya oyunları insanın fiziki gücünü nümayiş etdirməklə yanaşı, sülhü, əmin-amanlığı, həmrəyliyi, birgəyaşayış prinsiplərini özündə birləşdirdiyi üçün ümumbəşəri dəyərlər baxımından böyük əhəmiyyətə malikdir. Bu oyunlar siyasi çəkişmələrdən, məhəlli münaqişələrdən, müharibələrdən, terrorizimdən və s. çoxsaylı qlobal problemlərdən, əgər belə demək mümkünsə, əziyyət çəkən insanları bir ideya - sülh, həmrəylik, qardaşlıq, əmin-amanlıq ideyası ətrafında birləşdirərək gələcəyə daha inamla baxmağa sövq edir.

Son dövrlərdə siyasi gedişləri birmənalı qarşılanmayan Şimali Koreyanın idmançılarının bu oyunlarda Cənubi Koreya idmançıları ilə birgə yarışlarda iştirakı, eyni zamanda 229 şimali koreyalı qadının yarışlar zamanı qeyri-adi tamaşaçı manevrləri, sinxron hərəkətləri diqqətçəkən məqamlardan biri idi. Əlbəttə, dünyanın inkişaf tarixi göstərir ki, son nəticədə sülh və həmrəylik prinsipi qalib gələcəkdir. Ən demokratik liderlər də, ən qatı diktatorlar da bunun fərqindədirlər. Olimpiya oyunları məhz bu dəyərlərin müəyyən zaman kəsiyində reallaşması üçün ən yaxşı fürsətdir. Bu fürsətdən yararlanmaqla dünyada davamlı sülhə, əmin-amanlığa və həmrəyliyə nail olmaq mümkündür. Bu mənada Olimpiya oyunlarının keçirilməsi ideyası bəşər tarixinin ən böyük kəşflərindən biridir. Çünki müasir dövrdə elə bir ümumdünya tədbiri yoxdur ki, bu tədbir siyasi, sosial, mədəniyyət və incəsənət sahəsində öz əhatə dairəsinə, əhəmiyyətinə, ümumbəşəri dəyərlərə sadiqliyinə görə Olimpiya oyunları ilə müqayisə oluna bilsin. Yay və Qış Olimpiya Oyunları burada təmsil olunan ölkələrin və atletlərin, proqrama daxil olan idman növlərinin sayına görə bir-birindən fərqlənsə də, mahiyyət etibarilə eyni məqsədə, eyni amala xidmət etdiyindən bütün dünyanın diqqət mərkəzində olur. Cənubi Koreyanın qış turizm mərkəzlərindən biri olan Pxençxan şəhərinin fevralın 9-dan 25-dək ev sahibliyi etdiyi XXIII Qış Olimpiya Oyunları da bütün dünyanın diqqət mərkəzində olan ümümbəşəri idman bayramlarından biri idi.

XXIII Qış Olimpiya Oyunlarına və XII Qış Paralimpiya Oyunlarına Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyi etmək hüququnun verilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 2011-ci il iyulun 6-da Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən 123-cü sessiyasında verilmişdi. Belə ki, indiyədək bir dəfə - 1988-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Cənubi Koreya "Ağ Olimpiada”ya ev sahibliyi etmək hüququnu da qazanmışdı. Səsvermənin son mərhələsindəki nəticələrdə Pxençxan şəhəri Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərini üstələməyi bacarmışdı. Namizədlərdən Fransanın Ansi şəhəri ilk dəfə müraciət edənlərdən idi. İkinci namizəd Münhen şəhəri isə ilk dəfə Olimpiya Oyunlarına 1972-ci ildə ev sahibliyi edib və o vaxtdan burada Olimpiada keçirilməyib. Durban sessiyasındakı səsvermədə qalib gələn Pxençxan şəhəri isə namizədlik mübarizəsində artıq 3-cü dəfə idi ki, iştirak edirdi. Maraqlıdır ki, BOK-un keçmiş prezidenti Jak Roqq 2006-cı il iyunun 22-də XXII Qış Olimpiadasına namizəd 7 şəhərdən yalnız 3-nün - Soçi, Zalsburq və Pxençxan şəhərlərinin adını seçmişdi. Görünür, təcrübəli idman xadimi bu şəhərin ev sahibliyi ilə bağlı perspektivlərini görürdü. Pxençxan həmin mübarizədə rəqibi Soçiyə cəmi 4 səslə məğlub oldu. Vankuver-2010 Olimpiadasına seçkilərdə isə 3 səslə mübarizədən kənarlaşmışdı. Qeyd etmək lazımdır ki, Qış Olimpiadası Asiya ölkələri arasında indiyədək yalnız Yaponiyada 2 dəfə təşkil edilib. "Ağ Olimpiada” bir dəfə Sapporoda (1972-ci il), bir dəfə isə Naqanoda (1998-ci il) keçirilib. Maraqlıdır ki, I Qış Olimpiya Oyunları da Fransanın kurort şəhəri Şamonidə keçirilmişdi. Şamoni Olimpiya Oyunlarında isə 16 ölkədən 280 idmançı iştirak etmişdi.

XXIII Qış Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Pxençxanda ümumi tamaşaçı tutumu 135 min nəfər olan 13 idman obyekti idmançıların istifadəsinə verilmişdi. Olimpiadanın keçirildiyi Pxençxan şəhəri sahəsinə görə ölkənin 3-cü şəhəridir. Bu şəhər Txebeksan dağının ətəklərində paytaxtdan 180 km aralıda yerləşir və ölkənin mühüm əhəmiyyətli qış turizm mərkəzlərindən biridir. 2013-cü ilin yanvar ayında burada Xüsusi Ümumdünya Qış Olimpiya Oyunları (əqli cəhətdən zəif inkişaf etmiş insanlar üçün) keçirilib.

Pxençxan-2018 Olimpiadasında dünyanın 92 ölkəsindən 2925 idmançı 7 qış idman növü üzrə medallar uğrunda mübarizə aparırdı. Bu Olimpiadada bir medalın çəkisi 586 qramdan artıqdır ki, bu da Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır medaldır.

Pxençxan-2018 Olimpiadası tamaşaçılar baxımından da geri qalmadı. Belə ki, bu oyunları dünyada təqribən 3 milyarddan artıq tamaşaçı izlədi. Olimpiadada ən çox - 242 idmançı ilə ABŞ birinci, 226 idmançı ilə Kanada ikinci, 169 idmançı ilə isə İsveç üçüncü yerdə idi. Ev sahibi Cənubi Koreya isə 122 atletlə təmsil olunurdu. Qış Olimpiya Oyunlarında yarışlarda əsas rəqiblərdən olan Rusiya 168 idmançı ilə iştirak etsə də, dopinq qalmaqalına görə Pxençxan-2018-də öz bayrağı altında deyil, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparırdı.

Beləliklə, Cənubi Koreyanın ev sahibliyi etdiyi və bütün dünyanın həyəcanla gözlədiyi XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da Pxençxan Olimpiya Stadionunda açılış mərasimi keçirildi. Qeyd edək ki, bu idman qurğusu Pxençxan-2018 Qış Olimpiya və Paralimpiya Oyunlarının açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmuşdu. Olimpiya Stadionu Alpensiya kurortundan cəmi 2 kilometr şimalda yerləşirdi. Cənubi Koreya hökuməti 2017-ci il sentyabrın 17-də istifadəyə verilən və 5 bucaqlı formasında olan bu qurğu üçün təxminən 78 milyon ABŞ dolları xərcləmişdi. "Ağ Olimpiada”nın 35 min tamaşaçı tutumu olan Pxençxan Olimpiya Stadionunda keçirilən açılış mərasimində Təşkilat Komitəsinin sədri Li Hi Bom, Beynəlxalq Olimpiya Komitəsini prezidenti Tomas Bax çıxış edərək bu möhtəşəm idman bayramının açılışı münasibətilə bütün dünyanın idmansevərlərini, bynəlxalq idman qurumlarının və rəsmi nümayəndə heyətinin rəhbərlərini, dünyanın 92 ölkəsindən Pxençxan-2018 Olimpiadasında iştirak edən idmançıları təbrik etdilər. Daha sonra idmançılar və hakimlər adından andiçmə mərasimləri keçirildi. Beynəlxalq Olimpiya Komitəsinin bayrağı tanınmış idmançılar tərəfindən təntənəli surətdə Olimpiya Stadionuna gətirilərək Olimpiya himninin sədaları altında qaldırıldı. Dünyanın 92 ölkəsindən olan atletlər paraddan keçdilər. Azərbaycanın bayrağını avstriyalı legioner idmançımız Patrik Braxner aparırdı. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabi idi. Pxençxan-2018-in məşəli 108 gün ərzində 7,5 min insanın vasitəsilə 2018 km məsafə qət edərək Olimpiya Stadionuna gətirildi və məşəl alovlandırıldı. Açılış mərasimi rəngarəng, maraqlı proqramlarla müşayiət olunaraq böyük bayram əhval ruhiyyəsi yaratdı.

Həm yay, həm də qış Olimpiya oyunlarında yaddaqalan məqamlardan biri də, oyunların açılış mərasimindən öncə "Olimpiya kəndi”ndə iştirakçı ölkələrin bayrağının qaldlrılma mərasimlərinin keçirilməsidir. Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyi etdiyi XXIII qış Olimpiadasının açılış mərasimindən bir neçə gün qabaq "Olimpiya kəndi”ndə Azərbaycanın dövlət bayrağının da qaldırılma mərasimi keçirildi. Müxtəlif ölkələrin nümayəndələrinin də iştirakı ilə keçirilən bu tədbirdə ölkəmizin nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin məsul işçisi Həsənağa Rzayev və digər rəsmi şəxslər iştirak ediblər. Sevindirici və qürurverici bir hal idi ki, bu Olimpiadada iştirak edən 92 ölkənin bayrağı ilə bir cərgədə Azərbaycanın da dövlət bayrağı dalğalanırdı.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə
"Olimpiya kəndi”ndə

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunurdu. Bu, bir daha onu göstərirdi ki, Azərbaycan, həqiqətən də, Olimpiya ideallarına daim sadiq olmaqla, dünyanın aparıcı idman dövlətlərindən biri kimi öz önəmli mövqeyini qoruyub saxlayır. Fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi”nə gələrək, idmançılar üçün yaradılmış şəraitlə tanış olmuş, burada məskunlaşan idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşmüşlər. Azərbaycan nümayəndə heyətinin məskunlaşdığı mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı barədə və Azərbaycan nümayəndə heyətinə yaradılan şəraitlə bağlı məlumat vermişdir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğıdan danışmışdır. O, əmin olduğunu bildirmişdir ki, qış idman növləri bazasından səmərəli istifadə etməklə yerli idmançıların da yetişməsinə diqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaqdır. Görüşdə MOK-un baş katibinin müavini Azər Əliyev ölkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də bu inkişafın sıralarına tezliklə qoşulacağına inandığını bildirmişdir. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə əminliyini vurğulamışdır. Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Görüşdə qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olmuş və xatirə şəkli çəkdirmişlər.

Seulda idman nazirlərinin görüşü keçirildi

Pxençxan-2018 Olimpiadası zamanı Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin Mədəniyyət, Gənclər və Turizm Nazirliyinin təşkilatçılığı ilə idman nazirlərinin də görüşü keçirildi. Görüşdə "İdman dəyərlərinin cəmiyyətdə inkişafı” mövzusunda müzakirələr aparıldı. "Dəyirmi masa” ətrafında keçirilən görüşü Cənubi Koreyanın mədəniyyət, gənclər və turizm naziri Do Jonguhan açaraq qeyd etdi ki, idman dəyərləri hər bir cəmiyyətdə sağlam mühitin, qarşılıqlı əlaqələrin, həmrəylik və dostluq münasibətlərinin formalaşmasında mühüm amillərdən biridir və belə görüşlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. İdman nazirlərinin görüşündə Azərbaycanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edirdi. O, görüşdə çıxış edərək ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən idman sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Bildirdi ki, Azərbaycanda idmana və Olimpiya hərəkatına dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar barədə də məlumat verən nazir müavini qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı və Olimpiya hərəkatının genişlənməsi kütləvi xarakter aldığından idman dəyərləri cəmiyyətdə aparıcı mövqelərdən birinə malikdir.

Sonra Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Kreyq Ridi, Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Fransanın idman naziri Laura Flessel, Qazaxıstanın mədəniyyət və turizm naziri Arıstanbek Muxamediulı, Monqolustanın təhsil, mədəniyyət, elm və idman naziri Sedenbal Sogzolma, Serbiyanın gənclər və idman naziri Vanja Udoviçic, Gürcüstanın mədəniyyət və idman naziri Mixail Georqadze və başqaları qeyd etdilər ki, belə görüşlərin keçirilməsi, müzakirələrin aparılması ölkələrin idman qurumları arasında işgüzar və qarşılıqlı əlaqələrin qurulmasına xidmət etməklə yanaşı, birgə səylər nəticəsində idman dəyərlərinin cəmiyyətdə daha kütləvi surətdə yayılmasına şərait yaradır.

Azərbaycanın Cənubi Koreyadakı fövqəladə
və səlahiyyətli səfiri "Olimpiya kəndi”ndə oldu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları kəskin hava şəraitindən asılı olmayaraq, maraqlı yarışları, rekordları və Asiya qitəsinin özünəməxsusluğu ilə davam edirdi. Qış Olimpiadasının "hərarətini” artıran amillərdən biri də həm atletlərin, necə deyərlər, ekstremal şəraitdə qələbə uğrunda apardıqları mübarizə, həm gözlənilməz nəticələr və rekordlar, həm də rəsmi şəxslərin "Olimpiya kəndi”ni ziyarət etməsidir. Azərbaycan nümayəndə heyətinin mənzil-qərargahının yerləşdiyi, eyni zamanda ölkəmizi təmsil edən idmançımızın məskunlaşdığı "Olimpiya kəndi” oyunlar zamanı qonaqları qarşılamaq üçün ən münasib yer idi. Bir neçə gün öncə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov idmançıların məskunlaşdığı bu məkanda olmuşdular. "Olimpiya kəndi”ni Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da ziyarət etdi. Ölkəmizin səfiri "Olimpiya kəndi”ndə Azərbaycanın dövlət bayrağının ucaldıldığı meydanla, atletlərə yaradılan şəraitlə tanış olduqdan sonra, ölkəmizin nümayəndə heyətinin mənzil-qərargahına gəldi. Burada səfirə Azərbaycan nümayəndə heyətinin şef-de missionu Anar Bağırov yarışların proqramı, ölkəmizi təmsil edən atletimizin məşq prosesi və slalom yarışlarının keçirilmə tarixi barədə ətraflı məlumat verdi. Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafından bütün dünyanın xəbərdar olduğunu, bu sahədə böyük uğurların qazanıldığını vurğuladı. O, əmin olduğunu bildirdi ki, Azərbaycanda idman və Olimpiya hərəkatı bundan sonra da yüksək səviyyədə inkişaf edəcək, idmançılarımız həmişə olduğu kimi, daha böyük nailiyyətlər əldə edəcəklər.

MOK-un əməkdaşı Olimpiya Yayım
Xidmətinin rəsmiləri ilə görüşdü

Pxençan-2018-də iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan Milli Olimpiya Komitəsinin (MOK) marketinq idarəsinin rəisi Mehman Kərimov Olimpiada zamanı Olimpiya Yayım Xidmətinin (Olympic Broadcasting Sercices) və Olimpiya Kanalının (Olympic Channel) rəsmiləri ilə görüşmüşdür. İlk görüş Olimpiya Yayım Xidmətinin telekommunikasiya direktoru Mario Reislə olmuşdur. Xidmətin əməkdaşları kosmik peyklər və fibro optik vasitələrlə dünyanın 160-dan artıq ölkəsində yayımlanan Qış Olimpiya Oyunlarının yayımı haqda geniş məlumat vermişlər.

Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Olimpiya Yayım Xidmətinin və Olimpiya Kanalının əhəmiyyətli rol oynadığını bildirən Mehman Kərimov göstərdikləri dəstəyə və xidmətlərə görə Mario Reisə və xidmətin bütün əməkdaşlarına minnətdarlığını bildirmişdir. Məhz bu dəstəyin nəticəsi olaraq Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının gündəlik xəbərlər proqramı Olimpiya Kanalı vasitəsilə dünyanın bütün ölkələrinə yayımlanmışdır. Görüşdə tərəflər televiziya yayımı və rəqəmsal marketinq sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını ifadə etmişlər. Daha sonra 2019-cu ildə Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrinin Olimpiya Festivalı və Olimpiya oyunları çərçivəsində planlaşdırılmış bir sıra müştərək layihələr müzakirə edilmişdir.

Növbəti görüş Olimpiya Kanalının biznes xidmətləri şöbəsinin rəhbəri Xose Dominqiyez (Jose Dominguez), həmçinin Milli Olimpiya Komitələri və Beynəlxalq Federasiyalar üzrə baş menecer Con Palfrey (John Palfrey) ilə keçirilmişdir. Tərəflər əsasən Olimpiya Gündəliyi-2020 sənədinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, MOK-un marketinq fəaliyyətinin genişləndirilməsi və bu istiqamətdə görüləcək işləri müzakirə etmişlər. Xose Dominqiyez Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış çoxtərəfli memoranduma uyğun olaraq sosial media platformalarının və digər internet resurslarının idarə olunmasında, rəqəmsal arxivləşdirmədə, kontent yaradılmasında və bu kimi başqa sahələrdə MOK-a hər cür texniki dəstəyin göstərilməsi üçün hazır olduqlarını söyləmişdir. Azərbaycanın regiondakı aparıcı rolunu nəzərə alaraq, bir sıra layihələrin həyata keçirilməsində qonşu ölkələrin Milli Olimpiya Komitələri ilə birgə əməkdaşlığı da hər iki tərəf razılıqla qarşılamışdır.

Qeyd edək ki, belə görüşlərin keçirilməsi qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə, Olimpiya hərəkatının təbliği sahəsində müştərək layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Belə ki, növbəti görüş Olimpiya Gündəliyi-2020 sənədinin tələb və tövsiyələrinə uyğun olaraq, Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Olimpiya Komitəsinin Televiziya Marketinq Xidmətinin rəsmiləri ilə keçirilmişdir.

"Ağ Olimpiada” rekordlarla zəngin idi

Hələ Olimpiada başlamazdan əvvəl Pxençxan-2018 rekordlarla - həm iştirak edən ölkələrin, həm də idmançıların sayı ilə gündəmə gəlmişdi. Belə ki, Cənubi Koreyada keçirilən XXIII Qış Olimpiya Oyunlarında Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə olaraq "Ağ Olimpiada”da iştirak edirdilər. Bu Olimpiadada 1 nəfər idmançı ilə çıxış edən 18 ölkədən biri də Azərbaycan idi. Ölkəmizi "Ağ Olimpiada”da 25 yaşlı avstriyalı idmançı Patrik Braxner dağ xizək idmanında (slalom üzrə) təmsil edirdi. Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunub. 2002-ci ildə Solt- Leyk Sitidə yenə də 4 idmançı ilə, amma iki idman növündə iştirak etmişik. Turin-2006-da 2 idmançımız yalnız bir idman növündə qüvvəsini sınayıb. Bu, 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təkrar olunub. Soçi-2014 Qış Olimpiya Oyunlarında isə 4 idmançımız 2 idman növündə qüvvəsini sınayıb. Pxençxan-2018 ölkəmizin Qış Olimpiya Oyunlarında 6-cı dəfə iştirak etdiyi idman tədbiri idi.

Cənubi Koreyada keçirilən "Ağ Olimpiada” dövründəki dəyişkən hava şəraiti oyunların proqramına ciddi təsir etməsə də, ana təbiət təşkilatçıları bəzi güzəştlərə getməyə məcbur etdi. Amma bu güzəştlərin bütövlükdə Olimpiadanın mənzərəsinə elə bir ciddi təsiri olmadı. Qış Olimpiya Oyunlarının tarixi ənənələri, demək olar ki, bu Olimpiadada yenidən təkrar edildi. Yəni əsasən qələbə uğrunda gərgin mübarizə, həmişə olduğu kimi, qış idman növlərinin inkişaf etdiyi ölkələrin atletləri arasında getdi. Medal qazanan ölkələrin ilk onluğu cox da ciddi dəyişikliyə məruz qalmadı. Bu oyunlarda favorit sayılan ölkələr öz şanslarını əldən vermədilər.

Pxençxan-2018 Olimpiadası həm də müxtəlif istiqamətlər üzrə çoxsaylı rekordların sayına görə də yadda qalan maraqlı olimpiadalardan biri idi. Bu rekordların bəziləri haqqında məlumatlar vermək oxucularımız üçün də maraqlı olardı. Məsələn, estafet yarışlarında Norveç komandasının heyətində yer alan Marit Bürgen qış olimpiadalarında qazandığı medalların sayını 13-ə (7 qızıl, 4 gümüş və 2 bürünc) çatdırmaqla, "Ağ Olimpiada”nın tarixində bu sayda medal qazanan ilk qadın idmançı oldu. Məlumat üçün bildirək ki, Yay Olimpiya Oyunlarında medallar qazanan xanımlar arasında yalnız bir idmançı xanım-keçmiş SSRİ təmsilçisi, gimnast Larisa Latınina qazandığı 18 (9 qızıl, 5 gümüş, 4 bürünc) Olimpiya medalı ilə M.Bürgeni qabaqlayır. XXIII Qış Olimpiya Oyunlarında 6 yeni ölkənin debütü Pxençxan-2018-in ilk rekordu kimi qeydə alınmışdı. Bu rekord nəticəsində XXIII Qış Olimpiadası həm iştirakçı ölkələrin, həm də iştirak edən idmançıların sayına görə digər qış Olimpiya oyunlarını arxada qoydu. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Olimpiadada ən yaşlı və ən gənc iştirakçılar da müəyyənləşmişdi. Belə ki, ən gənc atlet çinli Vu Menqdi (15 yaş) olsa da, 40 il kerlinq idman növü ilə məşğul olan 52 yaşlı kanadalı atlet Şeril Bernard "Ağ Olimpiada”nın ən yaşlısı adını almışdı.2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiya Oyunlarında 37 medal qazanan ABŞ idmançıları bu nəticə ilə mütləq rekorda imza atmışdılar. Norveç komandası indiyədək iki qış Olimpiadasında (Lillehammer-1994 və Soçi-2014) ən çox 26 medal qazanmışdılar. Pxençxan-2018-də isə norveçlilər 39 (14 qızıl, 14 gümüş, 11 bürünc) medal qazanaraq həm medalların sayına görə ABŞ-ı, həm də öz ölkələrinin əvvəlki rekordunu üstələdilər. Xizəklə tramplindən tullanma yarışlarında mübarizə aparan 46 yaşlı Yaponiya idmançısı Noriaki Kasai özünün 8-ci olimpiadasında qüvvəsini sınayaraq, 1992-ci ildən sonra bütün qış Olimpiya oyunlarında iştirak etməklə bu oyunların tarixində iştiraka görə yeni rekord müəyyənləşdirdi. Kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moyr da Pxençxanda keçirilən Olimpiadada buz üzərində rəqslərin qısa proqramında balların sayına (83,67) görə özlərinə məxsus olan dünya rekordunu yenilədilər.

Olimpiadanın favoritləri və ya dopinq qalmaqalı

Pxençxan-2018 Olimpiadasında da medallar uğrunda mübarizə özündən əvvəlki "Ağ Olimpiada”larda olduğu kimi, əsasən qış idman növlərində favorit olan ölkələr arasında gedirdi. Bu, sanki bir ənənə halını alıb. Məsələn, Soçi-2014 Olimpiadasında medal qazanan ölkələr arasında ilk onluqda yer alanlar, Pxençxan-2018 Olimpiadasında da iki ölkə fərqi ilə (Rusiya və Belarusdan başqa) əsasən yenə də ilk onluqda qərarlaşıblar. Bu Olimpiadada ilk onluqda yer tutan ölkələr arasında, əgər belə demək mümkünsə, Rusiyanı və Belarusu Hollandiya və İsveç əvəzlədi. Soçi Olimpiadasında 29 medalla (11 qızıl, 9 gümüş, 9 bürünc) birinci yeri tutan Rusiya Pxençxan Olimpiadasını 17 (2-6-9) medalla 13-cü, müvafiq olaraq, Soçidə 6 medalla (5-0-1) 8-ci olan Belarus son qış Oyunlarını 3 medalla (2-1-0) 15-ci yerdə başa vurdu. Soçi və Pxençxan Olimpiadalarında Kanada, ABŞ və Hollandiya qazanılan medalların sayına görə fərqlənsələr də, medallar cədvəlindəki sırada öz mövqelərini dəyişmədilər. XXIII Qış Olimpiya Oyunlarında liderlik uğrunda əsas mübarizə Almaniya və Norveç komandaları arasında getdi. Müəyyən məqamlarda Almaniya önə çıxa bilsə də, son nəticədə Norveç üstünlüyü ələ aldı və 39 medalla (14-14-11) Pxençxan-2018-in qalibi oldu. Rusiya isə sanki "ev sahibliyi üstünlüyündən” istifadə edib Soçi Olimpiadasında birinci yeri tutduğu üçün həm fiziki (dopinqlə bağlı), həm də mənəvi cəhətdən (öz bayrağı altında yarışlarda iştirak etməsinə icazə verilmədi) cəzalandırıldı.

Bu məqamda dopinqlə bağlı bəzi məsələlərə toxunmaq yerinə düşərdi. Rio-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi, Pxençxan-2018-də də Rusiyanın, son nəticədə isə rus idmançılarının, necə deyərlər, haqlı və ya haqsız olaraq küncə sıxışdırılması heç də birmənalı qarşılanmayıb. Məlumdur ki, güclü rəqiblərin sıradan çıxması ilə (əlbəttə, dopinqə haqq qazandırmırıq) Olimpidalarda qələbə uğrunda güclü rəqabət zəifləyər, tamaşaçı marağı azala bilər. Ona görə də dopinqlə bağlı daha effektiv mübarizə üsulları tapmaq lazımdır. Fakt odur ki, köhnə mübarizə üsulları səmərəli nəticələrə gətirib çıxarmır. Dopinq labrintində həm beynəlxalq idman qurumları, həm də idmançılar ilişib qalırlar. Səbəblər isə müxtəlifdir. Təmiz idman, necə deyərlər, dopinq mafiyasının əlində sanki bir oyuncağa çevrilib. İdmançı karyerası və insan taleləri bir anda alt-üst olur. Bəlkə idmançıdan insanın fiziki imkanlarından artıq nəticə tələb etməklə onları bu yola vadar edirik? Bəlkə nəticələri dopinq hesabına şişirtməklə, real, əsl nəticələrə kölgə salmaq lazım deyil? Bəlkə dopinq qəbul edən və dopinq qəbul etməyən idmançıların yarışlarını, sadəcə olaraq, ayrıca keçirmək lazımdır? Hələlik sonu görünməyən bu qalmaqallarda isə ən çox itirən idmançılardır. Pxençxan-2018 Olimpiadasında da dopinq qəbulu üzündən öz "nəticəsi və medalı” ilə vidalaşan idmançılar da oldu. Kerlinq idman növündə medal qazanan rusiyalı atletin dopinqdə ilişməsi isə bu ölkənin Olimpiya ailəsindəki yerini və mövqeyini bir daha silkələdi. Mənəvi zərbə son nəticədə yenə də qələbə üçün illərlə məşq edərək əziyyət çəkən, özünü müəyyən zövqlərdən məhrum edən idmançıya dəydi. Unutmayaq ki, Olimpiya oyunları insan faktoru ilə birbaşa bağlı olan böyük idman bayramıdır. "Qurunun oduna yaş da yanır” deyiblər. Təəssüf ki, şimal qonşumuzun bir çox istedadlı idmançıları da məhz bu durumdadır. Hətta, Rusiya Prezidenti Vladimir Putinin "Ağ Olimpiada”dan öncə ölkəsinin atletlərini qoruya bilmədikləri üçün rusiyalı idmançılardan üzrxahlıq etməsi də, vəziyyəti dəyişmədi. Doğurdan da, kimsə, nədənsə sığortalanmayıb...

Tarix olduğu kimi yazılır

Bu Olimpiada da ənənəvi olaraq, rekordlarla, maraqlı hadisələrlə, dopinq qalmaqalları ilə müşayiət olundu. Lakin son nəticədə yenə də ən güclülər qalib gəldi. Həmişə olduğu kimi, idmanın dəfələrlə sınaqdan çıxan bu fəlsəfəsi bütün dünyanın diqqət mərkəzində olan Pxençxan-2018 Qış Olimpiadasının da "hərarətinə” öz təsirini göstərmişdi. Bizim ölkəmiz və idmansevərlərimiz üçün maraqla olan isə Olimpiadanın proqramına daxil olan dağ xizəyi idmanının slalom növündə fevralın 22-də keçirilən yarışlar idi. Soyuq və küləkli hava şəraiti ilə müşayiət olunan slalom yarışlarında ölkəmizi 68-ci sıra nömrəsi ilə avstriyalı legionerimiz Patrik Braxner təmsil edirdi. Olimpiada zamanı iştirak etdiyi məşqlərdə ümidverici nəticələr göstərsə də o, rəsmi yarışda finişə çata bilmədi. Beləliklə, təmsilçimiz ilk cəhddə uğursuz çıxış etdiyindən, mükafatçıların müəyyənləşdirildiyi ikinci yürüşdə iştirak etmədi. Qeyd edək ki, legioner idmançımız Soçi-2014-də də eyni aqibətlə üzləşmişdi. Bu Olimpiadada 108 atletin qələbə uğrunda mübarizə apardığı slalom yarışının birinci cəhdində ümumilikdə, 52 idmançı finişə çatsa da, yarışda iştirak edən idmançıların yarıdan çoxu-56 dağ xizəkçisi finişə qədər gəlib çıxa bilməyib. Bu atletlər arasında isə kifayət qədər güclü, təcrübəli və böyük uğurları olanlarla yanaşı, hətta yarışların favoritlərindən biri sayılan məşhur Avstriya idmançısı Marcel Hirşer də var idi.

Bu bir daha onu göstərir ki, idmana bir qayda olaraq, fiziki güc faktoru prizmasından baxılsa da, bəxt və şans amilini də unutmaq ədalətsizlik olardı. O gün keçirilən dağ xizəkçiliyi idman növünün slalom yarışında həm fiziki gücü, həm də bəxti və şansı yetərli olan Norveç idmançısı Andre Myhrer slalomda hamıdan güclü olduğunu sübut edərək, qızıl medal qazandı.

Olimpiya oyunları haqqında ən operativ və dolğun məlumatları KİV-lər verir. Onlar həm oyunları təşkilatçılıq baxımından dəyərləndirir, həm atletlərin qələbə uğrundakı mübarizələrini işıqlandırır, həm də müxtəlif önəmli məqamlara diqqət yetirməklə, necə deyərlər, olimpiadaların tarixini yazırlar. Bu mənada jurnalistlərin planetimizin ən möhtəşəm idman tədbirində iştirakı həm də tarixi bir əhəmiyyətə malikdir. Əlbəttə, idman yarışlarının keçirildiyi məkanların texniki vəziyyəti, arenalar arasındakı məsafələr, nəqliyyatın yüksək dəqiqliklə fəaliyyət göstərməsi, könüllülərin bu oyunlara koreyalılara məxsus gülərüzlülüklə rəng qatması, bu və ya digər çoxsaylı maraqlı məqamlar Pxençxan-2018-in təşkilatçılığı haqqında ədalət naminə xoş sözlər söyləməyə imkan verir. Cənubi Koreyanın ev sahibliyi etdiyi bu Olimpiada idman yarışlarının keçirilməsi ilə məhdudlaşmırdı. Koreyalılar hər fürsətdə öz ölkələrinin adət-ənənələri, qədim tarixi kökləri, mədəniyyətləri, yaşlı insanlara böyük ehtiramları ilə bağlı məlumatları daha qabarıq şəkildə müxtəlif ölkələrdən gələn çoxsaylı qonaqlara çatdırmağa çalışırdılar. Onlar "Ağ Olimpiada”ya ev sahibliyi etmələri ilə fəxr edir və Olimpiadadan istifadə edərək, yuxarıda qeyd etdiyim kimi, koreyalıların milli dəyərlərini böyük ustalıqla, gülərüzlə təbliğ edirdilər. Olimpiada ərzində davamlı olaraq aparılan bu təbliğat bəzən insanda elə təsəvvür yaradırdı ki, onlar Olimpiadanı məhz bu dəyərləri təbliğ etmək naminə keçirirlər. Bir sözlə, Cənubi Koreyada dəfələrlə olan və bu ölkəyə ilk dəfə ayaq basan hər bir kəs bu maraqlı, sanki nağıllar diyarı olan ölkədən unudulmaz xatirələrlə ayrılırdı. Bu xatirələri Olimpiya dəyərlərinin də tanmamlaması doğrudan da, yaddaqalan, unudulmaz anlardır.

Pxençxan Olimpiya Stadionu Cənubi Koreyanın müvəqqəti idman qurğuları sırasında olsa da, daha bir ümumbəşəri şanlı tarixin yazılması meydanına çevrilərək, bu şərəfli missiyası ilə əslində dünyanın idman və Olimpiya hərəkatı tarixində silinməz iz qoydu. Öz odunu qədim Afinadan alan Pxençxan Olimpiya Stadionunda alovlanan bu məşəli yalnız Olimpiya oyunlarının rəmzi deyil, eyni zamanda oyunların keçirildiyi müddətdə öz alovunun işığı ilə müvəqqəti olsa da belə, dünyada müharibələri dayandıran, insanları sülhə, həmrəyliyə, əmin-amanlığa səsləyən müqəddəs bir alov kimi dəyərləndirmək olar. Olimpiyadaya bütün dünyanın böyük maraq göstərməsinin səbəbini insanların idmana olan sonsuz həvəsi ilə yanaşı, həm də Olimpiya oyunlarının ümumbəşəri mahiyyətində axtarmaq lazımdır. Ümumiyyətlə, Olimpiya oyunları həm idmanı, həm sülhü, həm də ümumbəşəri dəyərləri özündə birləşdirən dahiyanə kəşflərdən biridir.Pxençxan-2018 Qış Olimpiya Oyunları qədim və müasir tarixə qovuşdu. Beləliklə, dünyada idmanın və Olimpiya hərəkatının daha bir şanlı tarixi yazıldı. Dünyanın coxsaylı ölkələrindən gələn KİV nümayəndələri isə bu oyunların tarixini yazaraq, onun dəyərinə rəngarəng çalarlar qatacaqlar. Tarix isə olduğu kimi yazılır.


























































































Murad Qoçuoğlu,
Bakı-Pxençxan-Bakı