İslamda idman və dini ritualların faydası -I yazı

İslamda idman və dini ritualların faydası -I yazı

İslam dini və müqəddəs kitabımız Quran Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən sayılır. Azərbaycanda İslamın yayılmasından sonra​ formalaşan müsəlman mədəniyyəti elmə misli görünməmiş maraq oyatdı. Çünki islam təkcə din kimi deyil, güclü və mütərəqqi elm kimi tədqiqatçıların diqqətini​ cəlb etmiş və etməkdədir. İslam-elmin inkişafına böyük önəm vermiş müsəlmanları elmin sirlərini yiyələnməyə çağırmışdır. Azərbaycanın müstəqilliyi pərpa edildiyi dövrdən cəmi 29 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, ölkə islam dünyasının mərkəzinə çevrildi. Etibarlı tərəfdaş, yüksək səviyyəli tədbirlərin təşkilatçısı imicini qazanan Azərbaycan son illər yerləşdiyi həm Avropa, həm Asiya qitələrinin ən mötəbər tədbirlərinin ev sahibinə çevrildi. Bu baxımdan insanları barışa səsləyən idman sahəsi də istisna deyil. Ölkədə yaxın illərdə keçirilən idman tədbirlərinin siyahısına baxdıqda bunun şahidi olmaq olar: 2014-cü ildə Dünya İdman Jurnalistləri Konqresi, 2015-ci ildə ilk Avropa Oyunları, həmin il Şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası. Bundan əlavə, son günlər bütün islam dünyasının diqqəti mərkəzində olan İslam Həmrəyliyi Oyunlarında da estafet​ 2 Bakıya verilmişdir. Bakı artıq 2009-cu il üçün "İslam mədəniyyətinin paytaxtı" seçildi, Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" olmuş, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, həmin il 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilmişdir.

 

 

İslamda fiziki mədəniyyət​ dərk edilmiş biliyə əsaslanır

 

Allah-təala insanı yaratmış və ona özünün ən gözəl nemətlərini – həyat və ağıl bəxş etmişdir. Əgər bunlar olmasaydı insanın insanlığı öz mənasını itirərdi. İnsanı təkəbbürdən və lovğalıqdan əl çəkməyə, onu öz yaradanına tapınmağa, ona itaət etməyə çağıran islam, eyni zamanda ona düşünməyi, dərk etməyi də vacib buyurmuşdur. Odur ki, islamda fiziki mədəniyyət kor-koranə itaətə deyil, dərindən dərk edilmiş biliyə əsaslanır. İslamda idman və fiziki tərbiyə mövzusuna da az rast​ gəlinmir. Həmin məqamlar nəzər salsaq, dəyərli fikirlərlə tanış olarıq.​ Belə ki, idman sözünün başqa dillərdə lüğəti mənaları​ olduqca zəngindir. Məsələn, farscada «vərzes» kimi ifadə olunur. İstilahda isə​ hərəkət, xüsusi əməllər toplusudur ki, bədənə aid əməlləri qüvvətləndirir və hər gün yerinə yetirir. (Fərhəngş-nəfisi, Kitab foruşiye Xəyyam, c.5, s.3848). «Fərhəngi-Əmid»də başqa mənalar ifadə olunduqdan sonra deyilir: idman fərdi və ictimai sürətdə əsəb sistemləri və bədən əzələlərini gücləndirmək, bədən üzvlərini ardıcıl olaraq hərəkət etdirməyə deyilir. (Fərhəngi-əmid, İntişarati Çmir Kəbir, 1362, c.1065-1068). Peyğəmbərimizin bir hədisini yada salaq: «Övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin». Mənbələrdə göstərir ki, Hz.Davud peyğəmbər padşahlıqla yanaşı, ən mahir «sapand daş atmaq» bacarığına malik olmuşdur. Həzrəti Əli (ə.s.) sağlamlıq haqqında demişdir: «Ruhi​ xəstəliklərin şəfa tapması sizin bədəninizdədir». İdman mövzusunun öyrənilib araşdırılması, o cümlədən İslam dini ilə​ əlaqəsinin tədqiq edilməsi, bu mövzunun elmin bir hisssi kimi öyrənilməsinin​ zəruriliyini vurğulayır. Bu baxımdan dinlə idmanın əlaqəsi, İslamda idman​ mövzusunun araşdırılmasında təəccüb doğuracaq heç nə yoxdur.

 

Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir

 

Elm və texnikanın yüksək sürətlə inkişafı, getdikcə çirklənən ekologiya, insanların​ daha çox oturaq həyat tərzi keçirmələri, gündəlik əhatə olunduqları​ problemlər cansağlığının qoruması üçün böyük qayğı tələb edir.

Gələcəyimiz olan körpələrin hərtərəfli inkişafı qayğısına qalmaq bu​ baxımdan ictimaiyyətin və dövlətin xüsusilə diqqət mərkəzində durur. Aydın​ məsələdir ki, demokratik cəmiyətdə insanların sağlamlığından qiymətli sərvət tapmaq qeyri-mümkündür. Ona görə də adamların can sağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Fiziki mədəniyyət insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir. Fiziki mədəniyyət şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki mədəniyyət əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın​ fikir qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa edir. Fiziki​ mədəniyyət insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni​ möhkəmlədir, insanda dözümlülük, intizam, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki mədəniyyət insanı əməyə və vətən​ müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır. İdmanla məşğul olmaq insandakı yorğunluğu, əzginliyi, tənbəlliyi aradan​ qaldırır və ona şən əhval-ruhiyyə bəxş edir. İdman həmçinin insanı şəxsi və ictimai​ işləri görməyə ruhlandırır, onda cəsurluq, fədakarlıq, zülmə qarşı mübarizə,​ məzlumu müdafiə etmə kimi gözəl insani sifətləri dərinləşdirir və iradəni möhkəmləndirir. Fizioloji sağlamlığın əhəmiyyəti hamıya məlumdur. Həzrət Peyğəmbərimiz (s) bədənin insan üzərindəki haqqı barəsində buyurmuşdur: «Yaradanın sənin üzərində haqqı vardır, bədəninin sənin üzərində haqqı vardır və ailənin sənin üzərində haqqı vardır». Həzrət Peyğəmbərimiz (s) cismin sağlamlığına o dərəcədə dəyər və əhəmiyyət vermişdir ki, bədənin haqqını Allah-Taalanın haqqından sonra və ailə haqqı ilə paralel olaraq bəyan etmişdir. İnsan Allah-Taalanın və ailəsinin haqqını o zaman daha yaxşı şəkildə ödəyər ki, sağlam və güclü bədənə sahib olsun. İdmanın fizioloji və psixoloji sağlamlığa göstərdiyi köməklik hədsizdir. Bu da məlumdur ki, düzgün şəkildə idman edən və ya aktiv həyat tərzi keçirən şəxslər daha sağlam və daha uzun ömürlü olurlar. Gündəlik şəxsi və ictimai işləri yerinə yetirmək üçün idman insana fiziki güc verir.​ Bundan başqa idman fərdi və ictimai əlaqələrin səmimi və gözəl şəkildə yaranması üçün münasib şərait də yaradır. İdman insanı aktivləşdirir. İdmanla məşğul olmaq (əsasən də uşaqlıqda) insanın yaxşı şəkildə inkişaf etməsi üçün olduqca zəruridir. Misal üçün, hər hansı bir idmançının fəal bədən üzvlərindən birini gibsə salaraq bir müddət saxlasaq, çox keçmədən həmin şəxsin zəifləyərək arıqladığının şahidi olarıq. Əgər fiziki fəaliyyət azalarsa, təbii ki, bədənin xəstəliklər qarşısındakı dözümlülük sistemi də zəifləyəcəkdir. Elə bu baxımdan da, idman və aktiv həyat tərzi fiziki sağlamlığa və uzun ömrə səbəb olduğu kimi, fəaliyyətsizlik də ömrün qısalmasına gətirib çıxarır.

 

Fiziki​ mədəniyyət​ şəxsiyyətin formalaşmasında böyük rol​ oynayır

 

Aparılan son tədqiqatlar göstərir ki, idman zehni fəaliyyətin güclənməsində və psixoloji xəstəliklərin (stress, depressiya kimi) müalicəsində əvəzsiz rol oynayır. Gündəlik edilən idman hərəkətləri depressiyanın müalicəsində olduqca təsirli gücə​ malikdir. Bu səbəbdən də psixoloqlara bu tip xəstələrin müalicə proqramına idmanı da əlavə etmək tövsiyə edilmişdir. İdman nəinki depressiyanın müalicəsində, hətta həmin xəstəliyin yenidən baş verməməsində çox güclü təsirə malikdir. İdman hərəkətlərini dayandırmaq gərginlik, nigarançılıq və həyəcan hisslərinin gözə çarpacaq dərəcədə çoxalmasına səbəb ola bilər. Psixoloqları fikrincə, depressiyada olan insanların nə dərəcədə idman etməsi deyil, gündəlik, davamlı olaraq idmana nə qədər vaxt ayırması önəmlidir. Əlbəttə, bunu da qeyd edək ki, güclü depressiya keçirən insanlara​ dərman preparatlarının qəbulunu dayandırıb ancaq idman etmək məsləhət ​ görülmür. Amma bununla belə, bu kimi şəxslərə idmanla məşğul olmağın güclü​ təsiri olacaq və onların sağalma ehtimalı maksimum dərəcədə artacaqdır. Tədqiqatçıların nəzərincə, idman şən əhval-ruhiyyənin yaranmasına səbəb olur, özunəgüvən hissini artırır. Çünki depressiyalı insanlarda özünəinam hissi ya çox zəifdir, ya da ki, tamamilə yox dərəcəsindədir. İdman fərdin özünəgüvən hissini yüksəldir və onda uğurlar qazanma fikrini formalaşdırır. Burda qeyd olunmalı önəmli məsələ bundan ibarətdir ki, depressiyalı şəxs bu kimi xəstəliklərlə mübarizədə kifayət qədər enerjiyə sahib olmalıdır. Bunun üçün də ən yaxşısı budur ki, idman edərkən orta həddi qorusun. Yaxud daha yaxşı nəticə əldə etmək üçün idman üzrə mütəxəssis ilə məsləhətləşsin. Çünki psixoloji sağlamlıq üçün idman düzgün yerinə yetirildikdə faydalı olur. Göründüyü kimi, fiziki mədəniyyət şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki mədəniyyətətinə xüsusi diqqət yetirmək lazımdır. Bu məsələ mühüm dövlət, milli-mənəvi əhəmiyyət kəsb edir. Fiziki sağlamlığı qorumaq məqsədi ilə həftənin 5 günü, gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq çox faydalıdır. Amma çox təəssüflər olsun ki, idmanla məşğul olan insanlara, xüsusilə qadınlara çox az təsadüf olunur.

 

 

Ruhun və mənəviyyatın saflaşdığı müqəddəs ay

 

Bildiyiniz kimi, indi hal-hazırda bütün dünyada müsəlmanlar tərəfindən​ müqəddəs Ramazan ayının orucu tutulur. Bu ayın çoxlu hikmətləri vardır.​ Başlıcası ruhumuzun və mənəviyyatımızın saflaşdırılmasıdır. Həmçinin Ramazan​ ayının hikmətlərindən biri sağlamlığımızdır. Necə ki, Peyğəmbərimiz buyurub:​ "Oruc tutun ki, sağlam olasınız”. Gördüyünüz kimi, əziz Peyğəmbərimiz oruc

tutmağın hikmətlərinin birini sağlamlıq adlandırır. Bu gün ki, gündə​ Peyğəmbərimizin buyurduğunu elm aləmi və həkimlər də təsdiq edir. İncə bir​ nöqtə budur ki, Allah-Talanın vacib etdiyi orucun müddəti bir aydır. Həkimlər də​ bir ay orucun zaman baxımından nə çox, nə az tam düzgün seçildiyini qeyd edirlər. Dini hökmlərə əsasən xəstə​ olanlar bu hökmdən azaddır. Deməli,​ Allah​ Təala​ bizim​ sağlamlığımızı qoruduğu​ kimi biz də gərək öz sağlamlığımızı qoruyaq.

 

Ardı var

İslamda idman və dini ritualların faydası -I yazı