Lionel Messi rekordları sıralamaqda davam edir

Lionel Messi rekordları sıralamaqda davam edir

Argentina millisinin ulduz futbolçusu Lionel Messi dünya çempionatında yeni rekorda imza atıb. 35 yaşlı kapitan Argntina tarixində mundiallarda ən çox qol vurmuş futbolçu adına sahib çıxıb. O, mundiallar tarixində vurduğu qolların sayını 11-ə çatdıraraq Qabriel Batistutanı geridə qoyub (10 qol). Mssi həmçinin “damalılar”la oyunda fərqlənməklə mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub. Təcrübəli forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla 1/4 final matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.
Messi bundan başqa bir təqvim ilində Argentina millisində şəxsi qol rekordunu da yeniləyib. Hazırkı mundialda 5 dəfə fərqlənən forvard 2022-ci ildə yığmadakı qolların sayını 16-ya çatdırıb.
Daha əvvəl Messinin Argentina seçməsindəki ən məhsuldar dönəmi 2012-ci ilə təsadüf edib. Təcrübəli oyunçu həmin vaxt 12 qola imza atmışdı.
Xorvatiya ilə qarşılaşma Messi üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, argentinalı hücumçu dünya çempionatlarının pley-off mərhələsində məhsuldar ötürmələrin sayında rekorda imza atıb.
Forvard Xorvatiya millisi ilə yarımfinal oyununda sonuncu qolun (3:0) vurulmasında iştirak edib. Belə ki, Xulian Alvares Messinin ötürməsini qolla tamamlayıb. Bu, hücumçunun dünya çempionatlarının pley-off mərhələsində 6-cı məhsuldar ötürməsi olub.
Messi rekordunu dörddəbir final mərhələsində Niderland ilə oyunda müəyyənləşdirsə də, yarımfinal matçında onu yaxşılaşdırıb.
Əvvəllər rekord Peleyə məxsus olub – 4 məhsuldar ötürmə.
Qeyd edək ki, Argentina millisi dekabrın 18-də keçiriləcək finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.