Şəhid Vüsal Kazımovun xatirəsinə boks turniri keçirilib 

Şəhid Vüsal Kazımovun xatirəsinə boks turniri keçirilib 

Lənkəran Olimpiya İdman Kompleksində Vətən müharibəsinin şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə", Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunan baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks üzrə üçüncü Lənkəran – Astara Region birinciliyi keçirilib.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi turnirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirildikdən sonra Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Vüsal Kazımovun atası Lənkəran Dövlət Universitetinin prorektoru professor Kamran Kazımov çıxış edərək şəhidlik zirvəsinin müqəddəsliyindən danışıblar.

Rəsmi çıxışlardan sonra yarışların baş hakimi Nazim Qulamov turniri açıq elan edib.

Turnirdə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonundan olan 56 idmançı mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcələri üzrə yer tutan idmançılar diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin məzunu olan Vüsal Kazımov 44 günlük Vətən Müharibəsinə yola düşən günədək Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb.