ADBTİA-nın 90 illik yubileyinə həsr olunan xüsusi nəşr işıq üzü görüb

ADBTİA-nın 90 illik yubileyinə həsr olunan xüsusi nəşr işıq üzü görüb

Ölkəmizin uzunömürlü və ən qabaqcıl ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş xüsusi nəşr işıq üzü görüb.

Akademiyasının tarixi 1930-cu il noyabrın 8-dən başlayır. Həmin gün Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı olub. İnstitutun əsas vəzifələri bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. Fəaliyyət göstərdiyi 90 il ərzində bu

vəzifələrin öhdəsindən layiqincə gələn Akademiya bu gün regionun ən qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib.

“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: 1930-2020” adlı nəşrdə bu ali təhsil ocağının 90 illik tarixinin müxtəlif dövrləri çoxsaylı fotoşəkillərlə oxucuların diqqətinə ətraflı çatdırılır. Kitab xalqımızın ümummilli lideri Heydər Əliyevin və dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Akademiyanın yaradılmasının tarixi əhəmiyyəti və ölkəmizin idman həyatına layiqli töhfələrinə dair fikirləri ilə başlayır.

Nəşrin “Əsri haqlayan tarix və ya Zaqafqaziyanın ilk idman ali məktəbi” bölməsində bu ali təhsil ocağının şərəfli tarixindən geniş bəhs olunur. Bu bölmədə, həmçinin Akademiyanın məzunlarının idman yarışlarında uğurlu çıxışları ilə yanaşı, İkinci Dünya və Qarabağ müharibələrində də fəal iştirak etdikləri xüsusi vurğulanıb. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1970-ci illərdə olduğu kimi, bədən tərbiyəsi və idmanı yenidən himayəyə götürməsi ilə bu ali təhsil ocağının da həyatında yeni dövrün başlandığı qeyd olunub. Bildirilib ki, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə idman sahəsində daha böyük uğurların əldə olunması üçün əlverişli şərait yarandı. Bu inkişaf Akademiyanın həyatında da parlaq şəkildə hiss olundu.

Müasir dövrdə Akademiyanın qarşısında duran əsas vəzifələr nəşrdə rektor Fuad Hacıyev tərəfindən belə izah olunub: “Biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Akademiya məzunlarının dünya idman əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və inanırıq ki, yaxın zamanda buna nail ola biləcəyik”. Bu məqsədə nail olunması yolunda son illərdə Akademiyada həyata keçirilən islahatlar, atılan addımlar kitabın “Strateji hədəflər və müasir çağırışlar” bölməsində ətraflı şəkildə əksini tapıb.

Nəşrin “Beynəlxalq standartlara uyğun infrastrukturun yaradılması” bölməsində Akademiyanın yeni tədris korpusunun, idman zallarının

yaradılması, ən müasir avadanlığın quraşdırılması ilə maddi-texniki bazanın təkmilləşdirilərək dünya standartları səviyyəsinə çatdırılmasından söhbət açılıb. Qeyd olunub ki, 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur, o cümlədən elektron kitabxana, tədris laboratoriyaları və s. yaradılıb, təhsil imkanları genişləndirilərək distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması həyata keçirilir, qabaqcıl təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.

Kitabın “Tədris prosesində aparılan islahatlar” bölməsində diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerli və xüsusən beynəlxalq idman əmək bazarının yüksək standartlarına cavab verən mütəxəssislərin hazırlanması günün ən vacib tələblərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə Avropanın nüfuzlu ali məktəblərinin əməkdaşlıq əlaqələri əsasında onların iş təcrübəsi öyrənilib, sosial araşdırma aparılıb. Nəticədə Azərbaycanda idman təhsili sistemində böyük yeniliklər edilərək, “Məşqçi”, “Bədən tərbiyəsi və idman reabilitasiyası”, “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisasları üzrə yeni tədris proqramları hazırlanıb, idman təhsili sahəsində yeni standartlar müəyyən edilib. Eyni zamanda, ingilis dilində “İdman tibbi reabilitasiya”, “İdman jurnalistikası” və “İdman menecmenti” yeni magistr ixtisasları yaradılıb. Yeni magistr ixtisaslarında tədrisin keyfiyyətini yüksəltmək üçün bir sıra xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın, Almaniyanın, Türkiyənin və digər ölkələrin ən qabaqcıl ali təhsil ocaqlarından tanınmış ekspertlər proqram rəhbərləri kimi Akademiyaya dəvət ediliblər.

Digər bölmələrdə Akademiyanın elmi potensialı, tələbə-gənclərlə iş və vətənpərvərlik, beynəlxalq əməkdaşlıq, fəxri doktorlar və professorlar, Olimpiya salnaməsi, Akademiyanın yetirmələri olan Milli qəhrəmanlar, çempion məzunlar və s. barədə ətraflı söhbət açılıb.