“Hamımızın bir Vətəni vardır -Azərbaycan”

“Hamımızın bir Vətəni vardır -Azərbaycan”


Müstəqillik dövründə Azərbaycan Respublikası milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Ölkəmizin irəliyə doğru atdığı hər bir addım, qazandığı nailiyyət dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmışdır. Soydaşlarımızın müstəqil dövlətimizə inamı və işıqlı gələcəyə ümidləri onların Azərbaycan Respublikasının milli maraqları ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.


Müasir dövrdə diaspor və lobbiçilik anlayışları beynəlxalq münasibətlərdə çox mühüm rol oynayır. Qloballaşan dünyanın reallıqları diaspor və lobbiçilik quruculuğu sahəsində təxirəsalınmaz addımlar atılmasını vəzifə kimi qarşıya qoyur. Ölkələr və xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq siyasətdə diaspor və lobbi təşkilatlarının rolunun artması ölkəmizin də bu prosesə qoşulmasını prioritet məsələyə çevirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının qurultaylarından birində çıxışı zamanı demişdir: "Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə düşünülmsüş proqram və konsepsiya əsasında işləyirik. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha güclü olsun. Məsələn, mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir”.
Azərbaycan diasporasının və lobbisinin əsasının qoyulması ümummilli və dahi lider, müdrik siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Umümmilli lider ABŞ-a ilk səfərindən sonra Azərbaycan diasporası barədə demişdir: "Mən xarici ölkələrə səfərlərim zamanı diaspora üzvlərini bir yerə toplamağa cəhd göstərirəm. Mən bunu Amerikada da həyata keçirmək istədim. Çikaqoda toplantıya 35 nəfər gəldi. Eləcə də, Parisdə və Londonda da toplantıya əksəriyyəti İran azərbaycanlıları olan 35-40 nəfər qatıldı. Bu diasporadırmı?... Baxın, torpaqları işğal edilən bizik, şəhid verən bizik, illərdir vətənsiz yaşayan bizik, ancaq günahkar olan da bizik. Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 mln-u ermənidir. Sayları çox azdır. Ancaq mövqeləri, vəzifələri etibarilə ictimai fikri öz məqsədləri ətrafında birləşdirə bilirlər. Biz mübarizəmizdə haqlı olduğumuzu kəskin şəkildə sübut etməliyik. Unutmayın, ermənilərə silah verənlər və maddi yardım göstərənlər qədər bizə yardım edən yoxdur... Biz lobbimizi bütün dünyada qurmalıyıq”.
Xarici ölkələrdə yaşayan və müəyyən bir fəaliyyət sahəsi ilə məşğul olan soydaşlarımızı bir araya gətirmək, onların vasitəsilə haqq səsimizi dünyaya çatdırmaq çox mühüm məsələ idi. Mühüm olduğu qədər də vacib olan bu məsələnin həlli xaricdə Azərbaycanın əleyhinə aparılan erməni təbliğatının qarşısına sədd çəkə bilərdi. Bütün bunları nəzərə alan vətənpərvər insan, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradıması haqqında” fərman imzaladı. Bu Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsinə, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatına zəmin yaratdı. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti bu sahədə olan problemlərin aradan qaldırılmasına və Azərbaycan diasporunun fəaliyyətinin milli maraqlar zəminində qurulmasına imkan verdi.
Həmin vaxtdan xeyli müddət keçir. Bu müddət ərzində mühüm qərar və qanunların qəbul edilməsi, eləcə də, Heydər Əliyevin xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onun tövsiyə və məsləhətləri xarici ölkələrdə diasporamızın mütəşəkkil cəmiyyət kimi formalaşmasına və inkişafına xüsusi təkan verdi. Bu siyasət ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün diasporamız öz nüfuz və mövqeyi ilə seçilir.



Azərbaycan diasporası dünyanın 46 ölkəsində fəaliyyət göstərir

Hazırda dünyada yaşayan azərbaycanlıların sayı təxminən 50 milyona yaxındır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın əksər hissəsi bu gün müxtəlif təşkilatlarda birləşiblər. Bu təşkilatların üzvləri ayrı-ayrı insanlar olsalar da, məqsəd birdir - Azərbaycanın haqq səsini dünyada ucaltmaq, doğma yurdumuza arxa-dayaq durmaq. İndi dünyanın 46 ölkəsində fəaliyyət göstərən Azərbaycan diasporası öz ətrafında iqtisadçı, hüquqşünas, siyasətçi, müəllim, mühəndis və biznesmenləri birləşdirir. Bu gün Azərbaycan diasporasının təşkilatçılığı ilə Rusiya Federasiyasında 65, Türkiyədə 20, Almaniyada 37, Amerika Birləşmiş Ştatlarında 20, Ukraynada 17, İsveçdə 11, Böyük Britaniyada 7, Fransada 7, Kanadada 6 mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu cür mədəniyyət mərkəzləri və cəmiyyətlər Avstraliya, Avstriya, Argentina, Belarus, Belçika, Danimarka, Dağıstan, Estoniya, Finlandiya, Gürcüstan, Hollandiya, İspaniya kimi ölkələrdə də yaradılıb. Diasporamız tərəfindən xarici ölkələrdə 30-a yaxın adda qəzet və 35-ə yaxın adda jurnal nəşr etdirilir.
Azərbaycanın Türkiyədə və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya əlaqələrinin inkişafında, eləcə də Azərbaycanın mədəni və tarixi irsinin təbliğ edilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görürlər. Türkiyədə fəaliyyət göstərən və dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi tarixə düşmüş Azərbaycan Kültür Dərnəyi 1949-də ildə təsis edilib. Şərqdə ilk demokratik hakimiyyətin banisi Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilən bu dərnək 1952-ci ildə "Azərbaycan” jurnalının nəşrinə müvəffəq olub. Azərbaycan Kültür Dərnəyi ölkəmizin zəngin mədəni irsinin və tarixinin təbliğində fəallıq göstərir. Qardaş ölkədə diasporumuzun inkişafında müəyyən xidmətləri olan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası isə xeyli sonra, 2004-cü ildə yaradılıb. Bu dərnəyin fəaliyyəti nəticəsində Kocaelidə Heydər Əliyev parkı istifadəyə verilib. Bundan başqa, dərnəyin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da planlaşdırılır. Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı mühüm işlər görən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası dünya ictimaiyyətini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırır.
Ümummilli lider Heydər Əliyev və Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin fəxri sədrliyi ilə 1996-cı ildə təsis olunan Türkiyə-Azərbaycan Dostluq Vəqfi Türkiyədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirirək, ölkəmizin siyasi və mədəni həyatı, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında köməyini əsirgəmir. Vəqfin köməyi ilə qardaş ölkənin bir sıra şəhərlərində (Bursa, Adana, Antalya, Çanakkalf, İqdır və s.) Azərbaycan Evi Dərnəyi fəaliyyət göstərir.
Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (mərkəz 2006-cı ildə təsis edilib) fəaliyyətinin əsas istiqamətlərindən biri "erməni soyqırımı” iddiaları ilə bağlı elmi-praktik konfransların təşkil edilməsi və bu iddiaların əsassız olmasını elmi araşdırmalar barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir. Mərkəz iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edən bir sıra mühüm tədbirlər həyata keçirir.
Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspor mərkəzlərindən biri də 2009-cu ildə Moskvada təsis edilən Rusiya Azərbaycan Gənclər Təşkilatıdır (AMOR). AMOR-a Heydər Əliyev adına Fondun vitse-prezidenti Leyla Əliyeva rəhbərlik edir. Təşkilatın məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatına azərbaycanlı gənclərin daha yaxşı inteqrasiyasıdır. Bundan başqa, Rusiyada fəaliyyət göstərən "Ocaq” Mədəniyyət Mərkəzi (1989-cu ildə təsis edilib) və Ümumrusiya Azərbaycan Konqresi (2001-ci ildə təsis edilib) də Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ münaqişəsi və Rusiyada yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılmasında mühüm işlər görür.


"Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”

Xaricdə yaşayan soydaşlarımızla və orada fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi baxımından bu sahədə atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə "Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi”nin yaradılması oldu. Azərbaycanda diaspora və lobbiçilik quruculuğu sahəsində daha bir mühüm addım xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, eləcə də əlaqəndirilməsi ilə bağlı qurultayın keçirilməsi idi. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabr ayının 9-10-da Bakıda təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi və Heydər Əliyev şuranın sədri seçildi. Dünya Azərbaycanlılarının I Qurultayında xarisdə yaşayan soydaşlarımızın əlaqəli şəkildə fəaliyyəti müzakirə edildi. Bu əlaqələrin qurulması Azərbaycanlıların Əlaqələndirmə Şurasına həvalə olundu.
Ümummilli lider qurultaydakı çıxışı zamanı soydaşlarımızı daim vətənə bağlı olmağa səslədi: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
İndiyədək Dünya Azərbaycanlılarının 3 qurultayı keçirilib. II qurultay 2006-cı il martın 16-da Bakıda təşkil edildi və burada dünyanın 49 ölkəsindən 593 nümayəndə, 388 nəfər qonaq iştirak edirdi. Azərbaycanda diasporanın inkişafı yolunda növbəti mərhələ olan bu mühüm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçildi. Dünya Azərbaycanlılarının III qurultayının keçirilməsi isə tarixi bir məqamla üst-üstə düşdü. Qurultay Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil edildi. 2011-ci il iyul ayının 5-6-da Bakıda keçirilən tarixi qurultayda dünyanın 42 ölkəsindən 595 nümayəndə, o cümlədən 205 qonaq iştirak etdi. Tədbirə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları dəvət olunmuşdu. Ən mühüm amillərdən biri bu idi ki, üçüncü qurultayda milliyyətcə azərbaycanlı olmamasına baxmayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri də qonaq qismində iştirak edirdilər.
Dünya Azərbaycanlılarının 3-cü qurultayı diaspora hərəkatında yeni mərhələ açdı. Qurultay göstərdi ki, Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, nəhayət, bir gücə çevrilməsi müstəqilli dövlətimizin əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Dünya azərbaycanlılarının üçüncü qurultayından keçən dövr ərzində Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictima-isiyasi proseslərinə təsir göstərə bilmək imkanlarının və onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını söyləmək mümkündür.
Müstəqilliyimizin ilk illərində Azərbaycan güclü erməni diasporunun informasiya blokadasından əziyyət çəkirdi. Həmin dövrdə erməni diasporunun qarşısında dayanan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran diasporadan danışmaq qeyri-mümkün idi. Zaman keçdikcə bu sahədə aparılan dövlət siyasəti öz bəhrəsini verdi. Dünya azərbaycanlılarının bir araya gələrək təşkilatlanması prosesi sürətləndi. Qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində əldə edilən ən mühüm nailiyyətlərdən biri də ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır. Dünya Azərbaycanlılarının qurultaylarından sonra görülən işlər xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması prosesinə böyük təkan verdi. Hazırda müxtəlif ölkələrdə azərbaycanlı gənclərin 50-dək təşkilatı fəaliyyət göstərir.
Uğurlardan biri də dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən türk, yəhudi diasporları ilə əməkdaşlığının əlaqələndirilməsidir. Bu işdə Azərbaycan-Amerika Alyansının fəaliyyəti də diqqəti cəlb edir. Alyansın təşəbbüsü ilə hər il ABŞ-da Xocalı soyqırımını tanıtım aksiyası keçirilir. Bu təşkilat əvvəlki əllərdə olduğu kimi, bu il də ABŞ-ın ən böyük şəhərlərindən olan Nyu-York və Vaşinqtonda aksiyalar təşkil etdi. Fevralın 17-də Nyu-Yorkdan başlanan multimedia kampaniyası Vaşinqtonda davam etdirildi. Mart ayının ortalarına qədər keçirilməsi planlaşdırılan Azərbaycan Amerika-Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq soyqırım kimi tanınmasına və qəbul edilməsinə yönəldilib. Bu aksiyalar Azərbaycan diasporasının köməyi ilə dünyanın digər ölkələrində də keçirilir.

Azərbaycanda, istərsə də xaricdə yaşayan soydaşlarımızı narahat edən əsas məsələ Qarabağ problemidir

Qeyd edək ki, indi dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, mədəniyyətimizi, adət-ənənələrimizi, xalqımıza məxsus gözəl dəyərləri təbliğ edirlər. Təbii ki, bu gün istər Azərbaycanda, istərsə də xaricdə yaşayan soydaşlarımızı narahat edən əsas məsələ Qarabağ problemidir. Diaspor təşkilatlarımız da bu ağrılı məsələnin mahiyyətini aydın dərk edir, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında və qəbul edilməsində böyük səy göstərirlər. Diaspor təşkilatlarımızın müxtəlif ölkələrdə Qarabağla bağlı keçirdiyi tədbirlərdə həmin ölkələrin hökumət və qanunverici orqanlarının, siyasi partiya və ictimai təşkilatlarının nümayəndələri iştirak edirlər.
Bu, Azərbaycan diasporunun qısa zamanda böyük inkişaf yolu keçən diasporlardan birinə çevrildiyinin göstəricisidir. Bu gün fəxrlə demək olar ki, Amerika və Avropanın ali məktəblərində təhsil alan gənc azərbaycanlıları öz ətrafinda birləşdirən "U.S. Azeris Network” (USAN) Amerika-Azərbaycan Diaspora Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə yaradılacaq neçə-neçə gənc vətənpərvər azərbaycanlıların diaspora təşkilatları erməni lobbisinə layiqli rəqib olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti 26 noyabr 2013-cü il tarixdə ona "Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi ilə bağlı jurnalistlərlə görüşündə demişdir: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hammızın bir Vətəni vardır -Azərbaycan. Hamımız vətənpərvərik. Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq”.
Dövlət başçısı bununla yaşından, peşəsindən və tutduğu mövqedən asılı olmayaraq, bir daha hər birimizi vətənimiz Azərbaycan, onun azadlığı və müstəqilliyi uğrunda birləşməyə, səfərbər olmağa çağırdı. Çünki Vətən müqəddəsdir. Çünki Vətən hamımızındır - sənin, mənim və onun...

Səadət Hakıyeva



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.