Milli idman oyunları gənclərin sağlamlığına, orduya hazırlığına müsbət təsir göstərir

Milli idman oyunları gənclərin sağlamlığına, orduya hazırlığına müsbət təsir göstərir

Ölkəmizdə milli idman oyunları vasitəsilə hərbi-vətənpərvərlik tərbiyəsində şagirdlərin ordu sıralarına hazırlığı əsas məsələlərdən biridir. Məhz buna görə də təşkil olunan milli idman oyunlarında orduya xas olan əlamətlər, orduda xidmət etmək üçün faydalı ola biləcək cəhətlər müəllim tərəfindən əvvəlcədən müəyyən edilməli, oyunun gedişində bunlar şagirdlərə aşılanmalıdır. Tədqiqatçılar hesab edirlər ki, oyunlarımızda hərb sənətinə yararlı cəhətlər kifayət qədərdir. Bunların şagirdlərə çatdırılması isə, şübhəsiz ki, müəllimin bacarığından asılıdır. Bunun üçün müəllim pedoqoji və metodiki hazırlığa malik olmaqla yanaşı, həm də hərbiyə məxsus mühüm xüsusiyyətlər haqqında məlumatı olmalıdır. Milli və hərbi idman oyunları məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi ilə bərabər, onların dünyagörüşünə, əqidəsinə də təsir göstərir. Uşaqların tərbiyəsi elə qurulmalıdır ki, o, bütün varlığı ilə müstəqil ölkə vətəndaşı üçün vətəndən əziz və qiymətli heç bir şey olmadığına inansın. Bir sözlə, uşaq yeniyetmə və gənc vətəni sevməli, ona bütün varlığı ilə bağlı olmalıdır. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun formalaşması və inkişafında, həmçinin, onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsində mühüm rol oynayır. Hər bir milli və hərbi idman oyunu elə təşkil olunmalıdır ki, məktəblilər vətən sevgisi nə olduğunu anlasın, onu dərindən duysunlar.


Şəxsiyyətin ən müsbət cəhətləri ailədə formalaşmağa başlayır
Ümumiyyətlə, oyun uşağın həyatında böyük əhəmiyyətə malikdir. Yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyət daşıyırsa, uşağında həyatında oyun o qədər vacibdir. Uşaq oyunda necə iştirak edirsə, böyüyəndən sonra işdə də bir çox cəhətdən elə olacaqdır. Ən kiçik yaş dövlərində uşaq əsasən oynayır, onun iş vəzifələri olduqca əhəmiyyətsiz olur və ən sadə şəkildə özünə xidmət etmək çərçivəsindən kənara çıxmır. Bəzi ailələrdə isə bu işin vəzifələri tədricən mürəkkəbləşir, uşağa getdikcə çətin işlər tapşırılır. Əvvəlcə bu tapşırıqlarda uşağın yalnız özünə xidmət etməsi məqsədi qarşıya qoyulur. Sonralar ona bütün ailə üçün əhəmiyyətli olan tapşırıqlar da verilir. Uşaq məktəb yaşına çatanda isə gördüyü iş artıq onun həyatında çox mühüm yer tutur. İndi o, gördüyü iş üçün daha çox məsuliyyət daşıyır. Bu iş indi onun gələcək həyatı haqqında daha müəyyən və daha aydın təsəvvürlərlə əlaqədar olur. Lakin bu dövrdə də uşaq hələ çox oynayır, həttta oyun işə nisbətən o qədər çox xoşuna gəlir ki, uşaq işi qoyub oynamaq istəyir. Belə ziddiyyətlərin əmələ gəlməsi bir növ uşaqların oyununa nəzarətin edilməməsindən irəli gəlir. Burada isə daha çox məsuliyyət valideynlərin üzərinə düşür.
Həyatda bəzən elə adamalara rast gəlirik ki, məktəbi çoxdan bitirməsinə baxmayaraq, oynamağı işləməkdən çox sevirlər. Müxtəlif zövq arxasınca qaçan, əyləncə xatirinə işini yaddan çıxaran adamları buna misal göstərmək olar. Bu növ adamlar sırasına zahiri əda və görkəmə həddindən çox fikir verənləri, yalan danışanları da daxil etmək olar. Bu, o deməkdir ki, onlar uşaqlıq dövründə düzgün tərbiyə olunmayıblar və ya bu cür vərdişlər əsasən düzgün təşkil edilməmiş oyun prosesində qazanılıb. Bütün dediklərimizdən heçdə belə bir nəticə çıxarılmamalıdır ki, uşağı oyundan mümkün qədər tez ayırmaq və iş görməyə vadar etmək lazımdır. Belə bir seçim heç bir vaxt fayda verməz, uşaqda işə nifrət hissi oyadar və oynamaq həvəsini daha da gücləndirər. Ümumiyyətlə, hər bir yaxşı oyunda hər şeydən əvvəl, əməli səy və düşüncə vardır. Siz uşağa yaylı siçan alıb bütün günü onu buraraq qaçırtsanız, uşaq isə bu siçanın qaçmasına baxıb sevinsə, bu cür oyunun heç bir faydası olmayacaqdır. Belə oyunlarda uşaq həmişə passiv iştirak edir. Uşaq belə oyunlarla məşğul olsa, onda yalnız özgəsinin işinə baxmağa alışacaq, təşəbbüskarlıqdan məhrum olacaq və öz işində yenilik yaratmağa, çətinlikləri aradan qaldırmağa adət etməyəcək . Heç bir səy tələb etməyən oyunun heç bir əhəmiyyəti yoxdur. Çox vaxt validyenlərin uşaq oyuna düzgün rəhbərlik etmədikləri nəzərə çarpır. Bəzi valideynlər, sadəcə, uşaqların oyunu ilə maraqlanmır və belə düşünürlər ki, uşaqlar necə oynamaq lazım olduğunu özləri gözəl bilirlər. Belə valideynlərin uşaqları necə istəyirlərsə, elə də oynayır və oyunu özləri təşkil edirlər. Ümumiyyətlə, ailənin sağlam münasibətlər və mövcud əxlaq normalarına riayət olunması uşağın şüurunda dərin iz buraxır. Hər bir uşaq bizi əhatə edən hər şey haqqında ilkin məlumatları ailədə alır. Gənc nəslin fiziki tərbiyəsində məktəb böyük rol oynasa da, bu işdə ailə və ictimaiyyətin köməyi olmadan keçinmək mümkün deyil. Məlumdur ki, uşağın bəzi keyfiyyətləri məktəbə getməzdən əvvəl ailədə yaranır. Mütəxəssislərin fikrincə, bəzi şagirdlərin sağlam həyat tərzinin düzgün olmaması məktəblə ailənin zəif əlaqəsindən irəli gəlir. Məlumdur ki, şəxsiyyətin ən müsbət cəhətləri, əsasən, məktəbdə, təlim-tərbiyə prosesində formalaşır. Qeyd edək ki, uşaqların, məktəblilərin, xüsusilə yuxarı sinif şagirdlərinin milli mənlik şüurunun formalaşmasında milli idman oyunlarımızın da müstəsna rolu vardır. Milli idman oyunlarımızda xalqımıza məxsus mənəvi keyfiyyətlər çoxdur. Bu oyunlar zamanı şagirdlər fiziki cəhətdən daha da möhkəmlənir və həyatda düzgün mövqe tuturlar. Nəzərə almaq lazımdır ki, məsuliyyətli olmaq, intizamlılıq, səmimilik, müəllimin göstərişlərinə əməl etmək, mədəni davranış və s. əlamətlər hərbi xidmətdə də özünəməxsus əhəmiyyətə malikdir. Müəllim-şagird münasibətlərindən irəli gələn mühüm amillər şagirdlərə vətənpərvərlik borcu, vətənin azadlığı naminə döyüşə hər an hazır olmaq ideyasının yaranmasına da zəmin yaradır. Bu hisslər bilavasitə şagirdləri hərbi bacarıq və vərdişlər qazanmağa məcbur edir. Müəllim-şagird münasibətlərindəki qarşılıqlı inam şagirdlərdə verilmiş tapşırıqların, əmrlərin sözsüz və vaxtında icra olunmasına vərdiş yaradır. Bu zaman hərbi-vətənpərvərlik tərbiyəsi üçün zəruri olan biliyin, hisslərin, iradənin və adətlərin vəhdəti əsas götürülür. Milli və hərbi idman oyunlarının təşkili və keçirilməsi zamanı şagirdlər dərk edirlər ki, vətəni sevmək vətənpərvərlik keyfiyyətlərinə malik olmaq demək deyil. Bunun üçün hərbi bacarıq və vərdişlərə də yiyələnmək lazımdır.

Milli və hərbi idman oyunlarının bütün növləri özünəməxsus əhəmiyyət kəsb edir
Milli və hərbi idman oyunlarımızda nizam-intizama aid elə tələblər vardır ki, bunları oyunda iştirak edən hər kəs başa düşməli və ona sözsüz əməl etməlidir. Belə olmasazsa, oyun öz mahiyyətini itirər. Eyni qaydalar orduda da özünü göstərir. Qeyd etmək lazımdır ki, idmanda olduğu kimi, milli və hərbi idman oyunlarında da özünəməxsusluq mövcuddur. Əksər məktəblilər belə oyunların təşkili və keçirilməsi qaydalarını, başlıcası isə, məzmunu yaxşı bilmirlər. Bu amil müəllimdən yüksək nəzəri hazırlıq, hər bir oyunun məzmununa dərindən bələd olmağı tələb edir. Müəllim bilməlidir ki, təşkil etdiyi milli idman oyunu şagirdlərə hansı əxlaqi keyfiyyətləri aşılayacaq və oyunun hansı hissəsi hərbi-vətənpərvərlik tərbiyəsi ilə bilavasitə bağlıdır. Buna görə də müəllim oyunun keçirilməsinə hazırlaşarkən, ilk növbədə, onun məzmununu diqqət mərkəzində saxlamalı, hərbi-vətənpərvərlik tərbiyəsinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməlidir. İkinci mərhələdə o, oyunun məzmununu və keçirilmə qaydalarını şagirdlərə çatdırmalıdır. Eyni zamanda, müəllim hər bir şagirdə fərdi yanaşmalı, qaydaların şagirdlər tərəfindən başa düşüldüyünə əmin olmalıdır. Mütəxəssislərin fikrincə, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində xalq idman oyunlarının bütün növləri özünəməxsus əhəmiyyət kəsb edir. Bu oyunlarda fiziki hazırlıqla bağlı keyfiyyətlər ordunun formalaşmasında, hər bir əsgərin vətənə xidmətində də həmişə zəruri olan keyfiyyətlərdən hesab olunub. Bu oyunlar uşaq və yeniyetmələri, eləcə də gəncləri çətinliyə dözümlü, iradəli və mübariz ruhda tərbiyə edir. Milli idman oyunları məktəblilərin sağlamlığına, orduya hazırlığına müsbət təsir göstərdiyi kimi onun əmək fəaliyyətinə də güclü təsir edir. Mütəxəssislərin fikrincə, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi milli oyunların yaxşı təşkil edilməsindən də çox asılıdır. Bir neçə hərbi idman oyunları var ki, bu baxımdan böyük əhəmiyyət daşıyır. "Postana” hərbi idman oyununu buna nümunə göstərmək olar. Oyun zamanı iştirakçılar iki bərabər komandaya bölünür, 10-15 m məsafədə qarşı-qarşıya cərgəyə düzülürlər. Hər iki komandanın qarşısında "ev” adlanan xətt çəkilir. Hər "ev” xətdən mərkəzə tərəf 5-7-m-lik məsafədə cərimə xətləri cızılır. Müəllim cərimə meydançasının yanında, hündür bir yerdə durur. Hər komandada kapitan seçilir. Oyunu başlamaqdan ötrü püşk atırlar. Bundan sonra müəllim oyunu başlayaraq, kapitanı yanına çağırır və tennis topunu verir. Komandanın kapitanı öz yerinə qayıdır. Tərbiyəçinin "addımla, marş!” komandası ilə oyuna başlayan komandanın iştirakçıları əllərini arxaya qoyur və cərimə meydançasına tərəf irəliləyirlər. İrəliləyərkən kapitan topu onunla yanaşı addımlayan işitrakçıya o isə yanındakı oyunçuya ötürür. Beləliklə, cərimə xəttinə gələnə qədər top bütün cərgə boyu əldən ələ keçir. İkinci komandanın kapitanının göstərişi ilə bu komandanın üç oyunçusu topun kimdə olduğunu tapmalıdır. Əgər ikinci komandanın üç oyunçusundan biri topun kimdə olduğunu düzgün deyərsə, komanda bir xal qazanır və tərbiyəçinin "addımla marş!” komandası ilə öz "ev”inə qayıdır və oyunu yenidən başlayır. Bu oyun özlüyündə bir növ hərbi-vətənpərvərlik tərbiyəsi baxımından uşaqlarda kiçik yaşdan cəldlik və dəqiqlik xüsusiyyətini yaradır. Uşaqlarda cəld hərəkət etməyin, zirəkliyin inkişafında, onların topu uzağa və hədəfə sərrast atmasında "Dırmanma” idman növü böyük əhəmiyyət daşıyır. Burada iştirakçılar diametri 2-3 metr olan dairə düzəldirlər. Dairədən 2 m hündürlükdə ip, ondan yarım metr aralıda isə qarmaqla alma və ya yerkökü asılır. Bu əşyalar daima hərəkətdə olur. Müəllimin göstərişi il oyunun bütün iştirakçıları növbə ilə bir-birinin ardınca iplə dırmaşırlar. İpin axırına qədər dırmaşan oyunçu yellənən almanı və yerkökünü ağzı ilə tutmalıdır. Asılmış əşyanı 25 saniyə ərzində tutmaq lazımdır. Bu vaxt ərzində əşyanı tuta bilməyən oyunçu yerə enir və meydanın ortasında iştirakçının arzusundan asılı olaraq rəqs edir, oxuyur və s. "Ya səndədir, ya onda” oyunu isə uşaqlara məqsəddən asılı olaraq qələbə uğrunda mübarizə aparmağı tövsiyə edir. Oyunun qaydalarına əsasən bütün iştirakçılar böyük dairə vurub dayanır, əllərini arxalarında saxlayırlar. Oyunçulardan biri tərbiyəçinin göstərişi ilə meydançanın ortasına çıxır. Tərbiyəçi gizlədəcəyi əşyanı bütün iştirakçılara göstərir ki, onu hamı yadda saxlasın. Sonra özü dairədən kənara çıxır. Müəllim dairə qurmuş oyunçuların arxasında gəzə-gəzə onların yanında dayanıb özünü elə göstərir ki, guya həmin şeyi oyunçuya ötürür. Beləliklə o, dayanmaqda davam etməli, eyni zamanda həmin əşyanı iştirakçılardan birinə elə ötürməlidir ki, meydançanın ortasında duran oyunçu bunu hiss etməsin və əşyanın kimdə olduğunu bilməsin. Meydançanın ortasında dayanan oyunçu tərbiyəçinin bütün hərəkətlərini diqqətlə izləməlidir. Bundan sonra müəllim dairəyə daxil olur və ortada dayanan oyunçuya deyir: "Axtar”. Aparıcı dairənin içərisində dolana-dolana bir, iki və ya üç oyunçuya deyir: "Ya səndədi ya onda”. Əgər aparıcı əşyanın kimdə olduğunu taparsa, həmin şəxs ortaya çıxıb yoldaşlarının arzusuna uyğun olaraq müxtəlif hərəkətləri yerinə yetirir. "Top” oyunu isə uşaqlara, yeniyetmələrə, gənclərə yoldaşlıq, kollektivçilik hissi aşılayır ki, bu da onların hərbi-vətənpərvərlik tərbiyəsi baxımından çox qiymətlidir. Yarış qaydalarına əsasən oyunçulardan biri topu əli ilə mümkün qədər hündürə və uzağa vurur. Birinci dairədə dağınıq halda yerləşən oyunçular isə yüyürüb, ikinci və üçüncü dairənin içərisində dayanırlar. Bu vaxt oyunçulardan biri dairədə dayanır. Meydançadakı oyunçular topu tutmağa və ya meydançadan götürməyə, dairədən-dairəyə qaçmaqda olan oyunçunu bu topla vurmağa çalışırlar. Onlar dairədən-dairəyə qaçan oyunçuları topla vurmağa müvəffəq olduqda yerlərini dairədə olan komanda ilə dəyişirlər. Əks halda yenə növbə ilə top atmağa başlayırlar və qaçanlardan birinə top dəyənə kimi oyunu davam etdirirlər.

Oyunun qaydası:
1. Dairədən-dairəyə qaçan oyunçulardan biri birinci dairəyə qayıtmadıqda oyun uduzulmuş hesab olunur.
2. Oyunçulardan hamısı bir dairəyə qaçıb, o biri dariəni boş qoyurlarsa, oyun uduzulmuş hesab olunur.
3. Dairədə mübarizə aparan oyunçu topu kapitanın təyin etdiyi qaydaya görə meydançaya əllə vurur və topun dəyib-dəyməməsindən asılı olmayaraq, axırıncı növbəni tutur.
4. Bu dairədən o bir dairəyə ancaq o zaman qaçmaq olar ki, zərbə vurulsun və top meydançada olsun.
Ümumiyyətlə, yarış başlamamışdan əvvəl iştirakçılar oyun taktikası ilə tanış olur, lakin bu və ya digər taktiki fəndin üstünlüyünü tədricən anlmağa başlayırlar. Oyunun əsas məqsədi uşaqlarda yoldaşlıq, birgə hərəkət etmək və öz hərəkətləri üçün kollektivin qarşısında məsuliyyət hissinin inkişafına kömək edir, onlara kollektivin xeyri üçün düşüncə ilə risk etmək bacarığı və təşkilatçılıq vərdişləri aşılamaqdır. "Ərəb” oyunu isə hərbi-vətənpərvərlik tərbiyəsi baxımından uşaqlarda psixi proseslərin inkişafına xidmət edir. Oyun zamanı meydançada hər birinin diametri 3-4 metr olan üç dairə çəkilir. Çəkilmiş dairələr bir-birindən 12-15 metr aralı üçbucaq şəkilində düzülür. Dairələr birdən üçədək nömrələnir. Oyunçular iki bərabər komandaya bölünür. Hər komanda da kapitan seçilir. Onlar topu hansı komandanın oyuna birinci daxil etməsi üçün püşk atırlar. Oyuna başlayan komanda topu götürüb meydançada olan üçbucağın içərisində yerləşir. Topu birinci vurmalı olan kapitan öz komandasında topu vurmaq üçün növbə təyin edir, özü isə birinci dairənin yanında dayanıb topu yuxarı atır. Oyunun qaydalarına əsasən qaçış zamanı bilə-bilə bir-birini itəlmək qadağandır. Bundan başqa, çağrılmamış iştirakçı müəllimin yanına qaçmamalıdır. Müəllim diqqət verməlidir ki, oyunun bütün iştirakçıları mübarizədə fəal iştirak etsin və oyun qaydalarını pozmasınlar. Bu oyun, əsasən uşaqlarda işarəyə reyaksiya verməyi və eyni zamanda, hərəkətə diqqət yetirməyi öyrədir. Oyun uşaqların yaradıcı fəaliyyətinin inkişafına səbəb olur, eşitmə qabiliyyətini inkişaf etdirir və qaçış tezliyini təkminləşdirir. Uşaqlarda yoldaşlıq və dostluq hissinin tərbiyəsi baxımından isə "Dairəyə” qaç oyunu mühüm əhəmiyyət kəsb edir. Bu oyunda qazanılan keyfiyyətlər əsgəri xidmətdə daha çox lazım olur. Oyun üçün iki müxtəlif bayraq və bir parça tabaşir lazımdır. Oyunun bütün iştirakçıları iki bərabər hissəyə bölünür və meydançanın aşağı hissəsində cərgəyə düzülürlər. Müəllim meydançanın yuxarı hissəsində diametri 2-3 m olan dairə çəkir. Dairələr arasında məsafə 3-4 m az olmamalıdır. Tərbiyəçi irəlidə duran oyunçulara bayraq verir. Bayrağı alan oyunçular əllərini yuxarı qaldırır ki, yoldaşları bayraqların hansı rəngdə olduğunu görsünlər. Tərbiyəçi hər bir oyunçunun öz bayrağının rəngini yadda saxladığına əmin olduqdan sonra onlardan bayraqları alır və sonra "Addımla marş!” deyərək komanda verir. Bütün iştirakçılar müəllimin ardınca addımlayaraq şeir oxuyurlar. Şeir qurtardıqdan sonra bütün oyunçular öz əvvəlki yerlərində dururlar. Müəllim dairədən kənarda duraraq bayraqlarını yuxarı qaldırır. İştirakçılar müəllimin yanındakı dairəyə qaçırlar. Dairəyə tez toplaşan komanda bir xal qazanır. Müşahidələr göstərir ki, uşaqların, məktəblilərin, gənclərin milli mənlik şüurunun formalaşmasında, onların hərbi-vətənpərvərlik tərbiyəsində bu kimi oyunların böyük əhəmiyyəti vardır. Milli və hərbi idman oyunlarında xas olan hərbi-vətənpərvərlik xüsusiyyətləri şagirdlərə mütəmadi olaraq aşılanmalıdır. Onların milli mənlik şüurlarında bu keyfiyyətləri uzun müddət yaşatmağa nail olmaq lazımdır ki, orduda xidmət zamanı bunlardan yararlana bilsinlər. Burada müəyyən edilmiş qaydaların konkret olması şagirdlərin aydın başa düşməsinə şərait yaradır. Bir sözlə, hərbi-vətənpərvərlik tərbiyəsində əsas məqsəd şagirdləri vətənpərvərlik və orduya hazırlıq ruhunda tərbiyə etməkdir. Bunun üçün milli oyunlarda geniş imkanlar mövcuddur. Azərbaycan milli idman oyunları vasitəsilə uşaq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin inkişaf etdirilməsi orta məktəblər üçün hazırlanan xüsusi metodik vasitələrlə həyata keçirilir. Bu da başa düşüləndi. Çünki, şagirdlərin hərbi biliyə yiyələnməsində metodiki vasitələrin rolu böyükdür.

Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.