Milli dirçəliş vətənpərvərlikdən, yurd sevgisindən qaynaqlanır

Milli dirçəliş vətənpərvərlikdən, yurd sevgisindən qaynaqlanır

Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq, suveren dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub. Müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətləri fəaliyyət göstərib. Səfəvilər dövləti ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldildi.
Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi əldə edib. 1918-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulub. Lakin xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan - cəmi 23 aydan sonra süqut edib. Sovet hakimiyyəti illərində xalqımızı dövlət müstəqilliyindən məhrum ediblər. Bununla belə, ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyi əldə olunub. 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib və bununla da respublikamızın müstəqilliyi bərpa olunub. Həmin vaxtdan xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanıb. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilib. Bütün bunların sayəsində ölkəmizdə həyat dəyişib, insanların yaşayış şəraiti yaxşılaşıb, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb. Azərbaycanın nüfuzunun artması ölkəmizin getdikcə artan iqtisadi qüdrətindən xəbər verir.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur. Şübhəsiz ki, müstəqillik asan yolla qazanılmır. Hər bir xalq müstəqil, azad yaşamaq üçün müxtəlif mərhələlərdən keçməli olur. Mübarizələrlə dolu olan bu mərhələlər bəzən uğursuzluğa düçar olur, əksər hallarda isə xalq öz arzusuna çatır. Azərbaycan xalqı da müstəqil yaşamaq uğrunda illərlə mübarizə aparıb, şəhidlər verib, min bir əzaba-əziyyətə qatlaşıb. Vətən sevgisi ilə aparılan belə mübarizələr xalqımızın əzmkarlığı sayəsində öz bəhrəsini verib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi, eyni zamanda, inkişaf edən bir ölkədir.

Vətənpərvərliyi ilə fərqlənən xalqımız öz arzusuna nail oldu

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində soydaşlarımıza qarşı yönəldilmiş soyqırımı amansız şəkildə həyata keçirilirdi. SSRİ rəhbərliyinin ermənilərlə iş birliyi, Dağlıq Qarabağın işğal edilərək Ermənistanın nəzarətinə verilməsi istiqamətində atdığı addımlar xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı. Respublikamızın hər yerində xalq kütləvi etirazlara başladı. Yaşlılar, qadınlar və gənclər soydaşlarımıza qarşı həyata keçirilən soyqırımına kütləvi şəkildə etiraz edir, torpaqlarımızın işğalına qarşı çıxırdılar. Bu mübarizə Azərbaycanın tarixinə Dirçəliş Günü kimi yazıldı. Vətənpərvərlik hissini, vətən sevgisini üstün tutan xalqımızın azadlıq mübarizəsi bütün dünyaya səs saldı. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu, milli hərəkat, xalqın dirçəlişi idi. Mütərəqqi, inqilabi, demokratik hərəkatın, oyanışın başında əsl vətənpərvərlər dururdu. Xalq öz azadlığına qovuşmaq üçün mübarizə aparırdı. Həmin dövrlərdə milli-mənlik şüuru yüksək şəkildə özünü göstərir, vətənpərvərlik hissləri güclənirdi. Azərbaycan xalqı doğma torpaqlarından qovulan, qətlə yetirilən soydaşlarımızın bu faciəsi ilə barışmaq istəmirdi. Təpədən-dırnağadək silahlanmış erməni quldurları isə əliyalın, dinc əhaliyə qarşı amansızlıqlarını davam etdirirdilər. Qaniçən vəhşilər heç kimə - qocalara, körpələrə, hətta hamilə qadınlara belə aman vermirdilər. Azərbaycanın o zamankı rəhbərliyi xalqımızın bu faciəsinə biganə münasibət göstərirdi.
Bütün bu ədalətsizliklər və ərazi bütöv
lüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabr 1992-ci ildə kütləvi şəkildə etiraz nümayişinə çıxdı. Bununla da milli şüur yenidən oyandı. Xalq hərəkatı təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı ölkəmizin bütün təbəqələrini əhatə edirdi. Xalq hərəkatı bütün əzəməti ilə göz qabağında idi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Paytaxtımızda komendant saatı tətbiq olundu. Lakin xalq geri çəkilmədi. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "meydan hərəkatı” tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay - ulduzlu bayraqları dalğalandı. Milli azadlığını yenidən bərpa etməyə can atan, torpaqlarının bütövlüyünü tələb edən xalq hərəkatını boğmaq üçün sovet rəhbərliyi bütün vasitələrə əl atırdı. Respublikamızda minlərlə azadlıqsevər insan həbs edilərək zindanlara salınsa da, xalqın mübarizə əzmini qırmaq mümkün olmadı. Vətənpərvərliyi ilə seçilən xalqımız öz arzusuna nail olmaq iqtidarında idi. Noyabrın 17-də bütün xalq öz etiraz səsini ucaltdı. Azərbaycanın gələcəyi olan vətənpərvər gənclər soyuq gecələrdə də meydanı tərk etmədilər, onlar xalqın haqqını sona qədər müdafiə etmək əzmində olduqlarını bir daha göstərdilər. Meydanda keçirilən 18 gün xalqın milli özünüdərkində, oyanışında, dirçəlişində, daha sonra əldə olunan azadlığında əhəmiyyətli rol oynadı. Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş Gününü bayram kimi qeyd edir. 1992-ci il noyabrın 17-də ayağa qalxan xalq azad yaşamaq haqqının olduğunu birmənalı şəkildə ucadan səsləndirdi. Həmin gün xalqın özünü dərk prosesinin zirvəsi, milli oyanışının təntənəsi oldu. Hər dəfə bu bayramın qeyd edilməsi demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsini əks etdirir. 17 noyabr hadisələri hər şeydən öncə Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin monolit birliyinin, azad yaşamaq istəyinin ilk nümayişi idi. Bu birliyin nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı, müstəqilliyimiz əbədi, dönməz bir xarakter aldı. Gənc dövlətimiz addım-addım, mərhələ-mərhələ irəlilədi, artıq sivil dövlətlərin keçdiyi demokratik inkişaf yoluna çıxdı.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bunun üçün sınaqlara hazır olmaq, hər bir əziyyətə və çətinliyə dözməyi bacarmaq tələb olunur. Milli birliyimiz, əzmkarlıq bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin min bir əziyyətlə qazanılan müstəqilliyimiz iki il sonra yenidən itirilmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq müstəqilliyin boğulması təhlükəsini reallaşdırdı. Lakin Azərbaycan xalqının ümid etdiyi, arxalandığı, özünə sipər bildiyi dahi şəxsiyyət Heydər Əliyev ölkəmizi bu bəladan xilas etdi. Tarixi təcrübə göstərir ki, xalqın zəngin intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zamanda parlayaraq üzə çıxması, dövlətçilik ənənələrinin vahid sistem halına salınması uzunmüddətli prosesinin məntiqi nəticəsi kimi reallaşır. Yeni ictimai-siyasi formasiyada tarixi məsuliyyəti üzərinə götürən liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyaların həyata keçirilməsində həlledici rol oynayır, bununla da əbədiyaşarlıq hüququ qazanırlar. Ulu öndər məhz xalqımızın arzularını reallaşdırdı. Böyük siyasi təcrübəyə malik olan, vətənini, torpağını sevən Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmləndirildi. Vətənimizin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanıldı, inkişaf etdirildi. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirdi. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməyə başladı.

"Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır”

Müstəqilliyimizin əbədi və dönməz olması üçün həmrəylik, milli birlik, vətənpərvərlik böyük əhəmiyyət daşıyır. Məhz buna görə də bütün xalqımız birləşməli, milli həmrəylik nümayiş etdirməli, milli birlik hissi yaratmalıdır. Biz milli birlik deyəndə ümumi Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri mümkündür. Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Sovet imperiyasından ayrılaraq qurulan müstəqil dövlətlər, azadlığa can atan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Azərbaycan xalqı üçün tarixin salnaməsində 17 noyabr azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü. Şübhəsiz ki, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi Heydər Əliyevin adı il bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi:
"Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır... Mən bu yoldan dönməyəcəyəm”. Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi ucaldıldı. Muxtar respublikanın adından "sovet sosialist” sözləri çıxarıldı, Ali Sovet isə Ali Məclis adlandırıldı. Ali Məclis Azərbaycan rəhbərliyinə müraciət edərək Bakıda da analoji qərarlar qəbul olunmasını təklif etdi. Sonrakı hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik siyasi xadim olduğunu, doğma vətənini ürəkdən sevdiyini parlaq surətdə təsdiqlədi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra milli dirçəlişimiz yeni mərhələyə qədəm qoydu. Xarici sərmayə qoyuluşuna və iqtisadi inkişaf sürətinə görə ölkəmiz 2005-ci ildə nəinki regionda, həm də dünyada liderlər sırasına çıxdı. Qeyri neft sektoruna - rabitə, maşınqayırma, yeyinti, xidmət sahələrinə xarici sərmayə qoyuluşu durmadan artdı. Ölkəmizin iqtisadi inkişafı respublikamızın aparıcı dövlətlər sırasında yer almasına zəmin yaratdı. Təsadüfi deyil ki, bu gün regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Həyata keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayə qoyulmaqdadır. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələndi. Azərbaycanın zəngin tarixi keçmişi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir azərbaycanlının vətəndaşlıq, vətənpərvərlik nümayiş etdirməsi sayəsində mümkündür. Böyük tarixə malik xalqımızın milli həmrəyliyi dövlət müstəqilliyimizin qorunması uğrunda aparılan mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurlar torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçib. Bunların hamısının bir məqsədi, bir məramı olub: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi, vətən sevgisi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoyub. Ona görə də ötən əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.

Mənlik şüuru olan hər bir gənc özünümühakimə qabiliyyətinə malik olur

Azərbaycan Respublikasının Milli Dirçəliş Günü münasibətilə respublikamızın hər yerində - kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və s. yerlərdə bir sıra silsilə tədbirlər keçirilir. Milli Dirçəliş Günü ilə bağlı gənclərlə söhbət aparılması çox vacibdir. Milli dirçəlişimizin təbliği, izahı və öyrədilməsində belə söhbətlərin spesifik imkanları vardır. Yəni başqa sözlə desək, geniş və hərtərəfli təbliğatdan məqsədyönlü istifadə etməklə gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsinə imkan yaratmaq mümkündür. Bu gün aparılan tərbiyə işinin əsas qayəsi müstəqil, demokratik, hüquqi dövlət qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir. Bu tərbiyə sisteminin əsas tərkib hissələrindən biri də vətənpərvərlik tərbiyəsidir. Gənclərə "dirçəliş, müstəqillik, vətəndaşlıq” anlayışı ilə yanaşı, "vətənpərvərlik” anlayışı haqqında da geniş məlumat verilməlidir. Çünki vətənpərvərlik elə bir hissdir ki, hər kəsin fəaliyyətinə məqsədyönlülük verir, məktəblilərin, gənclərin vahid məqsəddə birləşməsinə kömək edir. Bu gün xüsusilə məktəblilərdə, gənclərdə vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir. Məhz bu məqsədlə uşaqlara, məktəblilərə, yeniyetmələrə izah olunmalıdır ki, 17 noyabr hadisələrində xalqımızın göstərdiyi vətənpərvərlik onun vətənə sevgisindən qaynaqlanır. Dirçəlişimizin, müstəqilliyimizin, Konstitusiyamızın təbliğı mövzusunda olan tədbirlərdə məktəblilərə, gənclərə vətənə, doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, dövlət gerbi, milli bayrağın mənasının izah edilməsi, bunların müqəddəslik ideyasının gənclərə öyrədilməsi ön plana çəkilməlidir. Dirçəlişimizlə, müstəqilliyimizlə bağlı sərgilərin təşkili, oxucu konfranslarının keçirilməsi, inşa, şeir, rəsm müsabiqələrinin, ədəbi-bədii kompozisiyaların təşkili ölkə gənclərinin müstəqilliyimiz barədə geniş məlumata malik olmasına imkan verir. Bütün bunlar isə gənc nəslin milli-mənlik şüurunun oyanışına, vətənpərvərlik hissələrinin güclənməsinə zəmin yaradır.
Qürur hissi liə deyə bilərik ki, bu gün respublikamızda gənc nəslin milli mənlik şüurunun inkişafına, onların vətənpərvərlik hisslərinin tərbiyəsinə, layiqli vətəndaş kimi böyüməsinə xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın gənc nəsli təhsildə, idmanda, eləcə də digər sahələrdə heç bir problemlə üzləşmir. İstedadlı uşaq və gənclər dövlətimiz tərəfindən önə çəkilir, onlara etimad göstərilir. Bütün sahələrdə inkişaf edən ölkəmizdə gənc nəslin firavan həyatı üçün bütün maneələr aradan qaldırılıb. Xalqımızın gələcəyi olan gənclərin mənəvi tərbiyəsinin, milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması orta ixtisas və idman məktəblərində, ali təhsil ocaqlarında günün vacib məsələsi kimi nəzərdən keçirilir. Bu sahənin önəmli olduğunu əks etdirən müxtəlif proqramların hazırlanması sayəsində gənclər xalqımızın gözəl ənənələrini mənimsəyir, milli adətlərimizi qoruyur, eyni zamanda, mənəvi dəyərlərimizi təbliğ edirlər.
Azərbaycan dövlətinin ən başlıca ideologiyasından biri uşaq və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin dünyəvi formalaşmasıdır. Çünki məhz milli mənlik şüuru sayəsində gənclər dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyərək bu və ya digər hadisələrə öz münasibətlərini bildirirlər. Mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Belə ki, mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir. Mənlik şüuru olan hər bir gənc özünümühakimə qabiliyyətinə malik olur. Yəni milli şüur, milli hisslər, gənclərin özünü dərk etməsi prosesinə öz təsirini göstərir.
Xalqına bağlı olan hər bir yeniyetmə və gənc milli mənlik şüurunu əxz etməklə yanaşı, qəlbində milli vətənpərvərlik hisslərinə də yer ayırır. Azərbaycanın uşaq və gənclərinin vətənpərvərliyi, doğma yurdumuza olan sevcisi məhz bu amillərlə bağlıdır. Bu gün ölkə gəncləri beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirak edərək uğur qazanmaqla vətənimizə olan bağlılıqlarını ifadə edirlər. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi onların nailiyyətlərinin açarıdır.

Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.