Vətənə sevgi, torpağa bağlılıq uşaq yaşlarından formalaşdırılmalıdır

Vətənə sevgi, torpağa bağlılıq uşaq yaşlarından formalaşdırılmalıdır

Vətəni sevmək vətən üçün hər fədakarlığa hazır olmaq deməkdir. Vətən sevgisi bir ölkənin gələcəyi üçün çalışmaq, ana dilini, doğma yurdunun tarixini dərindən bilmək və o tarixə, o dilə hörmət etmək deməkdir. Əsrlərdən bəri tarixin cəlladcasına bir millətin, xalqın köksünə vurduğu yaraların sağalması üçün o millətin göstərdiyi qeyrət, bu yaralardan qopan sızıltıların kəsilməsi üçün edilən cəhdlər vətən sevgisi ilə bağlıdır. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızı hər an xatırlamağımız və döyüşlərə hazır olmağınız vətənpərvərliyimizin bir parçasıdır. Vətən hörmət, sevgi, düzlük və qayğı tələb edir. Bu tələbə əməl etmək hər bir vətəndaşın borcudur.

Ana torpaq bizim cismimizin mayasıdır. Tanrının yaratdığı bu torpaq nemətlərini səxavətlə insanlara paylayır. Vətən məfhumu təkcə bir coğrafi anlyış kimi qəbul edilməməlidir. Bu sözü işlətdiyimiz zaman füsunkar yurdumuz, eyni zamanda, din, dil, mənəvi dəyərlər, şərəf və xoşbəxtlik də anlaşılmalıdır. Bütün bunlar isə gənclərimizin vətənpərvərliyinə sirayət edən amillərdir.

Vətənpərvərlik hissi milli idman oyunlarının təsiri ilə də yaranır

Milli oyunlarda iştirakçılar təşəbbüskar olmaq, çətinliklərdən bacarıqla çıxmaq keyfiyyəti qazanır, vətəni sevmək, onu göz bəbəyi kimi qorumaq vərdişlərinə yiyələnirlər. Gənc nəslin məhz belə bir ruhda tərbiyə edilməsində milli idman oyunlarının rolu böyükdür. Belə oyunlar məktəblilərin həyatına gümrahlıq və sevinc gətirməklə bərabər, onların şəxsi keyfiyyətlərinin inkişafına da böyük təsir göstərir.
İştirakçı uşaq oyunun gedişində öz istədiyi kimi deyil, qarşıya qoyulmuş tələblərə müvafiq hərəkət edir, eyni zamanda, bir sıra çətinliklərlə üzləşməli olur. Bunun nəticəsində isə uşaqların iradəsi möhkəmlənir.
Gənc və yeniyetmələrdə iradi keyfiyyətlər tərbiyə etməyin ən düzgün yolu onu müntəzəm surətdə çətinliklərlə mübarizədə sınaqdan çıxarmaqdır. Hər bir uşaqda xarakter əməli işdə, mübarizədə formalaşır. Bu baxımdan, fiziki cəhətdən gümrahlıq, sərrastlıq, iti düşüncə, bədən hərəkətlərinin ahəngdarlığı, mübarizlik xalq idman oyunlarında tələb olunan xüsusiyyətlərdir.
Milli idman oyunları vətənin müdafiəsinə hazırlıq, mətinlik, mərdlik, çeviklik, intizam, həmçinin kollektivçilik kimi əxlaqi keyfiyyətlərin yaranmasında da müstəsna əhəmiyyət kəsb edir. Belə mənəvi keyfiyyətlərə sahib olan uşaq, yeniyetmə və gənc bütün çətinliklərə mətanətlə dözür və məqsədlərinə nail olurlar.
Digər oyun növləri kimi, milli idman oyunları da uşaqların fiziki cəhətdən sağlam böyüməsinə, onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Milli idman oyunlarının aşıladığı keyfiyyətlərdən biri də intizamlı olmaqdır. Demək olar ki, xalqımıza məxsus olan bütün milli idman oyunları iştirakçılarda intizamlı olmaq, qaydalara əməl etmək xüsusiyyətini inkişaf etdirir. Milli oyunlar təkcə vətənpərvərlik hissinin deyil, digər mənəvi keyfiyyətlərin tərbiyəsinə də təsir göstərir.
Milli oyunlarımız gənclərin vətənpərvər ruhda böyüməsinə, onların ləyaqətli insan kimi yetişməsinə geniş imkan yaradır. Elə milli oyunlarımız var ki, onlar gənclərimizin həqiqi hərbi xidmətə çağırışa qədərki dövründə əsl cəsurluq məktəbi sayıla bilər. Məsələn, "Dava-dava” milli idman oyunu məhz belə oyunlar sırasında yer alır. Oyunun əsas sujetini torpaqların qorunması uğrunda mübarizə təşkil edir. Oyunun qaydalarına görə, "düşmən” öz torpağını qoruyan dəstəyə hücum edir. Hücum edən və müdafiə olunan dəstələr taxta qılıncla silahlanırlar. "Düşmən” kəndə soxulmağa, dinc əhaliyə divan tutmağa cəhd edir. Öz torpağını qoruyan dəstə əvvəlcədən planlaşdırılmış qayda ilə kəndin üç tərəfindən "düşmənə” zərbə vurmağa hazır olur. "Düşmən” kəndə soxulmaq istəyəndə kəndin cavanları qocaları, qadın və uşaqları qorumaq üçün silaha sarılırlar. Bu döyüşdə vətənpərvər qüvvələr öz torpaqlarını igidliklə qoruyur, "düşmən” böyük tələfat verərək geri çəkilir. Oyunun gedişində vətənpərvər qüvvələr də qurban verirlər. Onlar ölümü qürur hissi ilə qəbul edirlər. "Dava-dava” oyunu uşaqlarda vətənə məhəbbət hissini artırır, onların xarakterini möhkəmləndirir. Belə oyunlar göstərir ki, vətənpərvərlik hissi vətənin ağır anlarında özünü daha çox büruzə verir. Bu, sanki, uşaqlar üçün sınaq meydanına çevrilir. Əslində, hərbi idman oyununa bənzəyən "Dava-dava” oyunu uşaq və yeniyetmələrin özləri tərəfindən düşünülüb, həyata keçirilir. Şübhəsiz ki, belə oyunların formalaşmasında böyüklərin də təsiri olur. Bu cür oyunlar torpaqlarımızın düşməndən azad olunması uğrunda xalqımızın apardığı ədalətli müharibənin məzmununu canlandırır. Milli idman oyunları özündə xalqın yaradıcılıq düşüncəsini, hərbi adətlərini, döyüş səhnələrini, vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların göstərdikləri nümunələri özündə əks etdirir.
Xalq idman oyunlarına daxil olan "Çomaq” oyunu nəinki məktəblilərin, eləcə də gənc nəslin ən çox maraq göstərdiyi cəsurluq oyunudur. "Çomaq” oyunu iştirakçılardan qorxmazlıq, igidlik tələb edir. Bədənin mütəhərrikliyi, gümrahlığı, qaydalara uyğun tərzdə hərəkət etmək, ədalətli şəkildə, məharət sayəsində qalib gəlmək bu oyunun əsas amalıdır. Tədqiqatçılar hesab edirlər ki, "Çomaq” oyunu tamaşaçılara zövq verir. Eyni zamanda, iştirakçıların cəld, cəsur, rəqibin hücumundan qorxmayan, ona ürəklə həmlə edən döyüşçü kimi yetişməsinə təkan verir. Bu keyfiyyətlər isə, şübhəsiz ki, orduda xidmət zamanı gərəkli olur.
Xalqımızın qədim oyun növü olan "Çomaq” oyununun ideyasının gənc nəslin vətənpərvərlik tərbiyəsi olduğunu desək, yanılmarıq. Ümumiyyətlə, milli oyunlar elə təşkil edilməlidir ki, uşaqda şüurlu intizam yaratsın, məsuliyyət tələb etsin, uşağın zehni və fiziki inkişafına fayda versin. Xalq oyunları uşağın vaxtını almaq, onu pis vərdişlərə aludə etmək üçün deyil, müəyyən zəruri vaxtlardan səmərəli şəkildə yararlanmasına kömək etmək üçündür. Belə olduqda uşaqların bütün gün ərzində bədəni hərəkətsiz qalmır, əxlaqi cəhətdən saflaşır, onlar həyat üçün əhəmiyyətli adətlər qazanırlar. Məhz buna görə də oyun elə təşkil edilməlidir ki, məktəblilər bu oyunlarla müsbət keyfiyyətlərə sahib çıxa bilsinlər. Tədqiqatçıların fikrincə, hər növ oyun, eyni zamanda, xalq idman oyunları uşaqlarda əməksevərlik, fəallıq kimi keyfiyyətləri formalaşdırır, onları gələcək həyata hazırlayır. Məktəblilər üçün keçirilən hərbi məşğələlər kollektivin ümumi intizamını artırır. Kollektiv oyun zamanı uşaqlara elə məsləhət vermək lazımdır ki, oğlan və yaxud qız yalnız öz şəxsi müvəffəqiyəti ilə fəxr etməsin, öz yoldaşına, komandanın səhv edən üzvünə güzəştə getməyi bacarsın. O, komandada həmişə mütəşəkkilliyin, intizamın olmasına yardım etsin, komandanın qələbəsi üçün əlindən gələni əsirgəməsin, eyni zamanda, rəqib komandaya hörmətlə yanaşsın. Mütəxəssislərin fikrincə, oyunlarda iştirak edən uşaq öz müvəffəqiyyətinə, yaxud uğursuzluğuna təmkinlə yanaşmalı, iradəli olmalıdır. Azərbaycan milli idman oyunları bu cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Maraqlıdır ki, bəzi milli oyunlarımızda vətənin füsunkar mənzərələri, dağları, çayları, gölləri və s. geniş əks olunur. Əsrarəngsiz gözəlliyə malik olan vətəni qorumaq, onun keşiyində durmaq, iştirakçının başlıca amalına çevrilir.
Azərbaycan dövləti gənc nəslin vətənin müdafiəsinə ləyaqətlə hazırlaşması işinə xüsusi fikir verir. Belə hazırlıqlarda milli idman oyunlarından da bir vasitə kimi istifadə edilir. Bunun üçün gənc nəsil, hər şeydən əvvəl, fiziki cəhətdən sağlam, qüvvətli, çevik, olmalı, həm də müəyyən hərbi-fiziki hazırlıq keçməlidir. Mütəxəssislərin fikrincə, milli idman oyunlarından şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi baxımından düzgün istifadə edildikdə şagirdlər bir sıra keyfiyyətlərə yiyələnirlər ki, bu da gələcəkdə onların orduda xidmət etməsində köməyinə çatır. Milli idman oyunlarının bir sıra faydalı cəhətləri orduya hazırlığın məzmununu zənginləşdirir və onu uşaqlar üçün daha maraqlı edir. Beləliklə, şagirdlər nəzəri və əməli cəhətdən orduya hazırlıq təlimi keçir, hərbi işin mahiyyətinə və formasına dair məlumat alır, döyüşlərdə bilik, bacarıq məharətinə yiyələnir və güclərini sınayırlar. Bundan əlavə, onlar özlərini vətənin keşiyində sayıq durmağa, onu düşmənin hər cür hücumlarından şərəflə qorumağa, doğma torpaqlarında sülhü bərpa etməyə hazırlayırlar. Qeyd etdiyimiz kimi, milli idman oyunlarının bir qismi şagirdlərin əməksevərlik keyfiyyətinə yiyələnməsinə güclü müsbət təsir göstərir. Ən əsası isə, belə oyunlar şagirdlərin sağlamlığında mühüm rol oynayır, onlarda qarşıya qoyulmuş məqsədə çatmaq üçün mübarizə əzmi formalaşdırır. Elə bir milli idman oyunu yoxdur ki, onun iştirakçıları dözümlülük göstərməsin, əziyyətlərə dözərək maneələr dəf etməsinlər. Məhz bu cəhətlər milli oyunlarımızı daha da maraqlı edir. Şagirdlər oyun prosesində vətənin müdafiəsi naminə "ölümü” mərdliklə qəbul edirlərsə, deməli, onlar əsil vətənpərvərdirlər, mərd və qəhrəmandırlar. Sevindirici haldır ki, şagirdlər milli idman oyunları vasitəsilə yiyələndikləri mərdlik keyfiyyələrini sonrakı fəaliyyətlərində də nümayiş etdirirlər.

Poliatlon çoxnövçülüyünün və...

Gənclərdə hərbi-vətənpərvərlik hisslərinin formalaşmasında müxtəlif idman oyunlarının da rolu böyükdür. Belə oyunlardan biri də poliatlon çoxnövçülüyüdür. Bu oyunun keçirilməsində əsas məqsəd gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Payız çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışlarda gənclər qumbara atma, qaçış, turnikdə dartınma, atıcılıq, üzgüçülük və s. növlərdə güclərini sınayırlar. Bu cür yarışların təşkili gənclərin həm fiziki sağlamlıqlarına müsbət təsir göstərir, həm də onların orduya hazırlığına kömək edir. Respublikamızın bütün bölgələrində "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışlar keçirilir. Bölgələrdə təşkil olunan zona yarışlarının qalibləri respublika birinciliyi uğrunda mübarizəyə qoşulurlar. Poliatlon çoxnövçülüyü gənc nəslin orduya hazırlığı ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçilməsində də əhəmiyyətli rol oynayır.

... peyntbolun gənclərin orduya hazırlığında rolu əhəmiyyətlidir

Gənclərin ordu hazırlığında poliatlon çoxnöçülüyü ilə yanaşı, peyntbol idman yarışlarının da özünəməxsus yeri var. Təsadüfi deyil ki, peyntbol oyunu gənc nəsil arasında sevilən idman növlərindən biridir. Bu növün inkişaf etdirilməsi və kütləviləşməsinə ölkəmizdə xüsusi qayğı göstərilir. Bölgələrdə yaradılan peyntbol mərkəzləri buna əyani sübutdur. Bu il iyulun 5-də Ağstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edərək və mərkəzdə yaradılmış şəraitlə tanış olub.
Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, yaşıllıqlar salınmışdır. Burada müasir işıqlandırma sistemi qurulmuş, istirahət üçün hər cür şərait yaradılmışdır.
2,6 hektar ərazidə inşa edilmiş ikimərtəbəli mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetr təşkil edir. Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.
Mərkəzin inzibati binasında silah və ov ləvazimatları mağazası, həkim məntəqəsi, silah və paltar seçimi, təlimatçılar, xüsusi geyim otaqları və kafe vardır. Mərkəzdə müşahidə məntəqəsi, rayonda Olimpiya Hərəkatının genişləndirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə Olimpiya idman növü olan stend atıcılığı və idman ovçuluq atıcılığı meydançası da tikilir. Peyntbol meydançasında süni maneə və taxta evlərin quraşdırılması artıq başa çatmışdır. Bu mərkəz həm də istirahət və əyləncə məkanı kimi fəaliyyət göstərəcək. Burada idman silahlarından istifadə etməyin xüsusi qaydaları müəyyən edilmişdir. Yeni yaradılan Peyntbol Mərkəzi yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, onların hərbi xidmətə hazırlıqlarında mühüm rol oynayacaq.
Mərkəzin ərazisində Olimpiya yarışlarında tətbiq olunan bütün texniki inventarlarla təchiz edilmiş sahə də mövcuddur. Mərkəzin bütün tələblərə cavab verməsi burada məşğul olan gənclər üçün münbit şərait yaradıb.
Məlumat üçün deyək ki, peyntbol bir idman növü kimi ötən əsrin 70-ci illərində yaranıb. Həmin illərdə boya topları meşələrdə ağacları işarələmək üçün istifadə olunurdu. Lakin sonradan bu boya toplarından və işarələyicilərdən istifadə etməklə əyləncəli bir oyun yaradılıb. Peyntbolda istifadə edilən "peyntbol silahı” (əyləncə topları) ilk dəfə 1981-ci ilin may ayında yaranıb. Həmin il iyun ayının 27-də ilk peyntbol oyunu keçirilib. Meydançada mübarizə aparan 12 oyunçu bir-birinə qarşı "Net-spot 007” silahları ilə "vuruşublar”. Oyunun məqsədi "düşmən”in bayrağını əldə etmək idi. Həmin oyunda qalib gələn komanda bir "güllə” belə istifadə etmədən rəqibin bayrağını götürə bilib. Zaman keçdikcə peyntbol populyarlaşmağa başladı. Bu idman növü Azərbaycanda da çox sevilir. Bu yarışlarda iştirak edən gənclər əsl döyüş həyəcanını hiss edir və gərginlikdən yaxa qurtara bilirlər.
Peyntbol oyunu idmanı, əyləncəni, mübarizəni özündə birləşdirir. Peyntbolda silah - marker, güllələr isə zərərsiz boya şarlarıdır. Yarışın qaydalar çox sadədir: iki boyaları bədənə və ya bir boyaları başa dəyərsə rəqib oyunçu yarışı tərk edir. O, növbəti oyunda iştirak etməklə "düşmən”dən qisasını ala bilər.
Peyntbol vasitəsilə insan sarsıntı və aqressiyadan da uzaqlaşır. Hər bir iştirakçı oyun zamanı özünü döyüş meydanındakı döyüşçü kimi hiss edi. Bu idman növü ilə yaşından və cinsindən asılı olmayaraq, hər kəs məşğul ola bilər. Peyntbol gənclərin sevimli əyləncə növü olmaqla bərabər, orduya hazırlaşan gənclərin döyüş qaydalarını öyrənməsinə yardım edir. Bu oyun müharibə şəraitində olan Azərbaycanda gənclərin döyüş hazırlığı üçün mühüm bir vasitədir.
Oyunun məqsədi qarşıya qoyulan vəzifəni, verilən tapşırığı reallaşdırmaqdır. Oyunçular müəyyən bir müddət ərzində rəqib komandanın "qalasındakı” bayrağı ələ keçirmək, girovları qurtarmaq, komanda rəhbərini etibarlı bir şəkildə qorumaq kimi məsuliyyəli işi yerinə yetirməyə çalışırlar.
Peyntbol tapançalarının bir çox markası və modeli var. Peyntbol silah gülləsini çox sürətli atır və çılpaq bədənə dəydikdə çox ağrıdır. Hətta bəzən ciddi xəsarətlərə belə yol aça bilər. Bu səbəbdən də peyntbol oyununu qoruyucu geyim olmadan oynamaq təhlükəli və qadağandır.
Oyunçular yarış başlayarkən öz "qala”larının arxasında dayanırlar. Oyun baş hakimin sıra kapitanlarına "başla” işarəsindən sonra start götürür. Baş hakimin işarəsindən əvvəl "atəş” etmək təhlükəli və qadağandır. Əks təqdirdə qaydaları pozan oyunçu cəzalandırıla bilər. Peyntbol gülləsi oyunçuya dəydikdən sonra partlamırsa, həmin oyunçu "fair-play” qaydasına uyğun olaraq, hakimə bu barədə məlumat verib cəza bölgəsinə getməlidir.
Oyunda müəyyən bir şəkildə vurulan oyunçu əllərini və silahını başının üstündən qaldırıb cəza bölgəsinə yaxınlaşmalı və peyntbol sahəsini hakim nəzarəti altında tərk etməlidir. Qeyd edək ki, hakim yarış zamanı oyunçulara nəzarət edir. Əgər iki oyunçu eyni anda bir-birini vurarsa, onların ikisi də cəzalandırılır. Lakin oyunçulardan biri digərini vurduqdan sonra vurulan oyunçu həmin rəqibinə "atəş açarsa”, bu yarış qaydalarına ziddir. Həmin "atəş” etibarsız sayılır və digər oyunçunun üzərindəki boya hakim tərəfindən silinir. Qaydalara zidd şəkildə "atəşə” məruz qalan oyunçu yarışa davam edir. Əgər oyun ərzində hər hansı bir oyunçunun gülləsi qurtararsa, o, əlavə güllə almaq üçün əllərini və ya silahını başının üzərinə qaldıraraq baş hakimin olduğu bölgəyə gəlməli, "güllə” aldıqdan sonra yenidən öz yerinə qayıdır.
Əgər oyunda komandanın bütün üzvləri vurularsa oyun başa çatmış sayılır. Bir komandanın bütün oyunçularının gülləsi qurtardığı zaman baş hakim fasilə elan edir və oyunçular lazımi qədər güllə aldıqdan sonra oyun qaldığı yerdən davam edir. Oyunun ssenarisini müvəffəqiyyətlə tamamlayan komanda yarışın qalibi olur. Əgər göstərilən müddət ərzində bir komandanın oyunçuları tamamilə "öldürülərsə” və ya oyunun ssenarisi müvəffəqiyyətlə bitməyibsə yarış hakimin təyin etdiyi vaxta uyğun olaraq başa çatdırılır.
İlk baxışdan peytbol adi bir oyun təsiri bağışlayır. Lakin bu oyunu təhlil edərkən peyntbolun gənclərin həyatında mühüm əhəmiyyət kəsb etdiyini görmək olar. Xüsusilə orduya hazırlaşan gənclərin peyntbolla məşğul olması əhəmiyyətlidir. Çünki bu oyun əsl döyüş meydanını xatırladır. Hər bir iştirakçı oyun zamanı silahla davranış qaydalarını, komandirin əmrlərinə sözsüz əməl etməyi, döyüş zamanı qorunmağı, yoldaşlarını müdafiə etməyi, ən əsası isə, komandaya məxsus olan bayrağın ələ verilməməsini dərindən öyrənə bilir. Bütün bunları bilmək isə müharibə şəraitində olan bir ölkənin gəncləri üçün çox vacibdir. Peyntbol yarışlarında iştirak edən gənclər hərb sənətinin müəyyən incəliklərini qavrayır, eyni zamanda, öz fiziki sağlamlıqların möhkəmləndirirlər. Oyun zamanı cəldlik, dəqiqllik, bəzi hallarda fiziki güc tələb olunur. Bunlar məhz fiziki sağlamlıq sayəsində mümkündür.

Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.