Milli dəyərlərimizə hörmət vətənpərvərlik ruhunda tərbiyənin mühüm tərkib hissəsidir

Milli dəyərlərimizə hörmət vətənpərvərlik ruhunda tərbiyənin mühüm tərkib hissəsidir

Vətəni sevmək ona vicdan və namusla xidmət etmək deməkdir. Bu xidmətin miqyası müxtəlif ola bilər: bəşəri inkişaf naminə, öz milləti və ya dövləti qarşısında xidmət etmək və s.
Milli vətənpərvərlik millətin hər bir fərdinin öz milli dövlətinin ərazi bütövlüyü, xalqının maddi və mənəvi mədəniyyətinin çiçəklənməsi uğrunda, vətən naminə mübarizəyə, lazım gəldikə şəhidliyə hazır olması deməkdir.
Milli vətənpərvərlik insanlarda milli qürur və nikbinlik hissi yaratmaqla yanaşı, digər sülhsevər millətlərin də dövlət müstəqilliyinə, milli mədəniyyətinə hörmət hissi tərbiyə edilməsini nəzərdə tutur. Belə olmadıqda milli vətənpərvərlik milli eqoizmə çevrilər ki, bu da bir millətin digər millətlərdən təcrid olunmasına gətirib çıxara bilər. Yaddan çıxarmaq olmaz ki, hər bir millətin öz keçmişi və müasir mədəniyyəti ilə fəxr etməyə haqqı vardır. Eləcə də xalqımız bu hüquqa malikdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış "Gənclər siyasəti haqqında” qanunda deyilir: "Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə - mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Ümummilli liderin imzaladığı qanundan aydın olur ki, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmır. Milli ruhda tərbiyə geniş məzmunu əhatə edir. Mövzuya bu meyardan yanaşıldıqda milli vətənpərvərlik tərbiyəsinin tərkib hissələrinə, yəni əsas istiqamətləri sırasına aşağıdakı sahələri daxil etmək olar:
1. Vətənin müdafiəsinə hazır olmaq;
2. Öz dövlətinin müstəqilliyinin daimiliyinə inam;
3. Öz xalqının milli idealogiyasına sədaqət;
4. Milli dəyərlərə hörmət, öz ana dilini rəvan bilərək, onun yüksək səviyyədə gələcək nəsillərə ötürülməsinə nail olmaq.
Azərbaycan xalqının Qobustan ərazisində 40 min il bundan əvvəl qayalar üzərində yaratdığı qayaüstü rəsmlər xalqımızın çox qədim tarixə malik olmasına gözəl sübutdur. Azərbaycan xalqı qədimdən başlanan zəngin tarixi ərzində Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Şirvanşahlar, Eldənizlər və digər dövlətlərini yaradıblar. Müasir Qəbələ şəhəri eramızdan əvvəl IV əsrdə yaranmış Qafqaz Albaniyasının paytaxtı olub. Tarixi faktlar göstərir ki, Roma sərkərdəsi Pompeyin Qafqaza yürüşü (eramızdan əvvəl 66-65-ci illərdə) zamanı albanlar 12 tayfadan ibarət güclü bir dövlətə malik idilər. Bu tayfaları bir araya gətirən onların vətən sevgisi, vətənpərvərlik hissləri olub. Qədim tarixə malik olan Azərbaycan xalqının vətənsevərliyi də qədimdir. Tarixin ayrı-ayrı dövrlərində Azərbaycanda dövlətçilik ənənələrinin, fikrin və milli idealogiyanın formalaşmasında Nizami Gəncəvi, Uzun Həsən, Şah İsmayıl Xətai, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Əli Bəy Hüseynzadə, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi kimi görkəmli şəxsiyyətlərin fikirləri və fəaliyyətləri həlledici rol oynayıb.
Böyük Vətən müharibəsi o dövrün insanlarının vətənpərvərlik hissləri üçün böyük bir sınaq meydanı oldu. Bununla əlaqədar bəzən belə bir sual ortaya çıxır: sovet ordusunda vətənpərvərlik olubmu? Bəli, olub. Lakin 1941-45-ci illərdə Almaniya faşizminə qarşı ağır müharibədə qələbəni təmin edən bu vətənpərvərlik beynəlmiləl xarakterli, çoxmillətli vətənpərvərlik idi, yəni həmin vaxt milli vətənpərvərlik hissləri sanki kölgədə qalırdı, üzə çıxarılmırdı. Sovet siyasi sistemi Azərbaycan xalqının da milli ruhunu boğurdu. Sovet İttifaqı şəraitində vətənpərvərlik mövzusunda yazılmış bütün əsərlərdə siyasi mövqe, adətən, sinfi mənafe mövqeyində şərh edilirdi. Tarixi təcrübə isə göstərir ki, ümumxalq mənafeyi sinfi mənafedən üstündür. Təkcə onu demək kifayətdir ki, sinfi mövqedən yanaşma xalqı parçalayır.
Xalqımızın milli birliyi müstəqilliyimiz dövründə yarandı. Öz azadlığına qovuşmağa can atan xalqımızın milli mənlik şüuru, vətənpərvərlik hissləri məhz həmin dövrlərdə inkişaf etməyə başladı.
Belə bir şəraitdə xalqın, xüsusilə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan torpaqlarının 20 faizinin düşmən tapdağı altında qalması milli vətənpərvərlik tərbiyəsi vəzifəsini və xüsusilə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsini ən vacib vəzifə kimi qarşıya qoyur. Milli birliyin yaradılmasında isə milli vətənpərvərlik tərbiyəsinin təsir və imkanları daha çoxdur. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində Bakıda və digər şəhərlərdə ucaldılmış, xalqımızın azadlığı uğrunda canından keçən igidlərin uyuduğu şəhidlər xiyabanlarının və digər tarixi abidələrin rolu böyükdür. Bu sözləri rayonlarda yaradılmış diyarşünaslıq muzeyləri haqqında da demək olar.
Tarixi şəxsiyyətlər öz fəaliyyətlər ilə tarixdə dərin iz buraxır və ona görə yaddaşlarda qala bilirlər ki, onların nəzəri və əməli fəaliyyətlərində qırılmaz bir vəhdət olur. Ümummilli lider Heydər Əliyevin vətənpərvərliklə bağlı görüşləri və Azərbaycanda ordu quruculuğu üzrə fəaliyyətinə nəzər salsaq, deyilənlərin şahidi olarıq. Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi, xalqın mədəniyyətinin və təhsilinin inkişafı, həmçinin gənclərin hərbi xidməti məsələləri ilə bilavasitə məşğul olan ulu öndər üçün vətəni müdafiə və vətənpərvərlik məsələləri həmişə ön planda olub. İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycan gəncləri sovet ordusunda xidmətə çağırılarkən onları müasir hərbi texnikanı idarə etmə ixtisasları üzrə mütəxəssisləri hazırlayan hərbi məktəblərə yox, əksər hallarda ümumi hərbi hissələrə göndərirdilər. Bu qeyri-normal vəziyyətin qarşısını almaq üçün Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ilin 29 aprelində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun "Respublika hərbi komissarlığında gənclərin sovet ordusu sıralarında xidmətə hazırlanması və hərbi məktəblərin kompleksləşdirilməsi haqqında” qərarı qəbul edildi. Bu qərar böyük uzaqgörənliklə hazırlanmış və son dərəcə vacib bir məsələyə aid idi. Həmin qərara əsasən Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Azərbaycan gənclərinin SSRİ-nin mərkəzi şəhərlərində və digər respublikalarında yerləşən hərbi məktəblərə təhsil almağa göndərilməsinə başlanıldı.
Heydər Əliyev 70-ci illərdə Rusiya ərazilərində müxtəlif hərbi hissələrdə xidmət edən azərbaycanlı general və admirallardan Tofiq Ağahüseynov, Hüseyn Rəsulbəyov, Valeh Bərşadlı və Həmid Qasımbəyovu Azərbaycana xidmətə dəvət etdi. Bu cür təcrübəli kadrların respublikaya gətirilməsi nəticəsində Azərbaycan gənclərinin hərbi hazırlığı işi xeyli gücləndi. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra 3 il Naxçıvanda yaşayan Heydər Əliyev Ermənistanla faktiki müharibə vəziyyətində olan Naxçıvanın - Azərbaycanın bu ayrılmaz ərazisinin xarici hücumlardan müdafiəsini çox ağır bir şəraitdə təmin etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Ermənistanla sərhədinin 260 kilometri Naxçıvan ərazisi boyunca keçir. Deməli, Naxçıvanın müdafiəsi, eyni zamanda, Azərbaycanın müdafiəsi demək idi. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması (iyun 1993) dövrü xalqın və ölkənin tarixi müqəddəratında son dərəcə təhlükəli və məsuliyyətli bir dövr idi. Azərbaycanın müstəqilliyinin elan edilməsindən iki il keçməsinə baxmayaraq, ölkəyə Ermənistanın hərbi hücumları davam edirdi. Bunun qarşısını almaq üçün isə dövlətin əsas siyasi qüvvəsi olan milli ordunun yaradılması üçün heç bir iş görülmürdü. Həmin dövrdə Ermənistanın işğalçı ordusuna müqavimət göstərən əsas qüvvə Daxili İşlər Nazirliyinin rayon şöbələrnin pərakəndə dəstələri və sərhəd rayonlarında təşkil edilmiş müdafiə dəstələri idi.
1993-cü il oktyabrın 3-də xalqın səsinə səs verərək ölkə Prezidenti seçilən Heydər Əliyev həmin il noyabrın 2-də televiziya, radio və mətbuat vasitəsilə xalqa müraciət etdi. Bu müraciətdə o, bütün xalqı milli ordu quruculuğunda fəal iştirak etməyə çağırdı. Ümummilli lider Heydər Əliyev bu müraciətində ölkədə hərbi siyasi vəziyyəti təhlil edərək demişdir. "Əgər insanların mənəviyyatında dəyişiklik olmasa, pozulmuş mənəviyyat bərpa edilməsə, insanlarda vətənpərvərlik, namus, şərəf, qeyrət hissi baş qaldırmasa onda biz heç nə edə bilmərik. Buna görə də sizə müraciət edirəm. İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bizim işimiz haqq işidir. Gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü qulluq edə bilmirsə yanındakıları başa salsın ki, gəlib orduda xidmət etmək lazımdır. İndi insanları ayağa qaldırmaq, milli vətənpərvərlik hissini yüksəltmək, xalqı səfərbər etmək əsas vəzifələrdən biridir”.
Ulu öndər Heydər Əliyevin hərbi hissələrdə olması, əsgər və zabitlərlə keçirdiyi görüşlər milli ordunun yaradılması və getdikcə möhkəmlənməsi işinə təkan verdi. Respublika gənclərinin 1999-cu il martın 2-3-də keçirilmiş II forumundakı çıxışında dahi şəxsiyyət Heydər Əliyev ordu quruculuğundan danışarkən demişdir: "Azərbaycan mill ordu quruculuğuna 1993-cü ilin noyabrından sonra başlamasına baxmayaraq, qısa bir müddətdə milli ordumuzu yarada bilmişik. Azərbaycanda cəmiyyətdə, xüsusilə gənclər arasında orduya münasibət müsbət mənada tamamilə dəyişibdir. Gənclər indi orduya həvəslə gedirlər, orduya xidmət edirlər, öz vətəndaşlıq borclarını yerinə yetirirlər və Azərbaycan ordusunu gücləndirirlər, inkişaf etdirirlər”.
Həmin dövrlərdə ölkə rəhbərinin fərmanları ilə orduda mövcud olan fərariliyə qarşı qəti tədbirlər görüldü. Belə bir şəraitdə əvvəlki dövrlərdə fərarilik etmiş hərbçilərin bağışlanması da öz müsbət nəticəsini göstərdi. Milli orduda xidmət müddətinin 18 aya endirilməsi və digər tədbirlər milli orduda hərbi intizamın möhkəmləndirilməsinə kömək etdi.
Ümummilli lider Heydər Əliyev həmin ilin dekabrında cəbhə bölgələrinə səfər edərək, ordu hissələrinin hərbi hazırlığı məsələləri ilə tanış oldu. Ali Baş Komandanın ordu hissələri ilə tanışlıqla bağlı növbəti səfəri 1994-cü ilin aprelində oldu və həmin günlərdə Heydər Əliyev Füzuli-Bərdə istiqamətində cəbhə bölgələrində yerləşən döyüş hissələrinin şəxsi heyətləri ilə görüşdü. Belə görüşlərin birində Heydər Əliyev demişdir: "Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar Xəzərin dibindən "qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetirdikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərbçilik sahəsində böyük istedada malikdirlər”.
Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən (1991) sonra onun vətənpərvərliyi azərbaycançılıq idealogiyası əsasında milli vətənpərvərlik məzmunu aldı. Bununla belə, milli vətənpərvərlik heç də xudbinlik, yalnız öz millətinin dəyərlərinə aludəçilik demək deyil. Milli əxlaqımızın mühüm hissəsini təşkil edən islami dəyərlərə hörmət milli vətənpərvərlik tərbiyəsinin inkişafında xüsusi rolu olan bir amildir. Milli dəyərlərimiz, ilk növbədə, ana dilimizə hörmət və sədaqət ruhunda tərbiyənin mühüm tərkib hissəsidir.

Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir

Ümummilli lider Heydər Əliyev öz nitqlərində və çıxışlarında təhsil işçilərinin qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoyurdu. Ümummilli lider hər zaman vurğulayırdı ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Hərbi vətənpərvərlik tərbiyəsi bu gün daha çox ona görə önə çəkilir ki, torpaqlarımızın 20 faizdən çoxu işğal edilmiş, bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin salınmışdır. Hazırda yağı düşmənlə üz-üzə dayanmışıq. Ona görə də şagird və tələbələrin həqiqi vətənpərvərlik ruhunda tərbiyəsi müəllimlərin başlıca vəzifəsinə çevrilib.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və bu işə həyat əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir, qələbəyə ruhlandırır.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə və əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Əliyar Əliyev, Mübariz İbrahimov kimi igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu gün öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişməkdədir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında vətən uğrunda qəhrəmancasına həlak olmuş igidlərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi dövlətimizin apardığı hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçib.
Respublikamızın istər orta ümumtəhsil və orta ixtisas, istərsə də ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. Bu böyük imkanlardan istifadə edilməsinin səviyyəsi, səmərə və keyfiyyəti isə həmin fənləri tədris edən müəllimin metodiki ustalığından və peşə bacarığından xeyli dərəcədə asılıdır.
Bu gün pedaqoji ali məktəblərdə təhsil alan gənclər gələcəyin müəllimləridir və onlar da gənc nəslin təlim-tərbiyəsi problemləri ilə məşğul olacaq, vətəndaş yetişdirəcəklər. Buna görə də mütəxəssislər hesab edirlər ki, pedaqoji ali məktəblərdə ayrı-ayrı fənlərin tədrisi prosesində tələbələr hərbi biliklərin öyrədilməsi metodikasına da yiyələnməlidirlər. Tələbə-gənclərə hərbi-vətənpərvərlik tərbiyəsi hissi aşılanması üzrə aparılan tədqiqat işi də, bu baxımdan, aktuallıq kəsb edən pedaqoji problemlərdəndir.
Müşahidələr, eksperimentlər, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi göstərir ki, ali təhsil müəssisələrində tələbələrlə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işi orta ümumtəhsil məktəbləri ilə əlaqəli şəkildə qurulduqda daha böyük fayda verir. Tədqiqatlar göstərir ki, vətənpərvərlik tərbiyəsini daha səmərəli təşkil etmək üçün aşağıdakı imkanlar mövcuddur:
1. Ayrı-ayrı fənlərin tədrisi prosesində tələbələrə oxunan məqsədyönlü mühazirələr;
2. Seminar məşğələləri ;
3. Dərnək məşğələləri;
4. Ekskursiya və məktəbdənkənar digər tədbirlər.
Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Bu, imperiya boyunduruğunda olan respublikaların hamısına aid edilirdi.
Mütəxəssislər tərəfindən aparılan tədqiqat işinin nəticələri göstərir ki, hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasında müxtəlif fənlərin imkanları genişdir və bunlardan səmərəli istifadə etməklə lazımi nəticə qazanmaq mümkündür.
Araşdırmalar və pedaqoji eksperimentlər aşağıdakı istiqamətləri əhatə edib:
1. Tədris prosesində tələbələrə hərbi biliklərin verilməsi, onlara hərbi-vətənpərvərlik tərbiyəsinin aşılamasına imkan verən fənlərarası əlaqədən istifadə edilməsi;
2. Hərbi məzmunlu biliklərin verilməsi də hərbi-vətənpərvəlik hissləri aşılayan mühazirələrin hazırlanıb oxunması
3. Pedaqoji ali məktəb tələblərinin orta məktəblərlə müntəzəm əlaqələrinin təşkili, gənclərə hərbi-vətənpərvərlik hissi aşılayan tədbirlərin keçirilməsi.

Pedaqoji ali məktəb tələbələrinə hərbi biliklərin verilməsində seminar məşqlərinin imkanlarından da səmərəli istifadə edilməli, mövzu hərbi əhəmiyyətli və hərbi məzmunlu materiallarla düzgün uzlaşdırılmalıdır. Qeyd etdiyimiz kimi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində ali pedoqoji məktəblərin orta ümumtəhsil məktəbləri ilə əlaqələrinin xüsusilə böyük əhəmiyyəti vardır. Pedaqoji təcrübə zamanı tələbələrin orta məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərdə iştirakı onların gələcək pedaqoji fəaliyyətə hazırlanmasında və hərbi vətənpərvərlik tərbiyəsində çox faydalıdır.
Təcrübə göstərir ki, dərnək məşğələləri və məktəbdənkənar tədbirləri yeni məzmunda hərbi təmayül əsasında təşkil etdikdə həm gələcəyin əsgər və zabitləri olan pedaqoji universitet tələbələrinə, həm də çağırışaqədər yaşlı yuxarı sinif şagirdlərinə hərbi biliklər verilməsi, hərbi-vətənpərvərlik tərbiyəsi aşılamasının imkanları artır. Təəssüflə qeyd etmək lazımdır ki, ali məktəblərdə və ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi metodikasına aid zəruri metodik vəsaitlər və digər ədəbiyyatlar çox azdır. Sovet dövründə bu istiqamətdə yazılmış kitablardan isə indi istifadə etmək mümkün deyil və əslində, onlar zərərli meyillər aşılayır. Buna görə də vətənpərvərlik məzmunlu metodik vəsaitlərin hazırlanması vacib amildir. Bunu bizdən günümüzün reallığı tələb edir.
Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
 Fondunun maliyyə dəstəyi ilə çap edilir.