Hərbi-fiziki tərbiyə gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır

Hərbi-fiziki tərbiyə gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır

Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Ordu tarixən həmişə dövlət üçün, xalq, millət üçün çox əziz olmuşdur. Bu, indi müstəqil Azərbaycan dövlətində də belədir. 95 il bundan öncə Azərbaycanda dövlət müstəqilliyini elan etmiş ilk Xalq Cümhuriyyəti dərhal Azərbaycan Silahlı Qüvvələrinin yaranması haqqında qərar qəbul etmişdir. Bu, təbii idi. Çünki heç bir müstəqil dövlət, ölkə ordusuz yaşaya bilməz. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Ona görə də Azərbaycanda dövlət müstəqilliyimizin bərpa olunmasını və Azərbaycan Silahlı Qüvvələrinin bayramını böyük iftixar hissi ilə qeyd edir və bununla bir daha həm vətəndaşlarımıza, həm də bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var.

Həqiqət bundan ibarətdir ki, Azərbaycanda ordu quruculuğu dərhal, milli ordu, silahlı qüvvələr yaradılması haqqında 1991-ci ilin oktyabr ayında qəbul olunmuş qərar əsasında yaranmağa başlasa idi, bəlkə də, Ermənistan-Azərbaycan münaqişəsində biz indi belə ağır vəziyyətə düşmə və çətinliklərlə rastlaşmazdıq. Təəssüflər olsun ki, o vaxt böyük səhvlərə, xəyanətlərə yol verilib. Ona görə Azərbaycan dövlət müstəqilliyini əldə edib, dövlətini qurarkən və Ermənistanın bir neçə il əvvəl Azərbaycana qarşı başladığı təcavüzün qarşısını almağa çalışarkən onun mütəşəkkil, peşəkar ordusu olmayıb.
Təbii ki, peşəkar ordunun yaranması bir ayda, yaxud bir ildə başa çata bilməz. Ancaq zamanın tələbləri bəzən elə vəziyyət yaradır ki, bir ildə görülən işi bir ayda görmək lazım gəlir. Bu, mümkündür. Çünki Azərbaycan xalqının tarixi keçmişi, keçən əsrlərdə müxtəlif döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıq nümunələri onun qəlbində daim yaşamışdır. Ona görə də bu hissləri oyatmaq lazım idi, bunları hərəkətə gətirmək lazım idi. Ancaq bu, edilmədi. İlk illərdə ordu quruculuğu sahəsində böyük səhvlərin buraxılmasına baxmayaraq, ordu quruculuğuna gec başlanılmasına baxmayaraq, son illər ordu quruculuğunda aparılan işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qüvvələr yaratmağa imkan verib. Bu, Azərbaycanın 20 illik müstəqillik dövründə ən əsas nailiyyətlərdən biridir. Azərbaycanın dövlət müstəqilliyi əldə olunandan sonra indiyə qədər keçdiyi tarix, yaşadığı günlər hamıya məlumdur. Ancaq Azərbaycan xalqı, onun yaratdığı dövlət və silahlı qüvvələr böyük sınaqlardan, çətinliklərdən keçərək, böyük itkilər verərək, Azərbaycanın dövlət müstəqilliyini ilbəil yaşadıb, möhkəmləndirib, inkişaf etdirib və artıq indi dönməz vəziyyətə gətirib çıxarıb. Biz bu gün ordumuzun vəziyyətindən məmnun ola bilərik. Ancaq hələ ordunu tam yüksək səviyyəyə qaldırmaq, müasir tələblərə, beynəlxalq standartlara çatdırmaq və silahlı qüvvələri, həqiqətən, məğlubolmaz etmək üçün bundan sonra çox iş görməliyik. Buna bizim indi imkanlarımız var. Ən böyük imkanımız bizim vətənpərvər, vətəninə, müstəqil dövlətinə sədaqətli əsgərlərimizdir, gənclərimizdir. Sevindirici hal ondan ibarətdir ki, indi özünü hərbi peşəyə həsr etmək istəyən gənclər ilbəil artır. Ona görə ki, vaxtilə biz müstəqil olmadığımız zaman, sovet hakimiyyəti dövründə Azərbaycan gənclərinin içərisində özünü hərbi peşəyə həsr etmək istəyənlər az idi. Çünki gənclər böyük sovet ordusunda xidməti, yaxud orada uzunmüddətli xidməti sevmir, ya da başqa sənətləri bundan üstün tuturdular. Ancaq indi müstəqil Azərbaycanda və xüsusən orduda qanun-qayda yaradılandan sonra hərbi peşəni mənimsəmək və özünü hərbi peşəyə həsr etmək istəyən gənclərimiz çoxdur. Bu, bizim ordumuzun bu günü və gələcəyi üçün əhəmiyyətlidir.
Ordu yaratmaq, qurmaq asan bir iş deyil. Əgər nəzərə alsaq ki, sovet hakimiyyəti dövründə bizdə bunun əsası olmayıb, bu, asan bir iş deyil. Ona görə də ordunun silahlı qüvvələrinin yaranmasına, ordu quruculuğuna dövlətin bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azrbaycan Respublikası, Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək ordu quruculuğuna öz töhfəsinii versin. Çünki ordu xalqdır. Ordu, silahlı qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini, müstəqilliyini qorumaq üçün lazımdır. Ordunun ordu olmasının əsas amili nizam-intizamdır. Heç bir sahədə nizam intizam ordudakı kimi vacib əhəmiyyətli deyil. Ona görə də nizam-intizam, hərbi nizamnamənin tam yerinə yetirilməsi vacibdir. Ancaq hər bir hərbi hissədə ciddi nizam-intizam yaratmaq üçün gərək, birinci növbədə, hərbi hissənin komandirinin özü intizamlı olsun, gərək özü nümunə olsun. Əgər özü nümunə olmasa, nizam-intizamı pozsa, bəzi hallarda spirtli içkilər qəbul etsə, başqa zərərli işlərlə məşğul olsa onda əsgər də komandirindən o nümunəni götürəcək. Hərbi hissələrdə nizam intizamı möhkəmləndirmək, ilk növbədə, komandirlərdən asılıdır. Komandirlər nizam-intizamı özü üçün təmin etməlidir, rəhbərlik etdiyi hissədə rəhbərlik etdiyi hərbi hissdəunu təmin etməlidir. Bir tərəfdən əsgərə qayğı göstərilməlidir, eyni zamanda ona qarşı tələbkar olmalıdır. Belə olan halda əsgərlərimiz hərbi xidməti başa vurduqda yeni keyfiyyətlər əldə edəcəklər. O keyfiyyətlər ki, gələcək həyatında onlara yaşamaq, işləmək üçün kömək edəcək. Ordumuzun, silahlı qüvvələrimizin başlıca vəzifəsi bütün ölkələrdə olduğu kimi, öz ölkəsinin - Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaqdır. Təəssüflər olsun ki, ölkəmiz hələ müstəqillik əldə etmədən, ordu yaranmadan Ermənistanın təcavüzünə məruz qalmış və bu təcavüz nəticəsində Azərrbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş torpaqlardan qovulmuş 1 milyon vətəndaşımız köçkün, qaçqın vəziyyətində, çoxları çadırlarda ağır vəziyyətdə yaşayır. Bu, bizim bugünkü həyatımızın reallığıdır. Azərbaycanın ayrı-ayrı qüvvələri tərəfindən buraxılan səhvlərə, hakimiyyət mübarizəsinə baxmayaraq, Azərbaycanın qəhrəman, gənc övladları ancaq torpağı qorumaq üçün vuruşublar, şəhid olublar. Şəhid olmaq hər bir insan üçün ən yüksək zirvəyə çatmaqdır. O qəhrmanlar ki, döyüşlərdə şəhid olublar, canlarını qurban veriblər, onlar ordumuz üçün, hər bir əsgər üçün örnək olmalıdırlar. Bütün hərbi hissələrdə şəhidlərimizin fotoşəkilləri olmalı, altında tərcümeyi-halları göstərilməlidir. Gənc əsgər, gənc kursant görməlidir ki, bu insan vətəni, torpağı qorumaq üçün şəhid olub. Şəhidlərmizin xatirəsi heç vaxt unudulmayacaq.
 
Milli hərbi kadrları yetişdirmək ən vacib amillərdən biridir
Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi. Azərbaycan xalqının hər bir nümayəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edir. Məhz Heydər Əliyev Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdır. Danılmaz faktdır ki, dövlətimizin formalaşması, bütün dünyada tanınması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, bütün dünyada tanınmışdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirmişdir.
1970-ci illərin əvvəllərində - Heydər Əliyevin birinci hakimiyyəti dövründə respublikada həyatın bütün sahələrində canlanma baş vermişdir. Respublikada başlayan bu quruculuq işlərində əvəzsiz rolu olan Heydər Əliyevi unudulmuş bir sahə də ciddi narahat edirdi. Dahi insan hesab edirdi ki, Azərbaycanda milli hərbi kadrları yetişdirmək ən vacib amillərdən biridir. Ulu öndər ordunun yaradılmasını, milli hərbi kadrların yetişdirilməsini təxirəsalınmaz iş hesab edirdi. Məhz buna görə də Azərbaycan KP Mərkəzi Komitəsinin bürosu "Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında” qərar qəbul etdi. Qərarın bir maddəsində qeyd olunurdu ki, yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verilsin. 1938-ci ildə repressiya qurbanı olmuş Azərbaycanın görkəmli oğlunun, şöhrətli general, xan nəslinə mənsub Cəmşid Naxçıvanskinin adını əbədiləşdirməklə Heydər Əliyev vətənin, millətin ləyaqətli övladına bəraət qazandırdı. Bu qərarla C. Naxçıvanski təkcə respublikada deyil, bütün keçmiş Sovet İttifaqında tarixi şəxsiyyət, hərbi xadim kimi yaxından tanındı. O dövr üçün bu, çox cəsarətli bir addım idi. Heydər Əliyev cəsarəti hərbi məktəbin yaranmasına imkan verdi. 1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında” xüsusi qərar qəbul etdi. Yeni yaradılmış məktəbi həmin ilin noyabr ayında ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək demişdir: "Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azırbaycanlılar Xəzərin dibindən "qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xədmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir”. Moskva isə Heydər Əliyevin Azərbaycanda milli hərbi kadrların xüsusi məktəbdə yetişdirilməsi təşəbbüsünü və respublika KP MK bürosunun qərarını böyük narazılıqla qarşıladı. Təsadüfi deyil ki, bir neçə dəfə məktəbə SSRİ Maarif Nazirliyindən yoxlama komissiyaları göndərildi, məktəbin fəaliyyətinin qeyri-qanuniliyi vurğulanaraq, hətta onun bağlanması təşəbbüsü də irəli sürüldü. Lakin vətənpərvər bir insan olan Heydər Əliyevin qətiyyəti və məntiqi arqumentləri hərbi məktəbi qorudu və bir neçə ildən sonra bu məktəbin şan-şöhrəti bütün Sovetlər İttifaqına yayıldı. Heydər Əliyev 1972-82-ci illər ərzində hər il C.Naxçıvanski adına hərbi məktəbi ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla görüşmüş, problemlərlə maraqlanmış, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılması qayğısına qalmışdır. Bütün bunlar burada təhsil alan gənclərimizi daha da həvəsləndirmiş, onların vətənpərvər ruhda yetişməsnə əvəzsiz kömək etmişdir. Heydər Əliyev özünün doğma övladı hesab etdiyi bu məktəbi daim diqqət mərkəzində saxlamışdır. 1984-cü ildə Bakıya gələn Heydər Əliyev C. Naxçivanski adına Respublika Hərbi Təyinatlı Orta Məktəbini ziyarət edərək, müəllim-zabit heyəti və kursantlarla səmimi görüş keçirmiş, məktəbin 15 illiyinin yüksək səviyyədə, layiqincə qeyd olunması barədə respublika rəhbərliyinə müvafiq tapşırıqlar vermişdir.
Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir:
"30 il bundan öncə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaranması və o vaxtdan ardıcıl fəaliyyət göstərməsi və bu gün öz iş nəticələrini nümayiş etdirməsi Azərbaycanın həyatında tarixi hadisədir. Çünki Azərbaycanın tarixində heç vaxt belə bir hərbi təhsil müəssisəsi olmayıb. Bu məktəbi yaradanda heç ağılama da gəlməzdi ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Bu lisey mənim üçün doğma övlad kimidir. Bu gün mən çox sevinirəm ki, vaxtilə adi bir məktəb binasında yaratdığımız ixtisaslaşdırılmış məktəb - indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey böyük bir ərazini əhatə edir. Burada liseyin ən yüksək səviyyədə fəaliyyət göstərməsi üçün şərait yaradılıb. Mən əminəm ki, liseyi bitirən peşəkar hərbçilər Azərbaycanımızın bütövlüyü uğrunda əllərindən gələni əsirgəməyəcəklər. Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual olmuşdur. Müstəqil dövlət şəraitində böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsini elə təşkil etmək lazımdır ki, o, əzabla əldə edilmiş müstəqilliyi qoruyub inkişaf etdirməyə qadir olsun. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim əsas vəzifələrimizdən birinə çevrilməli və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı, orduda xidmət etməyi özünə şərəf kimi qəbul etməlidir”.


Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir
Hərbi-fiziki tərbiyə gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır. Erməni təcavüzkarlarının respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi daha da gücləndirilməlidir. Dahi şəxsiyyət bu məsələləri hər zaman diqqətdə saxlayırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci il mayın 22-də ölkədə hər il iyun ayının 26-nın Milli Ordu Günü kimi qeyd olunması barədə fərman imzaladı. Elə həmin il Prezident Heydər Əliyevin dəstəyi və himayəsi ilə C. Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradıldı. 1996-cı ildə ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətdə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qalmışdı. Sonrakı illərdə Naxçıvanda olan ümummilli ider müxtəlif hərbi hissələrə gələrək, ordakı yeniliklərlə maraqlanır, kursantlara, müəllim-zabit heyətinə, döyüş bölgələrinin əsgərlərinə dərin minnətdarlıq edir, tövsiyə və tapşırıqlarını verir. Son illər Azərbaycan böyük sınaqlardan keçib, böyük çətinliklərin öhdəsindən gəlib. Arxada qalmış 20 il Azərbaycanın müstəqilliyinin qorunması, müstəqil dövlətin, güclü iqtisadiyyatın yaranması ili olub. Bu illər ərzində ölkəmizdə milli ordu formalaşdırılıb. Güclü dövlət strukturu yaradılıb. Bu gün Azərbaycanda sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, yüksək ideallarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gənclərdir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir. O, heç vaxt unutmur ki, nə olursa, olsun, vətənə, xalqına, dövlətinə sədaqətli olmalı, cəmiyyətdə özünə layiq yer tapmalıdır. Müstəqil Azərbaycan gənc nəslə ən böyük töfhədir. İnsan öz evini, övladlarını, ata-anasını, adi bir əşyasını qoruduğu kimi, hər bir azərbaycanlı gənc də doğma torpağını göz bəbəyi kimi, qorumalıdır. Ulu öndərimizin apardığı düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan hərbi qüdrətə malikdir. Şübhəsiz ki, ordumuzun əsasını gənclər təşkil edir. Ulu öndərimiz daima gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi vətənpərlik ruhunda tərbiyəsinə böyük önəm verirdi. Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. Gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, hərbi idman oyunları böyük əhəmiyyətə malikdir. "Şahin” hərbi idman oyunları gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır. Respublikamızın bütün bölgələrində bu işə xüsusi diqqətlə yanaşılması hər birimizi sevindirir. Sevinirik ki, ordu sıralarında yer alacaq gənclərimiz fiziki cəhətdən sağlam yetişdirilir, həmçinin vətənpərvər ruhda tərbiyə olunurlar. Yeniyetmələrin fiziki hazırlığının daha da inkişaf etdirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ilə bağlı orta məktəb şagirdləri arasında hərbi idman oyunları keçirilir. Hər il bu yarışların yüksək səviyyədə təşkil edilməsi və oyunlarda kütləviliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu da təsadüfi deyil. Orta məktəbi bitirən və həddi-buluğa çatan gənclərimiz hərbi xidmətə çağırılırlar. Onların hər birindən yüksək fiziki hazırlıq, silahla davranış bacarığı və dözümlülük tələb olunur. Məhz bu baxımdan, hərbi idman oyunlarına hazırlıq çərçivəsində gənclərin silahla davranış bacarığına yiyələnməsinə xüsusi diqqət ayrılır. Gənclərimizin vətənpərvər ruhda böyüməsində, xalqımızın, dövlətimizin sadiq keşikçisi kimi yetişməsində hərbi idman oyunlarının xüsusi rolu var. Onların vətənpərvərlik tərbiyəsində orta ixtisas məktəblərinin rolu danılmazdır. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, milli mənlik şüurunun formalaşmasını hərbi idman oyunları vasitəsilə həyata keçirmək daha məqsədəuyğundur. Hərbi idman oyunları gənc nəslə öz doğma vətəninə hədsiz sədaqət göstərmək, vətəni şüurlu və fəal tərzdə sevmək imkanı yaradır. Vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, onların qəsbkarlıq hərəkətlərinə nifrət hissi ilə yanaşmaq, vətən uğrunda sona kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə edir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Unutmaq olmaz ki, vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq, hərbi bilik və vərdişlərə yiyələnərək iradəlik, əzmlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsidir. Artıq hər bir azərbaycanlı gənc dərk edir ki, o, Azərbaycan Milli Ordusunda xidmət etməli, sərhədlərəmizin qorunması üçün canından keçməlidir. Orduda xidmət hər bir gəncin qəlbində böyük arzu kimi yaşamalıdır. Sevindirici haldır ki, fiziki cəhətdən sağlam olan hər bir gənc orduda xidmət edərək, vətən, millət qarşısında borcunu ləyaqətlə yerinə yetirir.

Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.