Poeziyanın vətənpərvərlik hisslərinin tərbiyəsinə təsiri böyükdür

Poeziyanın vətənpərvərlik hisslərinin tərbiyəsinə təsiri böyükdür

Gənc nəslin milli mənlik şürunun, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi hər birimizi düşündürən vacib məsələlərdən biridir. Çünki insan, məhz bu yaş dövründə formalaşır, özünü dərk edir. Gənclərdə milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşmasına isə bir çox amillər təsir edir. Bu mövzuda yazılan mahnılar, şerlər, tamaşa və bədii əsərlər isə belə amillərədən biridir. Uşaqların baxça, məktəb illərində öyrəndiyi vətənpərvərlik ruhunda yazılmış şeirlər, poemalar, hətta seyr etdikləri tamaşa və filmlər onlarda milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır. Belə şeir və poema müəlliflərindən biri də böyük söz ustası, unudulmaz şairimiz Bəxtiyar Vahabzadədir. Onun yaradıcılığına nəzər salan hər bir poeziyasevər vətənpərvərlik ruhunda yazdığı şeir və poemaların təsiriə düşməyə bilməz.
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Bu kəlmə insanın yurduna, xalqına, dilinə, adət və ənənələrinə məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlib. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.


Şagirdlər bu şeirləri
öyrəndikcə onlarda milli mənlik şüuru
formalaşır, vətən
sevgisi artır

Xalq şairi Bəxtiyar Vahabzadə özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan sənətkarlardan biridir. Onu haqlı olaraq çağdaş şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarım əsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Unudulmaz xalq şairimizin bütün yaradıcılığı demək olar ki, vətənpərvərlik mövzusu isə əhatə olunub. Onun şeirləri orta məktəb dərsliklərində yer alıb. Şagirdlər bu şerləri öyrəndikcə onlarda milli mənlik şüuru formalaşır, vətən sevgisi artır. Vətənpərvərliklə bağlı keçirilən bir sıra tədbirlərdə də Bəxtiyar Vahabzadə yaradıcılığından geniş şəkildə istifadə olunur. Şair "Gülüstan” poemasında xalqımızın qarşılaşdığı ən böyük faciəni-vətənimizin bölünməsini, atanın oğuldan, bacının qardaşdan ayrı salınmasını poetik şəkildə qələmə alıb. Bu poemada Azərbaycan xalqının dərd-sərindən, iki yüz ildən bəri davam edən ağrısı-acısından bəhs olunub. Təsadüfü deyil ki, "Gülüstan " poemasının nəşrinə sovet dövründə uzun illər qadağa qoyulmuşdu. İstər qeyd etdiyimiz bu poema, istərsə də Bəxtiyar Vahabzadənin digər əsərləri yeniyetmə və gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayır.


Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaradıb. Müdrik həyat düşüncələrini, daşlardan süzülüb gələn dağ şəlaləsi kimi içindəki hissləri, duyğuları sətirlərə çevirən, söz, sənət dünyasını yeni incilərlə rövnəqləndirən sənətkar Bəxtiyar Vahabzadə poeziyası özünün zənginliyi ilə daim seçilib. Yaradıcılığında vətənə olan sonsuz məhəbbətini dilə gətirən şairin vücudu sanki vətən torpağından, nəfəsi Xəzər dənizindən əsən ruzigardan, qanı Kür, Araz çaylarından yaranıb. Əsil şair vətənsiz, millətsiz yaşaya bilməz. Şairin ən böyük vəzifəsi elə vətəni sevməkdir. Bəxtiyar Vahabzadə yaradıcılığında vətən və onun taleyi mövzusu bir mərhələ və ya dövr deyildir: onun bütün yaradıcılığı boyu davam etmiş daimi aparıcı mövzudur. O, ömrü boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk etmiş və bu missiyanın daşıyıcısı olması ilə qürur duymuşdu. Bəxtiyar Vahabzadə yalnız poeziyası ilə deyil, dramaturgiyası ilə də müasir ədəbiyyatın imkanlarına öz təsirini göstərmiş, onun vəzifələrini həyata keçirmişdi. Görkəmli şair 70-dən artıq şeir kitabının, monoqrafiyaların və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış şairin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə örnəkdir. Onun şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Bu xəzinədə Azərbaycan gəncliyinə vətən sevgisi, torpağa, elə-obaya bağlılıq kimi dəyərlər bəxş edən sözlər yer alıb. Xüsusən, milli mənlik şüuru, vətənpərvərlik, vətənə sonsuz sevgi baxımından Bəxtiyar Vahabzadənin şeirləri ölçüyə gəlməzdir. Şairin vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyan hər bir gəncdə millətinə, vətəninə məhəbbət hissi yaranır və belə şeirlər onlarda milli mənlik şüurunu formalaşdırır. Unudulmaz şairin yaradıcılığında yer alan bir sıra şeirlər Qarabağda baş verən hadisələri dilə gətirir:

Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.

Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada, Vətən.

Sinə altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.

Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.
Ulular uymadı var-dövlətə, yalnız dedilər:
- Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən!

Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini
Döyünər qəlbi kimi hər yeni misrada Vətən.

Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır

Azərbaycan torpağının, türk millətinin şair obrazında zühur edən ruhudur Bəxtiyar Vahabzadə. Onun yaradıcılığının mahiyyətinə vardıqca, şairin poeziya dünyasının incəliklərini aradıqca, bu ulu sənətkarı yetişdirən milli təməlin nə qədər qüdrətli olduğunu görürük. Görürük ki, milli mədəniyyətimizin sanki bütün dalğaları gəlib Bəxtiyar Vahabzadə yaradıcılığında birləşir. Milli varlığımızın Bəxtiyar Vahabzadə dünyasında bu dərəcədə harmonik əks-səda verməsi bizim doğma ədəbiyyatımızın öz zənginliyini saxlaya-saxlaya, daim yeniləşməsi deməkdir. Belə bir cəhəti zəmanəmizin görkəmli yazıçısı, türk dünyasının məşhur sənətkarlarından biri Çingiz Aytmatov dəqiqliklə göstərib: "Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən”.
Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza sadiq qalaraq, onların irəliyə doğru hərəkətində daha dərin ictimailəşdirici xüsusiyyətləri, müasirləşdirici tendensiyaları tapıb qabartmaq Bəxtiyar Vahabzadə sözünün başlıca missiyasıdır. Arxasında dayanan milli klassikanı Bəxtiyar Vahabzadə sanki zamanlara səpələnmiş halda deyil, millətin enerjisini bir nöqtəyə toplayan gur işıq kimi qavrayır. Bu işıq Dədə Qorquddan zəmanəmizə qədər saçılaraq, bütün mədəniyyət tariximizin yaradıcı gücünü səfərbər edir. Bəxtiyar Vahabzadə də bir mütəfəkkir sənətkarı olaraq, öz arxasında belə bir möhtəşəm irsin qüdrətini bütün varlığı ilə, qələminin gücü ilə hiss edir. Məhz belə bir sarsılmaz təməl üzərində yüksəldiyindəndir ki, Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətinin yaradıcılarına, Azərbaycan tarixinin həlledici hadisələrinə, milli varlığımızın təlatümlərinə bu qədər doğma, həssas, ərkyana və həm də yeri gəldikcə, tənqidi münasibət bildirən əsərlər yazıb. Məhz buna görə onun poetik sözü bu qədər sərrast, qətiyyətli, özünə inamlı və həqiqətə sadiqdir.
Bəxtiyar Vahabzadə elə ilk şerlərindən orijinal bir üsluba, özünəməxsus poetik deyim tərzinə malik olduğunu və ən əsası, hər hansı bir hadisəyə şair münasibətini ideya müstəvisinə qaldırmaq bacarığına malik olduğunu təsdiq edib.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi çəkilməkdədir. O, öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.
O, təkcə vətəni Azərbaycanda yox, bütün türk dünyasının şəxsiyyətinə hörmətlə yanaşdığı bir sənətkardır. Əsərləri dünya durduqca yaşayacaq, sevilə-sevilə öyrəniləcək ölməz sənətkar ədəbiyyat tariximizdə özünəməxsus, silinməz iz qoyub.


Bu cür şeirlər
ölkəmizin yeniyetmə v
ə ğənclərinə vətənpərvərlik hissləri aşılayır

Vətənpərvərlik mövzusu xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığının ana xəttidir. Vətənin istiqlalı, dil, söz, torpaq uğrunda apardığı söz mücadiləsindən alnıaçıq, üzüağ çıxan şair vətənin azadlığı uğrunda əsl vətənpərvər insan, vətəndaş kimi iz qoymuşdu. Hər qarışı ecazkar, füsunkar gözəlliklər yatağı olan vətənimiz şair üçün müqəddəs bir məkandır. Onun vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərində dərdli, niskilli şairin əhvalı duyulur. Bəxtiyar Vahabzadəni şöhrətləndirən və sevdirən başlıca səbəb vətən sevgisi, yurdun hər qarışından aldığı ilham və özünün əsl "vətən daşı” olduğunu dərk etdiyindən aldığı zövqdür. Vətəninin əsl vətəndaşı olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, elinə-obasına bağlıdır. Bəxtiyarın şeiri məhz xalqdan, torpaqdan güc aldığı üçün böyükdür, əzəmətlidir, müqayisə olunmazdır. Vətəninə, yurduna-yuvasına bağlılıq, vətəndaşlıq pafosu onun yaradıcılığında aydın əks olunur. Onun vətənpərvərlik şeirlərindən danışarkən "Azərbaycan oğluyam” şeiri xüsusi vurğulanmalıdır. Şeirdə vətənpərvərlik ideyası qabardılaraq ön plana çəkilir. Burada eyni zamanda qədim türklərin dünyagörüşlərinin, inanclarının öz bədii əksini tapması da diqqət çəkir. Bu cür şeirlər ölkəmizin yeniyetmə və ğənclərinə vətənpərvərlik hissləri aşılayır. Belə şeirlər sabahın əsgəri olan gənclərimizə vətənin dəyərini, müqəddəsliyini və onun yolunda candan belə keçməyə hazır olmağı təlqin edir.

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq, atam od
Mən oddan yaranmışam.
Azərbaycan oğluyam,
At belində doğuldum;
Zamanın qazanında
Neçə dəfə dağ oldum.

Şair bu sözlərlə xalqımızın şanlı, keşməkeşli tarixinə işarə edir. Ta qədimlərdən bu yana analarımız oğlu vətən üçün, onun təəssübünü çəkmək, namusunu qorumaq üçün böyüdüblər. Analar oğulları cəngi sədaları altında qundaqlayarkən onun ruhuna vətən eşqinin toxumunu səpiblər. Beləcə, ruhumuzda vətəndaşlıq hissi yer alır.
Xalqımız əsarətdən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxanda Bəxtiyar Vahabzadə bu mübarizənin önundə gedən ziyalılardan biri oldu. Bu, təsadüfü deyildi. Bütün yaradıcılığında vətəndən, millətdən bəhs edən bir şair xalqın istiqlal mübarizəsində kənarda qala bilməzdi . Elə bunun nəticəsidir ki, müstəqil Azərbaycanın "İstiqlal” ordeninə layiq görülən ilk sənətkarlardan biri məhz Bəxtiyar Vahabzadə olub.

Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin
hüdudu varmı?

Bəxtiyar Vahabzadənin bədii əsərlərinin qəhrəmanlarının bir qismi isə ədəbi-tarixi şəxsiyyətlərdir. Bunların sırasında özünü "qəm karvanının saribanı” adlandıran Məhəmməd Füzuli, böyük cəsarət və bədii qüdrət sahibi Mirzə Ələkbər Sabir, eləcə də müdrik Nizami Gəncəvi, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqalarının yaddaqalan obrazları xüsusi yer tutur.

Vətəni sevirəm deyən çox olar,
Deməyə nə var ki, dil yorulmasa.
Vətən də bizim tək ölər, yox olar,
Vətənin yolunda ölən olmasa.

Xalq şairi Bəxtiyar Vahabzadə nadir yaradıcı simalardandır ki, sənətin ən müxtəlif janrlarında qələmini sınamaqla yaddaqalan əsərlər yaradıb. Onun poeziyasındakı bütün müsbət keyfiyyətlərin mayası doğma ana dilidir. Şair dilimizin incəliklərindən, sözdən böyük məharət və incə zövqlə istifadə edib.

Vətəni sevməkdə nə qayda, qanun?
Vətən sevgisinin hüdudu varmı?
Ey nadan, ölçülər özünün olsun,
Məhəbbət ölçüyə, həddə sığarmı?

Doğrudan da, əsl vətəndaşın doğulduğu torpağa, ata-babalarının qəbri olan bir məkana, anasının beşik başında nəğmə söylədiyi bir ocağa, övladının iməkləyərək ilk addımlarını atdığı yurda olan sevgisi heç nə ilə müqayisə oluna və ölçülə bilməz. Təəssüf ki, öz dilinə, torpağına xor baxan adamlar da var. Belələrinin qəlbində milli ruh, vətən sevgisi yer almır. Onlar doğma ana dilinə biganə yanaşırlar. Belə mənfi xüsusiyyətləri özundə cəmləşdirən nadanlara Bəxtiyar Vahadzadə hər zaman sərt cavablar verib. Şairin 1967-ci ildə yazdığı "Riyakar” şeiri dediklərimizə nümunədir:


Vətənin dilinə gərəksiz deyən
Vətənin özünü necə sevir bəs?
Vətən qeyrətini çəkməyən oğul
Həm özünə yükdür, həm özgəsinə;
Bu dildə dərs deyib qazandığın pul,
Yediyin çörək də haramdır sənə !

Şair vətənimizin başına tarixlər boyu gətirilən müsibətləri ürək yanğısı ilə, bütün incəlikləri ilə qələmə alıb. Bəzən adama elə gəlir ki, şair sanki əsrlər öncə baş verən faciələrin canlı şahidi olub. O, "Anamın kitabı” şeirində deyir:

Tapdandı anamın şərəfi, şanı,
Bizdən sərvət alıb söz gətirdilər.
Bu boyda ölkəni - Azərbaycanı
Bir ərəb qızına cehiz verdilər.
Azərbaycan gəncliyinə örnək olan Bəxtiyar Vahabzadə yaradıcılığında doğma vətənimiz bütöv şəkildə göstərilir.
Vətən şairin gözündə bütövdür, parçalanmazdır. O, doğma yurdumuzun ayrı-ayrı bölğələrə bölünməsinə qarşı idi :

Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv vətənimə bütöv bağlıyam.
Bir eldə doğulub xoşbəxtəm ki, mən
Böyük bir vətənə oğul olmuşam.

Belə şeirlər oxucuda vətəndaşlıq hisslərini çoxaldır, əsasən də gənclərin elimizə, yurd-yuvamıza olan vətəpərvərlik hisslərini artırır. Milli mənlik şüurumuza, vətənpərvərlik duyğumuza öz müsbət təsirini göstərən Bəxtiyar poeziyası bu baxımdan əvəzolunmaz və təqdirəlayiqdir. Doğrudan da, şairin qeyd etdiyi kimi, insan hansı məkanda doğulmağından, boya-başa çatmağından, harada dünyadan köçməyindən asılı olmayaraq bütöv bir vətənin - anamız torpağın ayrılmaz tərkib hissəsidir. Bəxtiyar qələmi bunu elə ah-nalə ilə ifadə edib ki, bir damla vicdanı, vətən sevgisi, özünü bu vətənin "daşı” hesab edən şəxs bü fikirlərə biganə qala bilməz:

Gün kimi bəllidir yeddi milyonun
Dərdini köksündə yaşatmayan kəs
Bu boyda millətə baş ola bilməz.
Bu vətən mənimdir, bu vətən sənin,
Səngərdə əsgərə dəyən güllənin
Ağrısı qəlbində göynəməyən kəs
Bu boyda millətə baş ola bilməz.

Bəxtiyar Vahabzadənin vətənpərvərlik lirikası haqda çox danışmaq olar. Çünki bütün varlığıyla vətəninə bağlı olan şairin bütöv Azərbaycanımıza olan hədsiz sevgisi onun hər misrasına sirayət edib. Vətənpərvərlik şairin yaradıcılığının canı-cövhəridir.

Xalqın milli dəyərlərini, adət ənənəsini, yüksək mənaviyyatını gənc
nəsil yaşadır

Əvəzsiz şairimiz həyatdan köçsə də, o xalqımıızın yaddasından heç vaxt silinməyəcək. Bəxtiyar Vahabzadənin əsərləri daim oxunacaq, seviləcək. Çünki bu əsərlər bizim xalqımızın milli ruhuna yaxındır. Şairin poeziyası təkcə gənc nəslə ünvanlanmayıb. Onun nəsr əsərləri və şeirləri bütün yaş təbəqələri üçün nəzərdə tutulub. Amma bununla belə, şairin poeziyasının daha çox gəncliyə xitabən yazıldığını demək olar. Xalqın milli dəyərlərini, adət ənənəsini, yüksək mənəviyyatını gənc nəsil yaşadır. Biz fəxr edə bilərik ki, Azərbaycan gəncliyi bu məsuliyyətli işi şərəflə yerinə yetirir, bu dəyərləri qoruyur. Ölkəmizin gənc nəsli öz kökünə bağlıdır. Məhz bu bağlılıq yurdumuzun şanlı keçmişini yaşadır, gözəl gələcəyinə yol açır. Bəxtiyar Vahabzadə yaradıcılığı Azərbaycan gəncliyinə öz kökünə sadiq olmağı öyrədir, gəncliyə tövsiyələr verir. Bu yaradıcılıq Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifəni - vətənə layiqli övlad olmaq vəzifəsini əxz etdirir.

P.S.: Xatırladaq ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçən Bəxtiyar burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetnin filologiya fakültəsində təhsil alıb (1942-1947). O, universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib (1951). Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlayıb. Onun "Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb. Lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib. Qanı, canı vətən sevgisindən yaranan bu böyük insan dünənin, bu günün və sabahın şairidir...

Jalə Rzabəyli

Azərbaycan Respublikasının Prezi
denti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.