“Şahmat oynayan türk"ün sirri

“Şahmat oynayan türk"ün sirri

Şahmat bəşəriyyətin ən çox sevdiyi idman növlərindən biridir. Əqli qabiliyyətin yüksək mərhələsi hesab olunan şahmat özündə dərin məntiq və sirr gizlədir. Şahmat oynamaq bacarığı da hər kəsə nəsib olmur. Tarixdə şahmatla bağlı yaranan fikirlər hər zaman öz dəyərini qoruyub. Zəka oyunu hesab olunan şahmat dünyasında bir çox maraqlı hadisələr baş verib. Onlardan biri- XVIII əsrin ikinci yarısında olmuş hadisə daha çox yadda qalıb.
1769-cu ildə Avropada icad olunmuş müəmmalı bir mexanizm bütün insanların diqqətini cəlb edib. Şahmatla maraqlanan ayrı-ayrı adamlar artıq öz ifalarında deyil, mexaniki aparatın iştirakı ilə keçirilən oyunun şahidinə çevriliblər. Şahmat oynayan avtomat qurğu ilk dəfə 1770-ci ildə Avstriya hersoqinyası və Macarıstan şahzadəsi Mariya Terezanın (1717 - 1780) təşkil etdiyi ziyafət zamanı nümayiş etdirilib. Avstriyanın paytaxtı Vyanada kraliça sarayında mexanik kimi fəaliyyət göstərən Volfqanq von Kempelenin adı bu avtomat qurğunun yaradıcısı kimi tarixə düşüb. Şahmat oynayan qurğunun uzunluğu 120 sm, eni 105 sm, hündürlüyü isə 6 metr olub. Çarxlı kabinə üzərində cökə ağacından hazırlanmış şahmat lövhəsinin qarşısında nəhəng bir türk cəngavərinin taxta fiquru əks olunmuşdu. Həmin bu fiqurun içərisinə nəzər salanlar orada qarışıq mexanizmdən başqa heç bir şey görmürdülər. Xüsusi proqram üzərində qurulan "türk şahmatçı"sı oyuna başlamazdan əvvəl ətrafa boylanır, daha sonra qollarını çirmələyərək matça başlayırdı. Onun şahmat fiqurlarını sıra ilə düzməsini ilk dəfə görən zadəgan və saray adamları bunu heyrətlə qarşılayırdılar. Matç bitəndən sonra "türk şahmatçı" qələbə və məğlubiyyətin səbəblərini xüsusi lövhə üzərində metal hərflərlə başa sala bilirdi. Mədəniyyət və incəsənətin durmadan inkişaf etdiyi bu illərdə dövrün müasirləri bunu qeyri-adi bir kəşf kimi qiymətləndirirdilər. Nəhəng türk şahmatçısının bu fitri istedadı bir neçə il müzakirə obyektinə çevrilib. Onun sirrini öyrənmək üçün bir çox varlı təbəqənin üzvləri öz varidatlarının yarısını qurban verməyə belə hazır idilər. Dövrün mətbu orqanlarının alıcılıq qabiliyyəti Kempelenin bu icadı hesabına xeyli artmışdı. Bu mexanizmi görən hər bir şəxs özünə məxsus uydurmaları ilə diqqəti cəlb etmək istəyirdi. Şayiələrə görə, həmin fiqurun içərisində kiçikyaşlı şahmatçı var imiş. Bu barədə bir qədər sonra. Dövrün tanınmışları da bu işə biganə qalmırdı.

Görkəmli şəxsiyyətlərdən olan Gamaliel Bredford və yazıçı Edqar Allen Po da maraqlı icad barəsində fikirlər yürütmüşdülər. Edqar Po özünün ""Maelzel"s Chess" müəllif yazısında "şahmatçı türk"ü belə təsvir edib: "O, oyunda qələbə qazanmazdan əvvəl bir qalib kimi qürurlanır, özündənrazı halda ətrafa göz gəzdirərək sol qolunu geriyə çəkir və barmaqlarına istirahət verirdi".
1821-ci ildə Londonda "şahmat oynayan türk"ün şousu barəsində elan bütün Avropanı bürüməyə başlayıb. Lakin həmin vaxt və sonralar bu qurğunun necə işlədiyi barədə heç kimə doğru-dürüst məlumat verilməyib.

 

Napoleona qalib gələn
"türk cəngavəri"

1804-cü ildə bu qurğunun müəllifi, mexanik Kempelenin vəfatından sonra "avtomat türk" dahi alman bəstəkarı Ludviq van Bethovenin (1770-1827) yaxın dostu, mühəndis Yohan Maelzelin (1772-1838) əlinə keçdi. İlk metronomu icad edən Maelzel bu qeyri-adi şahmatçı mexanizmi Kemplenin oğlundan satın almışdı. "Türk şahmatçı"nın qabiliyyətindən xəbər tutan Fransa imperatoru Napoleon Bonapart (1769 -1821) şahmata olan marağını gizlətməyərək, onunla oyun keçirib. "Korsikalı"da şahmat görüşündə mexanizmin müqavimətini qıra bilməmişdi. Az sonra "şahmat oynayan türk" haqqında kitab işıq üzü görür. Bu kitabda mexanizmin necə işləməsindən başqa, bütün məlumatlar öz əksini tapmışdı.
Uzun müddət müzakirə mənbəyinə çevrilən "türk şahmatçı"nın sirri yavaş-yavaş üzə çıxmağa başlayıb. Məlum olub ki, bu fiqurun içində şahmat kimi mürəkkəb oyunun hər bir xırdalığına bələd olan mütəxəssis yerləşdirilib. Avtomat fiqurun içərisi tamaşaçılara nümayiş etdirildikdən sonra əsas gizli şəkildə şahmatçı xüsusi kabinəyə daxil olurdu. "Türk şahmatçı"nın daxilində yer alan əsas zəka sahibi bütün oyun gedişlərini şam işığında yerinə yetirirdi. İnsanları kabinə üzərində olan qarışıq mexanizmlər aldadırdı. "Türk"ün oynadığı əsas şahmat taxtasının hər xanası altında xüsusi yaylar yerləşdirilmişdi. Hər bir fiqur görünməyən yerdən maqnitlərlə idarə edilirdi. Bununla da içəridəki oyunçu rəqibin hansı gediş etdiyini aydın görə bilirdi. Maraqlıdır, şahmat oynayan mexanizmin içərisində oturan kim idi? Uzun illərdən sonra bəlli oldu ki, 1787-1837-ci illərdə həmin kabinənin içərisində oturaraq, insanları dəmirdən düzəldilmiş bəsit bir aparatın şahmat oynadığına inandıran şəxsin adı Jake Moure Fransis olub.

 

Rüsvay olan şahmatçı


Bu saxtakar oyunun sirri qismən açılandan sonra, Kempelen dövrünün tanınmış həmkarları tərəfindən tənqidə məruz qalır. Qeyd edək ki, Kempelen bu vasitə ilə qazandığı pulların böyük hissəsini Moureyə vermək məcburiyyətində qalmışdı. Əks halda, sirrin üstü açılacaq, mexanik həyatı ilə vaxtından əvvəl vidalaşmalı olacaqdı.

İnsanları aldadan "türk şahmatçı"nın sonrakı taleyi daha maraqlı və acınacaqlı oldu. Fransis Mouredən sonra kabinə içərisinə daxil olan Yohan Maelzel 15-ə yaxın tanınmış şəxslə şahmat oynayaraq qələbə qazanıb. Avtomat şahmatçının sirri tamamilə açıldıqda onun sahibi Maelzel tədricən müflisləşməyə başlayır. Fransa və İngiltərədə ona daha məhəl qoyulmadığını görən mexanik əvvəlcə Kubaya, oradan isə ABŞ-a qazanc ardınca yollanmağa məcbur olur. Lakin artıq onun sirri okeanın o tayına da gedib çatmışdı. Cənubi Amerikada ehtiyac içində boğulan Yohan Maelzel elə kabinənin içərisində vəfat edir. Onun ölümündən sonra hərraca çıxarılan "avtomat türk" bu dəfə cərrah Con Mitçelə qismət olur. O, bu qurğudan başqa məqsədlə istifadə etməyə başlayır. Mitçel aparatın sirrini yaratdığı klubda açmağa başladı. Ancaq açdığı sirrə görə cərrahın qazancı o qədər də çox olmur. Con Mitçel sahibi olduğu qurğunu 1854-cü ildə Filadelfiyadakı muzeyə bağışlayır.
Avtomat qurğu 85 il "yaşadıqdan" sonra muzeydə baş verən yanğın zamanı ömrünü başa vurur. Amma bəşəriyyət hələ də tam olaraq "şahmat oynayan türk avtomat"ın əsil sirrinə sahib ola bilməyib. O ki qaldı avtomat şahmatçıya türk adının verilməsinə, bu, həmin dövrdə türk mədəniyyətinin şöhrət tapması və türklərin bir sıra xalqları uzun əsrlər boyu əsarət altında saxlaması ilə bağlı idi.

 

Anar MƏSUDOĞLU