ANTİK OLİMPİYA OYUNLARI

ANTİK OLİMPİYA OYUNLARI


 

Bu oyunların proqramı indikindən çox fərqlənirdi


Qədim və müasir Olimpiya oyunlarını bir-birindən 1500 ildən çox vaxt ayırır. Antik oyunların tarixi b.e.ə. 776-cı, müasir Oyunların tarixi isə 1896-cı ildən başlayır.
Müasir dövrdə Olimpiya oyunları dünyanın ən sevimli idman bayramlarından biridir. Ən məşhur şəhərlər bu gözəl və möhtəşəm bayrama ev sahibi olmağı özlərinə şərəf hesab edir və Olimpiya müsabiqəsində qalib gəlmək üçün inadla mübarizə aparırlar. Qədimdə bu hüquqa malik yeganə şəhər Olimpiya idi.


 

ƏN QƏDİM İDMAN BAYRAMI


Olimpiya oyunları antik dövrün ən qədim və ən məşhur idman bayramlarından sayılır.
Olimpiyalı Zevsin şərəfinə hər dörd ildən bir Pelopennes yarımadasının şimal-qərbində, Olimp dağının yamacında və Kronos ovalığının ətəyində yerləşən Elidada oyunlar təşkil olunurdu. Bu müqəddəs oyunlar bütün ellin dünyasını bir yerə cəm etmək hüququna malik idi. Dövrünün məşhur xadimlərindən tarixçi Herodot burada məruzə edir, Afinadan Olimpiya şəhərinə piyada gələn filosof Sokrat söhbətlər aparırdı. Platon, Empedokl, Sofokl, İsokrat, Demosfen və başqaları tamaşaçılar qarşısında nitq söyləyirdilər. Yunan dövlətləri ən vacib müqavilə və sənədləri olimpiadalar dövründə imzalayır, allahların məbədi qarşısında and içirdilər.

İdmançılar və onların məşqçiləri oyunlar başlamamışdan 1 ay əvvəl seçmə yarışlara qatılmaq üçün Olimpiya şəhərinə gəlirdilər. B.e.ə. Olimpiya oyunları cəmi 5 gün davam edirdi. Yarışların birinci günü iştirakçılar Zevsin məbədi qarşısında bütün oyun qaydalarına riayət edəcəklərinə and içir, qurbanlar verirdilər. Beşinci, axırıncı gün yenə də olimpiadanın şərəfinə qurbanlar verilir və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunurdu.


 

STADİON SÖZÜ
HARADAN YARANIB?


Antik Olimpiya oyunlarının proqramında 10 yarış növü yer almışdı.
B.e.ə. 776-cı ildə keçirilən ilk Olimpiya oyunlarından bəri nümayiş etdirilən idman növlərindən ən qədimi qaçış, yunanların dili ilə desək, "dromos” və yaxud "stadi” hesab edilir. Qədim yunan əfsanəsinə görə, Avgiyə qalib gələn Herakl çaldığı qələbənin şərəfinə bayram ediləcək yeri ayaq pəncələri ilə ölçərək göstərib. İlk Olimpiya qaçış yolunun uzunluğu məhz belə müəyyən edilib. Heraklın 600 addımı "stadi” adlanırdı. "Stadi”nin uzunluğu müasir ölçü ilə 192 metr 27 sm-dir. İndi işlədilən "stadion” sözü elə buradan yaranıb. Ən qısa məsafəyə yarışda uğur qazanan atlet böyük etimada layiq görülürdu. Müqəddəs məbəddə alov yandırmaq hüququ məhz həmin atletə verilirdi. Olimpiya oyunlarının ilk çempionu bir stadi məsafəyə yarışın qalibi elidalı Korəb olub.


 

PROQRAMDA HANSI NÖVLƏR
NÜMAYİŞ ETDİRİLİRDİ?


İkiqat stadi, dialos XIV, uzaq məsafəyə qaçış, yəni dolixos (7 stadidən 24 stadiyə qədər) XV, pentatlon, yəni beşnövçülük XVIII, yumruq döyüşü XXIII, qoşqu arabası XXY, pankration yarışları XXXIII Olimpiya oyunlarının proqramına daxil ediliblər. İlk dəfə silahla qaçış 65-ci (b.e.ə. 520), oğlanlar arasında pankration yarışları isə 145-ci (b.e.ə 200) Olimpiya oyunlarında nümayiş etdirilib.
Antik Olimpiya növlərindən biri olan "qopltiena”, yəni silahla qaçış yarışlarında iştirakçı ağır hərbi alətlərlə - dəbilqə, qalxan və nizə ilə iki stadi məsafəni qət etməli idi. Bu, qaçış yarışlarının ən çətini sayılırdı. Təsadüfi deyil ki, oyunların təşkilatçıları sonralar atletlərin işini yüngülləşdirmək məqsədilə onlara starta yalnız dəbilqə və qalxanla çıxmağa icazə verirdilər.


 

QƏDİM OLİMPİYA NÖVLƏRİNDƏN
BİZİM DÖVRƏ QƏDƏR GƏLİB
ÇATMAYANI YUMRUQ DÖYÜŞÜ
İLƏ GÜLƏŞİ ÖZÜNDƏ
BİRLƏŞDİRƏN PANKRATİON
YARIŞLARIDIR


Bu qədim yunan çoxnövçülüyü proqrama b.e.ə. 648-ci ildə keçirilən 33-cü Olimpiya Oyunlarında daxil edilib.
Pankration idmanın ən kobud və sərt növü sayılırdı. Yarışlar, adətən, döyüşçülərdən birinin ölümü ilə nəticələnirdi. Çox maraqlıdır ki, pankration döyüşləri antik idman dünyasında daha çox tamaşaçı toplaması ilə fərqlənirdi.
Eyni bir gündə idmançının həm güləş, həm də pankrationda əldə etdiyi qələbə idman nailiyyətlərinin zirvəsi hesab olunurdu. Bu növdə çempionluq qazananı Heraklın davamçısı adlandırırdılar. İlk çempion tituluna layiq görülmüş atlet 212-ci il Olimpiya Oyunlarının iştirakçısı (sayca 142-ci) elladalı Kapr olub.

B.e.ə. 776-cı ildən 728-ci ilə qədər davam edən antik Olimpiya oyunlarında yüngül atletikanın yalnız bir növü - qaçış nümayiş etdirilirdi.
 

 

İDMANIN ŞAHZADƏSİ
ATLETİKA...


Əfsanələr, xalq yaddaşı, oyunların xronikası bütün idman növlərinin əsasında qaçışın durduğunu sübut edir.
Təsadüfi deyil ki, atletikanı idmanın şahzadəsi adlandırırlar. Çünki idman yerişi, qaçış, tullanma, nizə və diskatma ibtidai insanla birgə yaranıb. Qaçış Olimpiya oyunlarının ilk qaranquşudur. O, tarixən lap qədimlərdə və antik dövrdə yaşayan insanların həyat tərzinə tamamilə uyğun gəlirdi. Sonralar idman növü kimi formalaşan qaçış Olimpiya bayramlarının demokratik ruhu ilə də səsləşirdi. Bu növ üzrə ilk oyunların qəhrəmanları ayaqları sərt, uzun və dolanbac yollara alışmış çobanlar olardı. VIII əsrdə ikiqat qaçış - diaulos (2 stadi - indiki ölçülərlə 384,54 metrə bərabərdir) yarandı. Tezliklə Olimpiyada daha bir qaçış növü - dolixos formalaşdı. Bu, 24 stadi demək idi. Təsəvvür edirsinizmi, qumun üstü ilə 4.614,5 metr qaçmaq atlet üçün nə demək idi?
Qeyd etdiyimiz kimi, b.e.ə. VI əsrin axırlarında, yəni sayca 65-ci olimpiadada qaçışın tamamilə yeni növü - silahla qaçış yarandı. Bu qaçış növü qədim yunanlara doriyalı və spartalı əcdadlarından qalmışdı.

Əfsanəvi yunan qaçışı yalnız yaranma tarixinə görə əzəmətli deyildi. O həm də etika qaydalarının sadəliyi və ciddiliyi, mübarizənin gərginliyi və nəhayət, atletlərin bənzərsiz gözəlliyi ilə seçilirdi.


 

OLİMPİYA PRİNSİPİNƏ
CİDDİ ƏMƏL OLUNURDU


Olimpiya prinsipinə uyğun olaraq uduzan çıxır, qalanlar isə mübarizəni axıra qədər davam etdirirdilər. Yarış bir neçə mərhələyə ayrılır və hər mərhələdə dörd atlet iştirak edirdi. Yarış iştirakçılar arasından 4 ən güclü, itiqaçan atletin seçilməsinə qədər davam edirdi. Rəqiblər püşkatma əsasında müəyyən olunurdu. Kimin hansı qaçış xəttindən start götürməsini də püşkatma həll edirdi. Qaçış xətləri yunan əlifbasının dörd hərfi - alfa, betta, qamma və delta ilə işarələnirdi. Truba çalınan kimi yarışın startı verilirdi.
Yarışın qalibi "olimpionik” adlanırdı. Maraqlıdır, niyə "olimpionik”? Çünki "olimpio” oyunların iştirakçısı deməkdir, "nik” isə qələbə ilahəsi Nikanın adından götürülüb.
Oyunların ilk günündə 1 və 2 stadi qaçış, uzunluğa tullanma, uzaq məsafəyə qaçış və ya marafon yarışları təşkil olunurdu. Marafon yarışlarında məsafənin uzunluğunu əvvəlcə 8, 12, sonra isə 24 stadi təşkil edirdi.
Yarışların ikinci günü idmançılar güclərini beşnövçülükdə sınayırdılar. Bura sadə qaçış, uzunluğa tullanma, disk və nizəatma, güləş daxil idi.
Üçüncü günü pankration yarışları nümayiş etdirilirdi.
Olimpiadanın dördüncü günü uşaqların ixtiyarına verilirdi. Yüngül atletika yarışlarında kiçikyaşlı olimpiyaçılar üçün qaçış məsafəsinin uzunluğu böyüklərdə olduğundan 2 dəfə qısa olurdu.
Sonuncu - beşinci gün qoşqu, 8 və 73 stadi dövrədə (1538 m; 14000 m) cıdır yarışları keçirilirdi.
Deyilənə görə, qədim yunanlarda Aqilay adlı bir atlet varmış. O, hər qələbədən sonra Olimpiya şəhərindən evlərinə qədər birnəfəsə 500 stadi yolu qət edər, doğma ailəsinə, el-obasına müqəddəs qələbəsi haqqında xəbər çatdırar və yeni qələbə çələnginə nail olmaq üçün gecə ilə şəhərə qayıdarmış.
Adı açıqlanmayan bir atlet haqqında belə danışırlar ki, o, atla Xeroneydən Fivə qədər 166 stadi yolu ötüşmüş və sonda qalib gəlmişdi.
Ellinlər qaçış yarışlarında dövrədən istifadə etmirdilər. Atletlər kamandan dartılmış ox kimi finiş xəttinə, qələbəyə can atırdılar. Qeyd edək ki, 15-ci Olimpiadada (b.e.ə. 720) Meqardan olan Orsipp qaçışda bədəninin sarığını itirdiyindən çılpaq yarışmalı olmuşdu. Bu hadisədən sonra Olimpiyanın ali hakimi belə bir qərar qəbul etmişdi ki, ippodromda yarışanlardan başqa, bütün atletlər çılpaq mübarizə aparmalıdırlar.
Delfa kahininin oğlu Tissameni "Mən hansı qələbələr qazanmalıyam?” sualı çox narahat edirdi. Taledən xəbərverən ona beş sınaqdan keçməyi məsləhət görür. Tissamen kahinin dediklərini öz bildiyi kimi yozur və pentatlon üzrə ən güclü atletlərlə yarışmaq üçün Olimpiyaya yola düşür. O, bütün rəqiblərini məğlub etsə də, 75-ci Olimpiadanın çempionu Anoros adasından olan İeronimi ram edə bilmir.


 

PENTATLON YARIŞLARI
YUNANLARIN XARAKTERİNƏ UYĞUN İDİ


Pentatl, yəni beşnöçülük döyüşləri əsl yunanlara məxsus coşğunluq və igidliyi tərənnüm etdirirdi.
Aristotel göstərirdi ki, pentatlonla məşğul olanlar digər atletlərə nisbətən daha gözəl bədən quruluşuna malik idilər. İlk dəfə 18-ci Olimpiya Oyunlarında (b.e.ə 708) nümayiş etdirilən beşnövçülüyə yunanlar qısa ad qoymuşdular: pentatl. Romalılar isə onu bir az özününküləşdirdilər: pentatlon. Pentatlon yarışları olimpiadanın üçüncü günü keçirilirdi. İştirakçılar tribuna qarşısında dövrə vururdular. Bu zaman carçı olimpiyaçıların adlarını tamaşaçılara elan edirdi. Hər addan sonra üç dəfə soruşurdu: Tamaşaçılar arasında adıçəkilən atletin yarışda iştirakına etiraz edən varmı? Atlet haqqında hər hansı neqativ məlumatı olan şəxs həmin an carçıya xəbər verə bilərdi. Belə fakt olduğu təqdirdə atlet elə oradaca oyunlardan kənar edilirdi.
Gün ərzində yarışlar bundan ibarət idi: stadion boyu qaçış, tullanma, nizə tullama, disk atma və nəhayət, güləş. Antik atletlərin tullanma texnikası hələ indiyə qədər açıqlanmayıb. Müasir mütəxəssislər qədim atletlərin XX əsrdə göstərilən rekordlardan da ikiqat üstün nəticə göstərdiklərini anlamaqda çətinlik çəkirlər. Qaçış üzrə yeddiqat Olimpiya çempionu spartalı Exion pentatlon yarışlarında uğurla çıxış edərək, 52 pəncə, bizim ölçü ilə 16,64 metr nəticə göstərmişdi. Bu, əlbəttə, ağılasığmazdır! Axı bu nəticə indiki dünya rekordlarından iki dəfə artıqdır.


 

ANTİK VƏ MÜASİR
ATLETLƏRİN NƏTİCƏLƏRİNİ
MÜQAYİSƏ ETMƏK
MÜƏMMALAR YARADIR


Pentatlonda üçüncü cəhd nizətullama yarışları idı. Bu yarış növü qədim ovçular və hərbçilərdən qalıb. Yunanların əcdadları adam boyu uzunluğunda küknar və ya göyrüş ağacının cilalanmış budaqlarından nizə düzəldirdilər. Olimpiyaçılar əcdadlarının əsas sirrindən - fırlanan nizəni uzağa tullamaq qabiliyyətindən gözəl istifadə edirdilər. Yunan nizəsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, ağacın ortasına qayışdan ilgək əlavə edirdilər. Nizəni atmamışdan qabaq atlet şəhadət və orta barmaqlarını həmin ilgəyə ilişdirir və bu da nizəni fırlatmaq üçün yaxşı imkan yaradırdı. Ellinlərin fikrinə görə, nizə fırlananda daha uzağa uçmaq qabiliyyətinə malik olurdu. Atletlər beş pəncə uzunluğunda ağacı 20 nizə uzunluğunda məsafəyə tullaya bilirdilər.
Bunun üçün hansı təcrübə, vərdiş lazımdır? Qoy bu suala indiki nizəatanlar cavab versinlər. Antik və müasir atletlərin nizətullama, ümumiyyətlə, idman bacarıq və vərdişlərini müqayisə etmək heç cür mümkün deyil.
Antik dünyanın disktullama yarışlarının qəhrəmanı mahir atıcılıq qabiliyyətinə malik Apollon hesab edilir. Disk tullayan ellinlərin igidliyini əbədiləşdirərək, bürüncdən abidə ucaltmaq heykəltəraş Milona nəsib olub. Lap əvvəllərdə disk yarışlarında dəyirmi çay daşlarından istifadə olunurdu. Sonralar onları üstündə heyvan, quş və ya atletlərin özlərinin şəkli həkk olunan ağac və dəmir disklər əvəz etdi. Müxtəlif zamanlarda disklərin çəkisi də müxtəlif olub: yarım kilodan 7 kiloya qədər. Arxeoloqlar yerin altından diametri 34 sm, qalınlığı10 mm və çəkisi 6 kq olan oval daş tapıblar. Əlbəttə, bu ölçüdə və çəkidə olan diski tullamaq b.e.ə. VI-VII əsrlərin atleti üçün o qədər də asan deyildi. Müasir atletlər üçün isə, ümumiyyətlə, çox çətindir.
Bəs antik atletlər bunu necə edirdilər? Aydın olub ki, onlar diski və ovuclarını zeytun yağı ilə yağlayır və əldən sürüşüb çıxmaması üçün üstünə qum səpirdilər. Atlet daş pilləkənlə balaca, kvadrat meydançaya çıxaraq, sağ ayağını irəli qoyurdu. Sanki, əlindəki disklə öz müvazinətini tarazlaşdırır, onu o əlindən bu əlinə ötürürdü. Sonrakı hərəkətlərsə bir anda baş verirdi: o, irəli əyilir, sağa dönür, bu zaman çiyin arxaya əyilir və əl ağır ovalı uzağa tullayırdı.
Klassik disktullamanın texnikası bunlardan ibarət idi. Əslində, 30 yüzillik ərzində bu idman növündə elə bir ciddi dəyişikliklər baş verməyib.
Faktlar antik dövrdə Fail adlı birisinin diski 28,31 metr məsafəyə tulladığını təsdiq edir. Amma Olimpiya 47 və hətta 50 metr məsafəyə də disk uçuşlarının şahidi olub.
Qeyd edək ki, hazırda müasir Olimpiya oyunlarının proqramında 28 idman və 300 proqram növü nümayiş etdirilir.