Vətənə məhəbbət hissləri təhsil müəssisələrində geniş təbliğ olunur

Vətənə məhəbbət hissləri təhsil müəssisələrində geniş təbliğ olunur

Suverenliyimizin toxunulmazlığı, sərhədlərimizin etibarlı şəkildə qorunması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi, hər şeydən əvvəl, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən başlanır. Azərbaycan gəncliyinin millli mənlik şüurunun inkişafı da burada əvəzsiz rol oynayır. Milli özünüdərk amili vətənin müstəqilliyinin qorunmasına, yetişməkdə olan gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məhz milli özünüdərk gənclərin qəlbində vətən sevgisi oyadır. Özünü dərk edən, milli şüura sahib olan insanın öz vətənini sevməməsi mümkün deyil. Belə məsuliyyətli işin yüksək səviyyədə təşkilinin əsas vəzifələrindən biri orta məktəblərdə, ali təhsil müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi baxımından, onların gələcəkdə hərbi-xidmətdə, vətənin müdafiəsi işində öz borcunu ləyaqətlə yerinə yetirməsində təhsil müəssisələrinin pedoqoji kollektivlərinin üzərinə böyük iş düşür.
Ümumiyyətlə hərbi-vətənpərvərlik mövzusunda fənnin keçilməsi, mühazirələrin oxunması bu vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmin yaradır. Hərbi-vətənpərvərlik dərslərinin keçilməsinin əsas məqsədi ondan ibarətdir ki, gənclər gələcəkdə Silahlı Qüvvələrdə xidmətə, vətənin müdafiəsinə mənəvi və hərbi-texniki və fiziki cəhətdən hazır olsunlar.
Hərbi-vətənpərvərlik tərbiyəsinin əsaslarının bir neçə xüsusiyyətləri vardır ki, bunlarda təhsil müəssisəsələrində (orta və ali) şagirdlərin, tələbələrin Vətənimizin müdafiəsinə həmişə hazır olmasına köməklik göstərir. İctimai-siyasi fəaliyyətin başqa növlərində olduğu kimi, hərbi-vətənpərvərlik tərbiyəsi işində də özünəməxsus müəyyən sistem vardır. Bu sistem, məqsəd, məna, məzmun, forma, metod və təsir vasitəsi kimi müəyyən funksiyaları özündə cəmləşdirir. Vətənpərvərlik şüurunun formalaşmasında kompleks xarakteri daşıyan bu sistem təlim-tərbiyə müəssisələrinin, universitet və institutların əsas funksiyaları sayılır.
Bunadan başqa ordu ilə xalqın qırılmaz birliyinə əsaslanan bu sistem bütövdür.
Hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məqsədi insanlarda müstəqillik, birlik, demokratiya uğrunda mübarizliyi inkişaf etdirir. Bundan başqa, bu tərbiyə onları təcavüzkarlığa qarşı amansız olmaq, Silahlı Qüvvələrə məhəbbət ruhunda tərbiyələndirir, əldə silah bacarıq və cəsarətlə vətənin müdafiəsinə hazırlayır. Hərbi-vətənpərvərlik tərbiyəsinin vəzifələri gənclərdə hərb işinə maraq oyatmaq, onların hərbi ixtisaslara yiyələnmək, Silahlı Qüvvələr sırasında xidmətə hazırlanmasına şərait yaratmaqdan ibarətdir. Gənclərdə vətənin müdafəçisi kimi mənəvi-siyasi və psixoloji keyfiyyətlərin formalaşdırılması hərbi-vətənpərvərlik tərbiyəsinin məğzini təşkil edir. Döyüş şəraitində və arxa cəbhədə hərbi qulluğun bütün çətinliklərinə sinə gərən, xalqımızın müstəqilliyi uğrundə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn möhkəm əqidəli vətənpərvər tərbiyə etmək lazımdır. Vətənpərvərliyin ali təzahürü özünü xalq kütələlərinin cəmiyyət quruluşu işində məqsədyönlü fəaliyyətində, vətənin müdafiəsi yolunda fədakarlığında tapır. Ölkə qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi sahəsində əsas şərt xalq kütələlrinin hərbi-vətənpərvərlik tərbiyəsindən, onların Vətənin müdafiəsinə hazırlığından ibarətdir. Hərbi-vətənpəvərlik tərbiyəsi - ümumi tərbiyənin tərkib hissəsi olmaqla insanlarda yüksək mənəvi psixoloji, siyasi, fiziki vərdişlərin, həmçinin vətənin müdafiəsi üçün lazım olan keyfiyyətlərin inkişaf etdirilməsi üçün məqsədyönlü, plana uyğun fəal prosesdir.
Hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məqsədi vətənə sadiq silahlı müdafiəçilərin hazırlanmasıdır.
Hərbi-vətənpərvərlik tərbiyəsinə müxtəlif amillər təsir göstərir. Bunlar müxtəlif şəraitdən asılı olaraq irəli gəlir. İctimaiyyətin iqtisadi quruluşunda baş verən köklü dəyişiklilklər hərbi-vətənpərvərlik tərbiyəsi işinə həlledici təsir göstərir. Müasir şəraitdə hərbi-vətənpəvərlik tərbiyəsinin əsasları genişlənərək, köklü dəyişikliklərə uğramışdır. Mütəxəssislərin fikrincə, cəmiyyətin əsasını geniş xalq təbəqələrinin sıx birliyi təşkil edir. Bu birlik həm də hərbi-vətənpərvərlik tərbiyəsinin əsasları sayılır.
Cəmiyyətin müxtəlif sosial qrup və təbəqələrinin yaxınlaşması müəyyən bir prosesdir. Bu sahədə hökümətin sosial siyasəti əsas rol oynayır. Sosial bütövlüyümüzün bir cəhəti də hərbi-vətənpərvərlik tərbiyəsi işinin uğurla aparılması, ordu ilə xalqın sıx birliyinin təmin edilməsidir. Silahlı Qüvvələr xalqın ayrılmaz hissəsidir. Onların vahid məqsəd, maraq və vəzifə idealları vardır.
Cəmiyyətmizin sosial strukturunun daim təkmilləşdirilməsi hərbi-vətənpərvərlik tərbiyəsi işinin inkişafı üçün zəmin yaradır.
Hərbi-vətənpərvərlik tərbiyəsinin siyasi əssasını dövlət və ictimai quruluş təşkil edir.
Siyasi təşkilatlar cəmiyyət qarşısında duran ümdə vəzifələrin həyata keçməsini təmin etməlidirlər. Bu vəzifələrdən ən başlıçası ölkənin müdafəsi qüdrətinin artırıılmasından ibarətdir. Hərbi-vətəpərvərlik işində dövlətin hərbi siyasəti böyük əhəmiyyətə malikdir. Müstəqil Azərbaycanın hərbi sahədə apardığı siyasət isə - sülh siyasətidir.
Hərbi-vətənpərvərlik tərbiyəsi işinin ideya-nəzəri əsasları mili ideologiyamız üzərində qurulmuşdur. Bu ideologiya xalqımızda "Vətən”, "millət”, "cəmiyyət”, "vətənpərvərlik” kimi anlayışları formalaşdıraraq, şüurlu surətdə vətənin müdafiəsi sahəsində xalq kütələlərinin rolunun vacibliyinin mənimsənilməsinə kömək edir.
Hərbi-vətənpərvərlik tərbiyəsi işində əhəmiyyətli rola malik amillər çoxdur. Bu amillərə xalq kütlələlərinin müxtəlif təbəqələri, partiyalar, ayrı-ayrı şəxsiyyətlər aiddirlər. İndiki dövrdə isə cəmiyyətimizin istiqamətverici qüvvəsi olan dövlətin rolu artmaqdadır. Dövlət mili ideologiyamızın təbliğatçısı kimi hərbi-vətənpərvərlik tərbiyəsi işininin bütün sisteminə rəhbərlik edir.

Vətənin müdafiəsi dövlətin əsas vəzifələrindən biri olmaqla, ümumxalq işidir. Azərbaycan Respublikasının vətəndaşları - dövlətin maraqlarını qorumalı, onun müdafiə qabiliyyətini şan-şöhrətini artırmağa borcludurlar. Hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti, məhz buradan irəli gəlir.
Hərbi-vətənpərvərlik tərbiyəsi orta və ali təhsil müəssisələrində tədris prosesində siyasi maarifçilik,təbliğat, mətbuat, radio, televiziya, həmçinin müxtəlif formalarda keçirilən kütləvi tədbirlər vasitəsi ilə həyata keçirilir. Beləliklə, hərbi-vətənpərvərlik tərbiyəsi mürəkkəb və dinamik bir prosesdir. Bu işi müvəffəqiyyətlə yerinə yetirmək üçün Azərbaycan xalqının xüsusən, gənclərin Vətənin müdafiəsinə, hazırlığı və sistemin harmonik uzlaşması və işləməsi kompleksi kimi baxılmalıdır.

Tərbiyəvi əhəmiyyətli işlər elə qurulmalıdır ki, hər bir gənc
 döyüş ənənələrinə sadiq formalaşsın

Vətənpərvərlik tərbiyəsinin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi, onun keşiyində mətanətlə durmağı aşılayır. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, onların qəsbkarlıq hərəkətlərinə nifrət hissi ilə yanaşmaq, vətən uğrunda son damla qanına kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə edir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Bu istiqamətdə aparılan tərbiyəvi əhəmiyyətli işlər elə qurulmalıdır ki, hərbi xidmətə hazırlaşan hər bir gənc bunun üçün iftixar hissi duysun, döyüş ənənələrinə sadiq olmaq ruhunda formalaşsın. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə, dövlətimizin qüdrətini hər zaman yüksək tutmasına zəmin yaradır. Vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq hərbi bilik, bacarıq və vərdişlərə yiyələnərək iradəlik, əzmlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə nail olmaq hər bir gəncin müqəddəs vəzifəsidir. Sadəcə, bu vəzifələr gənc nəslə izah olunmalıdır. Məktəblərdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin müxtəlif fomaları mövcuddur:

* Döyüş və əmək ənənələri, müharibə və sülh, hərbi ixtisaslar haqqında mühazirələr, məruzələr, söhbətlər, nəzəri konfransların keçirilməsi
* İnqilabi, döyüş və əmək şöhrəti yerlərinə gəzintilər
* Qəhrəmanların, o cümlədən məktəbin adını daşıdığı şəxsin həyatı və qəhrəmanlığı salnaməsini örnəyindən istifadə edərək şagirdlərin tərbiyəsi
* Müharibə işitrakçıları, əmək qabaqcılları, Azərbaycan ordusunun hərbi qulluqçularıı ilə maraqlı görüşlərin keçirilməsi
* Əlillərə, müharibə veteranlarına, şəhid olmuş əsgərlərin ailələrinə şagirdlərin qayğı göstərməsi
* Hərbi-vətənpərvərlik mövzusunda ən yaxşı inşa, hekayə, rəsm fotoşəkil üçün müsabiqələr keçirmək
* "Cəsurlar”, "Şahinlər” hərbi idman oyunlarının keçirilməsi
* Hərbi işinin və hərbi texnikanın öyrənilməsi üzrə dərnəklər və klublar yaratmaq
* Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə şagirdlərin daha yaxşı hazırlaşması üçün onların hərbi-tətbiqi idman növlərinə cəlb edilməsi
* Rayon, şəhər, respublika miqyasında keçirilən hərbi-vətənpərvərlik işinin ən yaxşı təşkili üzrə baxış müsabiqələrində şagirdlərin iştirakı
* Abidələrin qorunması
* Əlamətdar tarixi günlərə həsr olunmuş bayramlarda iştirak etmək
Hərbi-vətənpərvərlik işi 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlərə, onların zehni, mənəvi-siyasi və əxlaqi inkişaf səviyyələri nəzərə alınmaqla şamil edilməlidir. Hərbi-vətənpərvərlik işinin forması, metodu və məzmunu nəzərə alınmaqla məktəblərdə şagirdlər aşağıdakı yaş qruplarına bölünürlər.

- kiçik yaşlılar - 1-4-cü sinflər
- orta yaşlılar - 5-8-ci sinflər
- yuxarı yaşlılar - 9-11-ci sinflər

Tərbiyə metodları dedikdə, şagirdlərdə vətənpərvərlik hissini və davranış tərzini formalaşdırmaq məqsədi ilə onlara təsir edəcək pedoqoji üsullar və vasitələr toplusu nəzərdə tutulur. Tərbiyənin məqsədinə və vəzifələrinə, konkret olaraq onun şərtlərinə ciddi əməl etməklə tətbiq olunan metodlar şagirdlərin fiziki və mənəvi gücünü fəallaşdırır və səfərbər edir. Mahiyyət etibarilə hərbi-vətənpərvərlik tərbiyəsinin metodları şagirdlərin Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlamaq işində məktəblərdə keçirilən fənnin, yaxud sinfdənxaric və məktəbdən kənar işlərin xüsusiyyətlərindən asılı olaraq tətbiq olunan metodun eynidir.
Məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsində, adi təlim-tərbiyə prosessindən fərqli olaraq, nümunə göstərmək, məşq etdirmək, həvəsləndirmək, vadar etmək metodlarından istifadə edilir.
Bundan başqa, oyun elementləri də geniş tətbiq olunur. Metodların tətbiq edilməsi şablon ola bilməz. Başlıcası odur ki, hər bir müəllim aktiv tərbiyə metodlarının vacibliyini dərindən başa düşsün və inansın. Təlim-tərbiyə prosesində tərbiyə metodu ilə təlim metodunun vəhdəti vacib rol oynayır. Bundan başqa, məktəbdə, xüsusən də dərsdə tətbiq olunan metodlar xaricində hərbi-vətənpərvərlik tərbiyəsi üçün lazım olan təsirli pedoqoji şərait yaratmaq mümkün deyil. Təlim metodları, həm təlimverici və inkişafetdirici, həm də tərbiyəedici funksiyasını həyata keçirir. Təlim metodlarının köməyi ilə əsas tərbiyə ideyaları həyata keçirilir, canıyananlıq, əlbir işləmə, qarşılıqlı yardım, müəyyən məsələnin fərdi həllinə məsuliyyət hissi, tədrisin nəticələrini fərdin tələbkarcasına şəxsi qiymətləndirməsi şəraiti yaradılır. Təlim metodları şagirdlərin estetik keyfiyyətlərinə də təsir edir.

Yeniyetmənin imkanlarına etibar etmək əhəmiyyətli məna kəsb edir

Orta ümumtəhsil məktəblərində şagirdlərin vətənin müdafiəsinə hazır olmasında qiraətin müsbət rolu vardır. Qiraət - hərbi-vətənpərvərlik tərbiyəsinin aktual problemlərinə dair silsilə mühaziərlərin oxunmasıdır. Məsələn, "Dövlətimizin gənclərə qağyısı”, "Vətənin düşmənlərdən xilas etmək xalqın hər bir üzvünün qeyrət, namus və şərəf işidir” və.s. Şagirdələrin hərbi-vətənpərvərlik tərbiyəsində məktəblərdə təşkil olunan tədbirlər və görüşlər də xüsusi yer tutur. Onlar tarixi günlərə, vətənimizin həyatında mühüm qəhrəmanlıq və hünərli hadisələrə həsr olunur. Tədbirlərin silsiləli keçirilməsi şagirdlərin, Vətənin müdafiəsinə mənəvi hazırlığının inkişafına müsbət təsir göstərən amildir. Həmin gecələrin keçirilməsi bir tədris ilində nəzərdə tutulur və planlaşdırılır. Hər silsilədə tədbirlərin sayı şagirdlərin hazırlıq səviyyəsi ilə müəyyənləşdirilir. Bir qayda olaraq, silsilə 5-7 gecədən ibarət olur və ayda 1-2 dəfə eyni bir auditoriyada keçirilir. Müəllim, gecələrin mövzusunu və vaxtını təyin etməklə yanaşı onun yerini də dəqiqləşdirir. Yer həm məktəbdə, həm də məktəbdən kənarda da ola bilər. Bəzən belə faktla üzləşirik ki, hərbi-vətənpərvərlik tərbiyəsi üzrə görüşlər, gecələr zəif keçir, şagirdlərdə maraq oyatmır, arzu olunan səmərə əldə olunmur. Bu səbəblərdən biri də belə tədbirlərin lazımi səviyyədə hazırlanmamasıdır. Buna görə tədbiri təşkil etməmişdən qabaq mövzuya uğyun məlumatlar toplamaq lazımdır. Çünki, aşağı sinflərdə təhsil alan şagirdlər düzgün məlumatlar əsasında tərbiyələnməlidir. Pedoqoqların fikrincə, bu yaşda olan şagirdlər ictimai həyatda olan hadisələrə öz yeni münasibətlərini bildirməyə imkan verən elmləri öyrənməyə başlayırlar. Bu yaş həddi üçün humanitar, dəqiq, bədən tərbiyəsi fənlərinin xüsusi əhəmiyyəti var. Bu dövrdə şagirdlər, "vətənin müdafiəsi”, "Azərbaycan əsgəri”, "hərbi and”, "hərbi nizamnamələr” kimi hərbi pnlayışların daha dərin mənasını dərk edirlər. Vətənin və onun Silahlı Qüvvələrinin müdafiə qüdrətinin əsasını iqtisadiyatımızın güclü olmasının təşkil etdiyini başa düşməyə başlayırlar.
Mütəxəssislərin fikrincə, 5-8-ci sinf şagirdləri daha fəal olurlar. Onlar müharibə və əmək veteranları ilə görüşlərdə, Silahlı Qüvvələrin əsgərləri ilə dostluq münasibətləri yaratmaqda fəallıqla iştirak edir, qoşun növlərinin tarixi və geyim formaları, fərqləndirmə nişanları, hərbi texnika ilə maraqlanır, hərbi idman oyunlarında, müxtəlif yarışlarda iştirak edirlər. Yer üzündə sülh, ədalətlilik, və hüquq bərabərliyi problemləri onları düşündürür. Yaxşı olar ki, şagirdlərin bu istəkləri, canfəşanlıqları həm müəllimlər, həm də valideynlər tərəfindən stimullaşdırılsın, inkişaf etdirilsin, dərinləşdirilsin ki, daha təsirli xarakter alsın. Bu baxımdan, yeniyetmənin imkanlarına etibar etmək əhəmiyyətli məna kəsb edir. Vacib odur ki, müəllim şagirdin fəallığını, səyini vaxtında görsün və qiymətləndirsin. 5-8-ci sinif şagirdləri artıq proseslərin, hadisələrin inkişafı və qarşılıqlı əlaqəsi haqda düşünürlər. Bu vətənin müdafiəsinə hazırlaşdırmanın məzmununu mürəkkəbləşdirməyə imkan verir. Bu yaşda artıq uşaqlar Azərbaycan Silahlı Qüvvələrinin strukturu və təyinatı haqqında məlumatları dərk edə, dünyada baş verən hadisələri, hərbi-siyasi xarakterli məsələləri qiymətləndirə bilirlər. Bu dövrdə şagirdlərin, böyüklərin köməyinə, onlar tərəfindən nəzarətə xüsusilə böyük ehtiyacları vardır. Yeniyetmənin cəhdini müdafiə etmək, müvəffəqiyyətini qeyd etmək lazımdır. Hərbi-vətənpərvərlik şüuru təkcə dərsdə və ictimai tapşırığı yerinə yetirən zaman formalaşmır, ona həm də real ictimai həqiqətin təsir olur. Bu proses yeniyetmənin məktəbdən kənar yaşıdları olan kollektivlə təmas, onların əyləncə saatlarının düzgün qurulması da təsir göstərir.
Yuxarı 9-11-ci sinflərdə isə şagirdlərin düşüncə tərzi daha da formalaşır. Bu dövr insanın elmi dünyagörüşünün, zehninin və fiziki cəhətdən inkişafı, gələcək həyat yolunu müəyyən etmək dövrüdür. Bu yaşda gənclərin düşüncələri daha yetkin olur, sistemlik, müntəzəmlik əldə edir. İlk gənclik dövründə dünyagörüşü axtarışı güclənir, o, dünyanı öz gördüyü kimi dərk etməyə çalışır. Gənc oğlanlar və qızlar təkcə öz kollektivlərinin həyatında deyil, bütövlükdə cəmiyyətmizin həyat fəaliyyətində iştirak etmək azsusunda olurlar.
Qeyd edək ki, məktəblilərin, xüsusilə yuxarı sinif şagirdlərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan milli və hərbi idman oyunlarının da rolu böyükdür. Mütəxəssislərin fikrincə, şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, milli mənlik şüurunun formalaşmasını milli və hərbi idman oyunları vasitəsilə də həyata keçirmək olar. Milli və hərbi idman oyunları gənc nəslə öz doğma vətəninə hədsiz sədaqət göstərmək, vətəni şüurlu və fəal tərzdə sevmək, bütün qüvvə və qabiliyyətini onun çiçəklənməsi üçün sərf etmək imkanı bəxş edir. Tədqiqatçılar hesab edirlər ki, milli idman oyunlarımızda hərb sənətinə yararlı cəhətlər çoxluq təşkil edir. Bunların şagirdlərə çatdırılması isə, şübhəsiz ki, müəllimin bacarığından asılıdır. Bunun üçün müəllim pedoqoji və metodiki hazırlığa malik olmaqla yanaşı, həm də hərbiyə məxsus mühüm keyfiyyətlərdən məlumatlı olmalıdır. Milli və hərbi idman oyunları məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi ilə yanaşı, onların dünyagörüşünə, əqidəsinə də təsir göstərir.
Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
 Fondunun maliyyə dəstəyi ilə çap edilir.