Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin və cəmiyyətin rolu böyükdür

Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin və cəmiyyətin rolu böyükdür

Bir xalqın mövcudluğu üçün sağlam gəncliyin olması ən vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
Bu gün gənc nəslin düzgün istiqamətdə təlim-tərbiyə alması ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gənclərinə bütün sahələrdə etimad göstərilir.


"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdırlar”

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər respublika gənclərinin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində əvəzsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqət ayırıb. Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlılıqdır”.

Gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür

1999-cu ildə Nazirlər Kabineti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təqdim edilmiş və aidiyyatı nazirlik, komitə və təşkilatlarla razılaşdırılmış "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı”nı təsdiq edib. Bu Proqram müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr qoyur. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər. Sevindirici haldır ki, respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda isə mərd, sadiq və vətənpərvər gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində dövlətimiz tərəfindən məqsədəuyğun və sistemli iş aparılır.
Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış "Gənclər siyasəti haqqında” qanunda deyilir: "Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə - mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Ümummilli liderin imzaladığı qanundan aydın olur ki, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmır. Milli ruhda tərbiyə geniş məzmuna malikdir. Mövzuya bu meyardan yanaşıldıqda milli vətənpərvərlik tərbiyəsinin tərkib hissələrinə, yəni əsas istiqamətləri sırasına aşağıdakı sahələri daxil etmək olar: Vətənin müdafiəsinə hazır olmaq; öz dövlətinin müstəqilliyinin daimiliyinə inam; doğma xalqının milli idealogiyasına sədaqət; milli dəyərlərə, öz ana dilinə hörmət, bu mühüm məqamların yüksək səviyyədə gələcək nəsillərə ötürülməsinə nail olmaq.
Bəzi mütəxəssislər belə hesab edirlər ki, bu gün müasir gənclərin vətənpərvər ruhda yetişməsində, ilk növbədə, orta məktəblər əsas rol oynayır. Lakin unutmaq olmaz ki, orta məktəblərin vəzifəsi yalnız orduya əsgər hazırlamaq deyil. Bu doğrudan da, belədir. Çünki orta məktəbdə təhsil almayanlar da vətənə öz borcunu verməlidirlər. Orta məktəb dövlətin bütün sahələrinə lazım olan kadrları hazırlamaq üçün bazadır. Bununla belə, bəzi mütəxəssislər hesab edirlər ki, hazırda orta məktəblərdə uşaqların vətənpərvərlik şüurunun formalaşdırılmasında mühüm rola malik bədii ədəbiyyat çox azdır. Dərsliklərdə misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız barədə geniş məlumatlara da az rast gəlinir. Araşdırmalar göstərir ki, vətənimizin torpaqları uğrunda canını fəda edənlərin keçdiyi həyat yolu barədə məlumatların geniş olması gənc nəslin bu qəhrəmanları daha yaxından tanımasına zəmin yaradır.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin rolu böyükdür. Uşaqlar bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədə, o cümlədən cəmiyyətdə alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətlər, fiziki möhkəmlik, davranış qaydaları və s. kimi keyfiyyətləri qazanırlar. Şübhəsiz ki, tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir.
İnsan fərd kimi doğulur, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsinin düzgün qurulması valideynlərin özlərinin vətəndaşlıq mövqeyinin hansı səviyyədə olmasından çox asılıdır. Vətəndaşlıq tərbiyəsi dedikdə uşaqların yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişdirilməsi nəzərdə tutulur. Yəni uşaqlar vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməli, məsuliyyətli, vicdanlı, mübariz olmalıdırlar. Uşaqların mənəvi tərbiyəsini qiymətləndirmək üçün isə onlara yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlərin aşılanması çox vacibdir. Qeyd olunanlar vətəndaşlıq tərbiyəsinin mahiyyətini əks etdirir. Azərbaycan Respublikası inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Əlbəttə, Azərbaycan xalqı müharibəni arzulamır. Xalqımız tarix boyu sülhün, əmin-amanlığın tərəfdarı olub. Tarixən baş verən hadisələrdə xalqımızın igid oğulları yalnız vətənimizin keşiyində dayanıb, onu müdafiə ediblər.
Hərbi-vətənpərvərlik ruhunda tərbiyəni, sadəcə, adi sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə müvəffəqiyyət əldə etmək üçün məktəblər də, hər şeydən əvvəl, öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Bu zaman tədbirlər arasında yaradılacaq əlaqə, onların bir-birini tamamlaması nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində ulu öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməsində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi də önəmli amildir. Gənc nəslin təhsilə yiyələnməsi, geniş dünyagörüşə malik olması, əməyi sevməsi vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə aparmaq iqtidarında olmaq vətən sevgisindən irəli gəlir.
Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Sovet İttifaqı dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklərə az yer ayrılırdı. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından, milli hisslərdən məhrum olsunlar.
Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına indi böyük ehtiyac yaranıb. Buna görə də əsl vətəndaş yetişdirmək məsələsi təhsilimizin qarşısında böyük vəzifələr qoyur. Bununla belə, dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil. Onlar bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan, təbliğatın uğurlu və təsirli olmasında kütləfi infonrmasiya vasitələrinin yeri və xidməti əvəzolunmazdır.

Vətəndaşlıq hissi -vətən sevgisinin yüksək təzahür formasıdır

İnsanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğurunda pay sahibi olmaqdır. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən olub.
Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan kiçik uşaqların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, bu məhəbbəti güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar.

Vətənpərvərliyi milli qəhrəmanlarımıza həsr olunmuş əsərlərdən də öyrənmək mümkündür

Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. O, ictimai şüurun bir hissəsi kimi çıxış edir və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Xalq şairi Bəxtiyar Vahabzadə "Vicdan, namus və ləyaqət” adlı məqaləsində yazırdı ki, milli mənlik şüuru azadlıq və demokratiya şəraitində daha yaxşı inkişaf edir və formalaşır. Hər bir xalq, hər bir millət öz milli mənlik şüurunu və vicdanını vətən üçün çətin anlarda daha dərindən duyur, hiss edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəblərdən biri də onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Onlar vətənini, xalqını sevməsə idilər, şairlərimiz ölməz əsərlər yarada bilərdilərmi? Vətənpərvərliyi, vətənə sevgini milli qəhrəmanlarımıza həsr olunmuş əsərlərdən öyrənmək, əxz etmək də mümkündür.
Göründüyü kimi, gənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər böyüməsində bir çox amilər mühüm rol oynayır. Onlardan biri də məhz yazılan qəhrəmanlıq salnamələri, dastanlar və bədii əsərlərdir. Belə əsərlər gənc nəslin milli mənlik şüurunun inkişaf etməsinə, onların vətənpərvərlik tərbiyəsinə öz töhfəsini verir.

Vətənpərvərlik milli mədəniyyətə hörmət hissinin tərbiyə edilməsini nəzərdə tutur

Vətəni sevmək ona vicdan və namusla xidmət etmək deməkdir. Bu xidmətin miqyası müxtəlif ola bilər: bəşəri inkişaf naminə öz milləti və ya dövlətinə xidmət etmək və s.
Milli vətənpərvərlik millətin hər bir fərdinin öz milli dövlətinin ərazi bütövlüyü, xalqının maddi və mənəvi mədəniyyətinin çiçəklənməsi uğrunda, vətən naminə mübarizəyə, lazım gəldikə şəhidliyə hazır olması deməkdir.
Milli vətənpərvərlik insanlarda milli qürur və nikbinlik hissi yaratmaqla yanaşı, digər sülhsevər millətlərin də dövlət müstəqilliyinə, milli mədəniyyətinə hörmət hissi tərbiyə edilməsini nəzərdə tutur. Belə olmadıqda milli vətənpərvərlik milli eqoizmə çevrilir ki, bu da bir millətin digər millətlərdən təcrid olunmasına gətirib çıxarır. Unutmaq olmaz ki, hər bir millətin öz keçmişi və müasir mədəniyyəti ilə fəxr etməyə haqqı vardır. Eləcə də xalqımız bu hüquqa malikdir.
Müstəqilliyini bərpa etmiş dövlətimizin milli ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Televiziya, ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin televiziyada bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənclər təkcə təbliğatın deyil, həmçinin yüksək istedadlı gənclərdən nümunə götürsünlər. Bu cəhət televiziya işçilərinin məsuliyyətini daha da artırır, onların qarşısında yeni vəzifələr qoyur. Ümumilikdə isə hər bir insan özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.

Milli mənlik şüurunun saflaşdırılması zamanın tələbidir

Həqiqətən də, bugünkü Azərbaycanın ictimai inkişafı elə vəziyyətdədir ki, hazırkı dünyagörüşümüzü vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi olmadan təsəvvür etmək, sadəcə, mümkün deyil. Çətinliklərlə üz-üzə qalan xalqımız siyasi həyatının dönüşlü mərhələsində milli dirçəlişə, vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin ehtiyac duyur. Belə bir sosial tələbatın bu gün ön plana çəkilməsini təsadüfi hesab etmək düzgün olmazdı. Uzun illər boyu totalitar rejim şəraitində ideoloji təbliğatın aparıcı istiqaməti SSRİ-ni bu ərazidə yaşayan bütün xalqlar və millətlər üçün yeganə vətən kimi təbliğ etmək olmuşdur. Sovet dövründə hər bir millətin özünəməxsus xüsusiyyətləri tam nəzərə alınmır, əsasən sosializm dəyərlərinə üstünlük verilirdi. Belə ağır və ziddiyyətli münasibətin mahiyyəti bunda idi ki, xalqımız əsl vətənpərvərliyin formalaşması üçün ümdə şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi yaddaşını, milli adət və ənənələrini qoruyub saxlaya bilmək naminə güclü müqaviməti dəf etməli olurdu. Lakin tarixin sonrakı axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış, inkişaf etmiş və ən dərin hiss və duyğuya çevrilmiş xalqımızın bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacardı və öz azadlığına, müstəqilliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda bütün gücünü ortaya qoydu.
Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, gənc nəslin dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq öndə olan məsələdir. Sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq da vacib milli-psixoloji problemdir.
Mütəxəssislərin fikrincə, milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır.
Rahib Səmədov

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.