Uşaqlar üçün üçxanalı izo-şana dəsti və oyunlar
Kimyanın, konkret olaraq izomerizasiya prosesinin (reaksiyasının) köməyi ilə normal (xətti) quruluşlu şanalardan (n-şana) şanələnmiş izoquruluşlu (i-şana) şanalar hazırlanması haqda söhbət açılmışdır (bax 8-14 aprel 2025, “Olimpiya dünyası”qəzeti No7(1624) “Üçxanalı izo-şana dəsti və oyunlar”). Bu işdə də izomerizasiyanın imkanlarından faydalanmaq fikrindəyik. Həmin prosesin reaksiyanın köməyilə normal quruluşlu maddələri izoquruluşlu şaxələnmiş quruluşlu maddəyə çevirmək mümkün olur. N-şananın (kimyada molekulun) ardıcıl düzülmüş 3 xanasını (atomunu) bir nöqtədə birləşdirmək mümkündür. Nəticədə izoquruluşlu molekul (şaxələnmiş şanalar) yaranar. Onlar üçguşəli, yəni xanalar şananın mərkəzində, bir nöqtədə birləşmiş halda olacaq. Beləliklə, fərqli, yəni izoquruluşlu mini şana yaradılır. 18 ədəd mini n-şanalar izoquruluşlu şanalara (mini i-şanalara) çevrilir. Xanalarda nöqtələrin, yəni işarələrin sayı azalarsa, şanalar və oyunlar sadələşər və uşaqların oynamasından ötrü münasib olar. Bundan ötrü xanalardakı xalların maksimum sayını 3 dəfə azaldaq. Bu halda 1-ci xanada xalların sayı 3:3=1, 2-ci xanada xalların sayı 6:3=2, 3-cü xanada xalların sayı 9:3=3 olacaq. Şaxələnərək yanaşı dayanmış xanalarda xalları saymaq bala-calar üçün çətinlik yarada bilər. Xanalarda nöqtələrin rəqəmlərlə əvəzlənməsi münasibdir. 1-ci xanada 1 rəqəmi, 2-ci xanada 1 və ya 2 rəqəmi, 3-cü xanada isə 1, 2 və ya 3 rəqəmi olur. Nəticədə 3 ədəd triplet mini izo-şana (i-şana), yəni xanalarında 1-dən 3-dək eyni rəqəmlər yazılmış şanalar (məs., şək.1, şanalar 1 və 2 ) yaranır. Xanalarında 1-dən 3-dək rəqəmlər müxtəlif kombinasiyalarda yazılırsa belə şanalar sadə/adi adlanır və 15 ədəd alınır (məs., şək. 1, şanalar 3 və 4 ). Eyni kimyəvi tərkibə malik , lakin müxtəlif quruluşlu maddələr, məsələn, normal və izoquruluşlu olanlar fərqli xassələrə malik olur. Mini i-şanalar üçguşəli olaraq mini n-şanalardan fərqli xassələrə malik olmalıdır. Bu baxımdan kimya yeni şana növləri yaradılmasında qarşıda perspektivlər aça bilir. Fərqli şana dəstləri isə öz növbəsində analoqu olmayan oyunların meydana gəlməsinə səbəb olar. Bu isə qarşımızdakı məqsədə çatmaqda ümidverici amildir. Biz xətti quruluşlu mini n-şanalardan şaxələnmiş min i-şanalar hazırlaya bildik. Deməli, 18 ədəd mini n-şanaları izoquruluşlu şanalara (min i-şanalara) çevirə bildik. Mini i-şanalar da üçguşəli olaraq fərqli xassələrə malik olmalıdır.
Yaranmış yeni, şaxələnmiş mini şanalar, kimyaca izoquruluşlu (qısaca i-şana) dəsti öncədən təyin olunmuş funksiyasını, idman oyunları keçirilməsində yararlığını yerinə yetirmək iqtidarında olmalıdır. İ-şanaların n-şanalardan fərqli imkanları nəticə etibarıyla fərqli oyun yaradılmasına yol açmalıdır.
Bunları praktikada, yəni oyun gedişində reallaşdırmağa çalışaq. Gediş edərkən i-şanaları n-şana dəstindəki oyunlardakı kimi yan-yana, paralel qoymaq mümkün deyil. Gedişlər fərqli ediləcəkdir. Hər növbəti i-şananın bir və ya daha çox xanası öncə oynanılmış şananın (şanaların) eyni rəqəmli xanasına (xanalarına) oynanılır. Bu halda şanaların oynanılmamış xanaları növbəti gediş üçün azad (aktiv) qalır. Kimyada 6 karbon atomunun birləşməsindən altıbucaqlı benzol halqası yaranır. Mini i-şana dəsti ilə oyunda da 6 i-şananın iştirakı, yəni bir-birinə birləşməsi ilə altıbucaqlı fiqur yaratmaq mümkün olmalıdır. Bu durum isə oyun baxımından maraq doğurur. 6 ədəd mini i-şananın iştirakı ilə altıbucaqlı fiqur yaratmağa çalışaq. Bu mümkün olarsa, fiqurun yaradılmasına görə oyunda uduş balı qazanılacaqdır. Rəqibindən çox bal toplamağı bacararan isə qalib sayılacaqdır.
2-ci şəkildə göstərilən gedişlərə diqqət yetirək.
Gediş 1. Oyunçu A ilk gedişdə 1-1-1 triplet şananı oyun masasına qoyur ( şəkil 2, şana 1). Bununla da gediş edilmiş sayılır. Şanadakı 3 xananın hər biri növbəti gediş üçün azaddır (aktivdir). Növbəti gedişdə oynanılacaq şananı azad xanalardan biri ilə baş-başa qoymaq olar. Bu halda həmin xanalardakı rəqəmlər eyni olmalıdır. Baş-başa qoyularkən şanalar toxunmalıdır.
Gediş 2. Bu gedişi oyunçu B 1-1-2 şanası ilə edir və həmin şanaların 1 rəqəmli xanaları toxunmaqla baş-başa qoyulur (şəkil 2, şanalar 1 və 2). Bir-biri ilə oynanılmış xanalar aktivliyini itirir. Hər 2 şanadakı digər xanalar isə növbəti gediş üçün azad qalır. Oyun bu qayda ilə davam edir.
Gediş 3. 3-cü gedişi A xanalarında 1-2-3 rəqəmləri olan şana ilə etmək istəyir. Bu halda iki cür gediş etmək mümkündür. Bu şananın 1 rəqəmli xanası ilə 1-ci şananın 1 rəqəmli azad xanasına, yaxud 2-ci şananın azad 1 və ya 2 rəqəmli xanalarından birinə oynamaq olar. Oyunçu 1-1-1 triplet şanasına oynamağı üstün bilir. Bu halda həmin şanaların 1 rəqəmli xanaları baş-başa qoyularkən şanalar toxunmalıdır (şəkil 2, şanalar 1 və 3). Nəticədə ilk şananın 1 rəqəmli, 2 şananın 1 və 2 rəqəmli, 3-cü şananın isə 2 və 3 rəqəmli xanaları növbəti gedişləri etmək üçün azad qalır.
Oyun bu qayda ilə davam edir. 2-ci şəkildən göründüyü kimi cəmi 6 gedişin, yəni 1, 2, 3, 4, 5 və 6 -cı gedişlərin edilməsi ilə altıbucaqlı fiqur yaranır. Başqa sözlə, 6 ədəd i-şananın köməyi ilə kimyəvi maddə olan benzolun altibucaqlı formuluna oxşar fiqur alınır. Benzol molekulundakı bir-biri ilə birləşərək tsikl əmələ gətirmiş 6 ədəd karbona digər atom və molekulların da birləşməsi mümkündür. Eyniylə mini i-şanalar ilə oyunda yaradılmış altıbucaqlı tsiklik formulda da şanaların azad xanalarına birləşməsi mümkündür. Növbəti gedişlər hesabına oyunu davam etdirmək olar. Tsiklin əmələ gəlməsində sonuncu, yəni 6-cı gedişi etməklə (şək. 2, şana 6) onun qapanmasını başa çatdıran oyunçu uduş balı və üstəlik də növbəti gedişi etmək hüququ qazanır. Sonra isə 7-ci gedişlə oyun davam edir.
2 oyunçu arasında keçirilən “9 mini i-şana” oyununun 18 gedişinin hər biri 3-cü şəkildə verilir. Şəkildən göründüyü kimi oyun başa çatdıqda oyunçular tərəfindən cəmi 4 fiqur yaradılmışdır. Çox fiqur yaratmağı bacarmış oyunçu oyunun qalibi sayılır.
Mini i-şana dəsti və onunla oyun qaydaları bir sıra xüsusiyyətlərə malikdir:
1) şanaların sayı 18 ədəddir,
2) şanaların üz tərəfində beşbucaqlı olan 3 xana var və onlar bir nöqtədə şaxələnmiş halda birləşmişdir,
3) şanalarda ağ, yəni sıfır xanası yoxdur,
4) şanaların hər birində 1-dən 3-dək rəqəm vardır,
5) dəstin bütün şanalarındakı 1-dən 3-dək rəqəmlərin cəmi 108-dir,
6) 2-ci gedişdən başlayaraq i-şanalar özündən öncə oynanılmış şanalardakı eyni rəqəmli azad, yəni aktiv xanalara oynanılır və bir-birinə toxunur,
7) oynanılmış şanalarda oyunu davam etdirmək üçün 1 və ya 2 azad xana qala bilər,
8) oyunçu gediş edərkən oynanılmış şanaların 1, 2 və ya 3 xananı tuta bilər,
9) bu qəbildən olan oyunlarda 2 oyunçu iştirak edir,
10) qalib gəlməkdən ötrü oyunda rəqibindən çox sayda altıbucaqlı fiqur yaratmaq vacibdir.
Uşaqlar üçün idman intellektual masaüstü oyunların sayının azlığını nəzərə alaraq digər mini i-şana dəstləri də hazırlanmışdır. Onlar şanaların sayı və xanalardakı rəqəmlərlə fərqlənir. Həmin dəstlərlə oynamağa oyunlar hazırlanmışdır və onlar da eyni qaydalarla oynanılır. Bu və bu seriyadan olub mini i-şana dəsti ilə oynanılan bütün oyunların mahiyyəti oyun prosesində şanaları baş-başa elə düzməkdən ibarətdir ki, eyni xallı xanalar toxunsun və altıbucaqlı fiqur yaradılsın.
Azərbaycanda idman elminə və oyunlar yaradılması sahəsində daha bir ilkə imza atmışdır. İdman tarixində ilk dəfə olaraq balacalar üçün məhz belə oyun daşı dəstləri və oyunların bir neçəsi hazırlanmışdır. Pedaqoq və psixoloqların yekdil fikrinə görə bu cür oyunlar balacalarda intellektin, düşüncənin, yaddaşın, diqqəti cəmləməyin güsləndirilməsinə kömək edir, onların məktəbə hazırlığında əhəmiyyətlidir. Oyunların məktəbəqədər müəssisələrdə, hazırlıq kurslarında, ibtidai siniflərdə, eləcə də evlərdə öyrədilməsi və oynanılması faydalı olardı.
Beləliklə, ilk dəfə olaraq Azərbaycanda azyaşlı uşaqlar üçün idman intellektual masaüstü oyunlar yaradılmışdır. Bu oyunlar üzrə balacalar arasında ölkə, qitə, dünya çempionatları, eləcə də yerli, regional və beynəlxalq miqyaslı turnirlər keçirilməsi mümkündür. Belə yarışların ilk vətənin Azərbaycan olması gözəl olardı. Yəqin ki, idman tarixi ilə məşğul olan mütəxəssislərimiz araşdırmalar aparacaqlar. Oyunlara görə respublikamız Ginnesin Rekordlar Kitabına düşə bilər. Respublika Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki təşəbbüsü münasib olardı.
Səmimiyyətlə etiraf edək ki, qarşıya qoyulmuş məsələlərin həlli yollarındakı çətinliklərin başlıcası nərd və domino dəstləri və oyunlarının yaradılması üsullarının zəmanəmizədək gəlib çatmaması idi. Nə xoş ki, müasir elmi uğurlardan və təxəyyüldən faydalanmaqla oyun dəstləri və oyunların yaradılması üsullarını işləyib hazırlamaq mümkün oldu. Həmin üsulların bu qəbildən olan yeniliklərlə məşğul olmaq istəyinə düşəcək indiki və gələcək nəsillərə ötürülməsi yerinə düşərdi.
Çoxsaylı oxucusu olan “Olimpiya dünyası” qəzetinin öz səhifələrində bu oyunlarla bağlı məlumatlara yer ayırması da diqqətə layiqdir.
Rəsul Rəxşanlı,
kimya üzrə fəlsəfə doktoru,
Elm nominasiyası üzrə iki dəfə
“Humay” milli mükafatı laureatı
Yeni idman intellektual masaüstü oyunları

